PDF Oxu

Əsas

  • 15

Prezidentlərin Soçi görüşü münaqişənin həllinə müsbət təsir göstərə bilər

Prezidentlərin Soçi görüşü münaqişənin həllinə müsbət təsir göstərə bilər

Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından düyünə düşən Dağlıq Qarabağ üzrə danışıqlar prosesi martın 5-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü ilə yenidən gündəmi zəbt edəcək. Siyasi analitiklər tərəfindən martın 5-də Rusiyanın Soçi şəhərində baş tutacaq növbəti danışıqlar üçün çox ziddiyyətli fikirlər səslənir və bunu onunla əlaqələndiririlər ki, bu vaxta qədər rəsmi Moskvanın təşəbbüsü ilə baş tutan danışıqlar masasında heç bir real irəliləyiş əldə olunmayıb.
Onlar bunu Rusiyanın regiondakı strateji maraqları ilə əsaslandırır və əlavə edirlər ki, Kreml Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları öz nəzarətində saxlamağa çalışır. Bəs Azərbaycan analitikləri martın 5-də keçiriləcək danışıqlar barədə nə düşünürlər? Bununla bağlı millət vəkili Sahib Alıyev qəzetimizə açıqlama verdi.
- Neçə illərdir ki, danışıqlar prosesini uzatmağa çalışan Ermənistan bununla Kremlin vassal asılılığında olduğunu nümayiş etdirib. Elə məhz buna görə də, Rusiya istəsə, Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli irəliləyişlərə nail olmaq mümkündür. Rusiya bunu istəyirmi? Proses yerində durursa, onda belə bir nəticə çıxır ki, istəmir. Hər halda, münaqişənin həllində hansısa bir irəliləyişin olması üçün Moskvanın Ermənistana təzyiq göstərməsi vacibdir. Amma Moskva bunu etmir və Rusiya rəhbərliyi özü də bunu etiraf edir. Etiraf edir ki, bəli, biz tərəflərdən heç birinə təzyiq göstərə bilmərik. Amma məsələ burasındadır ki, bu tərəf adlandırılanlardan biri torpaqları zəbt edilən, digəri isə zəbt edəndir. Və ikincinin kimin köməyi ilə bu zəbti gerçəkləşdirdiyi də aydındır. Belə olan halda, torpağı tutulanla tutan eyni gözdə görülərək, "tərəf" adlandırılır. Guya neytrallığı qorumaq məqsədi ilə onlardan heç birinə təzyiq edilmədiyi vurğulanırsa, burada oyun oynanıldığı aydındır. Bu oyun vasitəçi neytrallığı pərdəsi altında oynanılır. Qarşıda keçirilməsi planlaşdırılan Soçi görüşünün önəmi ilk növbədə ondadır ki, vasitəçi neytrallığı pərdəsi altında oynamaq daha mümkün deyil. Çünki vasitəçi dövlətin başçısı ilə təcavüzkar, eyni zamanda da, vassal Ermənistanın (bu respublikaya dövlət deməyə adamın dili də gəlmir) prezidenti arasında Soçi danışıqlarına cəmi bir neçə gün qalmış təkbətək görüş oldu və bu görüşdən sonra Serj Sarkisyan bildirdi ki, Rusiya onun ölkəsinə satacağı qazın qiymətini qaldırmayacaq. Xatırladım ki, Rusiya birgə dövlət yaratdığı slavyan ölkəsi Belarusa belə qazı Ermənistana satdığından xeyli baha satır. Dünyada yanacağın qiymətində artım olduğu bir dönəmdə Rusiya Ermənistana satdığı qazın qiymətini bu ildə qaldırmayacağını bildirir və özü də bunun Soçi görüşü qabağı edirsə, sual yaranır: nəyin qarşılığında. Əgər bu jestdən sonra Ermənistan prezidenti Soçi danışıqlarında yenidən ipə-sapa yatmasa, onun bunu məhz Rusiyanın diqtəsi ilə etdiyi tam çılpaqlığı ilə üzə çıxacaq. Yəni aydın olacaq ki, Rusiya dediyinin əksinə olaraq, Ermənistana təzyiq edir və bu təzyiq ermənilərə ona görə edilir ki, onlar danışıqlarda indiyədək necə davranıblarsa, indən sonra da o cür davransınlar. Yəni münaqişənin həllində heç bir irəliləyiş olmasın.

- Sizcə, Ermənistan rəhbərliyi Soçidə də ondan öncəki danışıqlarda davrandığı kimi davranacaq, yoxsa Rusiya ermənilərə satılan qazın qiymətini qaldırmamaqla onları danışıqlarda müəyyən güzəştlərə sövq edəcəkmi?

- Son zamanlar geosiyasi proseslərin yenidən tektonik fəallıq zolağına qədəm qoyduğu, yeni bir bifurkasiya nöqtəsinə gəlinib çatdığı hiss olunur. Ona görə də Rusiya Güney Qafqazdakı reallığı daha dəqiq qiymətləndirməli, bölgənin aparıcı dövləti olan Azərbaycanla səmimi və sıx əməkdaşlıq qurmalıdır. Əgər bu əmədaşlığın birinci hissəsi olmayacaqsa, ikinci hissəsi də mümkünsüzdür. Bu yoxdursa, onda Rusiyanın bizim regionda dayanıqlı və möhkəm təsirindən bunu ancaq çox arzulayanlar, bir də Qafqazın hər iki tayında nələrin baş verdiyindən və niyə baş verdiyindən xəbərsizlər danışa bilərlər. Rusiyaya Azərbaycan xalqının və onun lideri Prezident İlham Əliyevin nə istədiyi aydındır. O da aydındır ki, biz nə yolla olursa-olsun, torpaqlarımızı geri qaytracağıq. Bunu dövlətimizin başçısı heç bir beynəlxalq konyukturaya məhəl qoymadan, çəkinmədən açıq şəkildə bildirir. Və onu da bildirir ki, buna artıq Azərbaycanın gücü də var. Belə bir gücümüzün olduğu Minsk Qrupuna həmsədrlik edən bütün ölkələrə, o sıradan da Rusiyaya bəllidir. Azərbaycan orduya niyə bu qədər xərc ayırır? Bəyəm, bu sirdirmi? Yox sirr deyil. Ordunun gücləndirilməsində məqsəd, ilk nöbədə, savaş yolu ilə də olsa torpaqlarımızın qaytarılmasıdır. Bizim savaş yolu ilə torpaqlarımızı geri qaytarmağımızı istəməyən güclər ordumuzun bu səviyyəyə gəlib çatmasına mane ola bilməyiblərsə, onda bu ordunun savaşa atılmasının qarşısını da ala bilməyəcəklər. Bu, birmənalıdır. Bu savaşın Ermənistanla yanaşı, Rusiyaya da yaxşı heç nə vəd etmədiyi də birmənalıdır. Çünki əgər Ermənistanla Azərbaycan arasında olan birinci savaş Moskvanın Qafqaz üzərində təsirinin xeyli zəifləməsi ilə nəticələndisə, ikinci savaş tam itirilməsinə aparıb çıxara bilər. Bu, Rusiyaya lazım olmadığıından, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinini tam həlli də sözü gedən ölkənin maraqlarına cavab vermədiyindən, Moskva problemin çözülməsində müəyyən bir irəlıləyiş şərait yarada bilər. Məsələn, bir neçə rayonun boşaldilması mümkündür. Ola da bilsin ki, həmin prosesə start Soçidə verilsin.

Digər xəbərlər