"ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı vaxtında açıqlanmalıdır"
"Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq aparmış ATƏT-in faktaraşdırıcı missiyası işini çoxdan yekunlaşdırıb. Missiya monitorinqin nəticələri ilə bağlı hesabatını hələ ötən il açıqlamalı idi. Təəssüf ki, hesabat hələ də açıqlanmayıb və bunun səbəbi haqqında da heç bir məlumat verilmir". SİA-nın xəbərinə görə, bunu YAP-ın saytına açıqlamasında Azərbaycan Milli Məclisinin Sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. B. Muradova bildirib ki, bu məsələ ATƏT Parlament Assambleyasının qış sessiyası zamanı qaldırılıb.
Onun sözlərinə görə, işğal olunmuş ərazilərdəki vəziyyət ölkəmizin ictimaiyyətinə məlumdur: "Amma missiyanın hesabatı Azərbaycan üçün ona görə əhəmiyyətlidir ki, həmin hesabatdakı faktlar Ermənistanın işğalçılıq mahiyyətini və işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquqa zidd addımların atılmasını bir daha dünya ictimaiyyətinə çatdıracaq. Biz tələb edirik ki, ATƏT və onun strukturları öz öhdəliklərinə əməl etsin. Onların öhdəliyindən biri də bu hesabatı vaxtında açıqlamaqdır. Məlum olduğu kimi, faktaraşdırıcı missiyanın bölgəyə səfəri məsələsi BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı sənədin müzakirəsi ərəfəsində ortaya çıxmışdı. Bu missiya ilə bağlı təklif veriləndən sonra Azərbaycan tərəfi həmin sənədin BMT-də müzakirəsini təxirə saldı. Hesab edirəm ki, hesabatın açıqlanmaması BMT-nin də bu yöndəki işinə mane olur. Hesabat açıqlanarsa, işğal olunmuş ərazilərə dair məlumatlar daha dolğun olar. Bu, eləcə də, istər danışıqlar, istərsə də beynəlxalq təşkilatlarda müzakirələr zamanı istinad üçün mühüm bir sənədə çevrilə bilər".
ATƏT PA-nın bu sessiyasında da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ gündəliyə daxil edilmədi. Azərbaycan nümayəndə heyəti bu məsələni sessiya zamanı qaldırdımı? sualına cavabında isə B. Muradova: "Sessiya zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müzakirə olmadı. Ən azı o səbəbdən ki, Dağlıq Qarabağla bağlı xüsusi məruzəçi Qoran Lenmarkerin artıq səlahiyyət müddəti başa çatıb və o iclasda iştirak etmirdi. Onu əvəz edəcək yeni məruzəçi də təyin olunmayıb. Amma deyim ki, ATƏT rəsmiləri plenar sessiyalarda məruzələrlə çıxış etdilər. ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri öz çıxışında konfliktlər məsələsinə geniş yer ayırdı və Dağlıq Qarabağ məsələsinin üzərində daha geniş dayandı. O, Qarabağla bağlı ciddi narahatlığını ifadə etdi və ərazidə gərginləşmənin hiss olunduğunu bildirdi. O dedi ki, səylər konkret əmələ çevrilməlidir. Bunun üçün də ATƏT ciddi şəkildə işləməlidir. Digər məruzəçilər də, çıxışlarında bu məsələyə toxundu. Azərbaycan nümayəndələrinin çıxışlarında isə bu məsələ qırmızı bir xətlə keçirdi. Biz bütün çıxışlarmızda mütləq bu problemə toxunurduq. Ayrıca olaraq məruzələr ətrafında müzakirələr aparılarkən, xüsusilə miqrasiyalarla bağlı məsələ müzakirə olunarkən həm Rəbiyyət Aslanova, həm də Azay Quliyev çıxışlar etdilər. Onlar miqrasiya məsələlərini Dağlıq Qarabağla əlaqələndirərək bugünki dünyada insanların nəinki öz ölkəsində, hətta bütün dünyada sərbəst miqrasiya etdiklərini nəzərə çatdıraraq bunun müqabilində Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz yurdlarında yaşamaq hüququndan məhrum olduqlarını vurğuladılar. Qeyd olundu ki, Ermənistan bu gün monoetnik bir dövlətdir. Monoetnikliyin özü isə Avropa məkanı üçün həddindən artıq böyük bir təhlükədir. Eləcə də, insan alverinə qarşı mübarizə ilə bağlı İqtisadi Komitədə müzakirə gedərkən millət vəkili Eldar İbrahimov bu məsələyə öz çıxışında xüsusi yer ayırdı. Yəni, elə bir məsələ olmadı ki, biz orada Dağlıq Qarabağ məsələsini gündəmə gətirməyək. Onu da bildirim ki, Daimi Komitənin iclasında Azərbaycandakı parlament seçkiləri müzakirə olunarkən ATƏT PA-nın vitse-prezidenti cənab Qrossruk çıxışında Azərbaycanın öz demokratik dövlətini, demokratik cəmiyyətini çox çətin bir şəraitdə qurduğunu unutmamağı tövsiyə etdi. Eyni zamanda o, vurğuladı ki, bu məsələdə qaçqın və köçkünlərin öz yurdlarına qayıtması və humanitar problemlərin həlli prioritet olmalıdır"-deyə, cavablandırıb.