PDF Oxu

Əsas

  • 19

Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq...

Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq...
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda iki günlük beynəlxalq konfrans öz işinə başlayıb.
Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırdıqları "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsi çərçivəsində keçirilən konfransda xarici və yerli ekspertlər, kütləvi informasiya vasitələri rəhbərləri, müxtəlif jurnalist təşkilatları nümayəndələri, rəsmi dövlət adamları və ictimai-siyasi xadimlər iştirak edib.
Konfransı giriş nitqi ilə açan Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri, "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsinin koordinatoru Müşfiq Ələsgərli qeyd etdi ki, keçirilən tədbirdə Azərbaycan mediasının mövcud durumu, şəffaflıq kontekstində hakimiyyət-media münasibətləri, redaksiya müstəqilliyi və digər məsələlərlə bağlı çıxışlar dinlənəcək, mövzular ətrafında fikir mübadilələri aparılacaq. "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsinin Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən yaradıldığını deyən JUHİ sədri daha sonra deyib ki, həyata keçirilən layihəni Avropa Birliyi maliyyələşdirməkdədir. O, bu layihənin 5 istiqamət üzrə həyata keçirildiyini xatırladıb.
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov çıxış edərkən ilk olaraq, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən jurnalistlərin xatirələrini yad etmək təklifini irəli sürdü. Jurnalistlərin xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra jurnalistika peşəsində etik normalara əməl olunması, şəffaflığın təmini və bu kimi digər məsələlərin ilk dəfə beynəlxalq konfrans çərçivəsində müzakirə olunduğunu deyən Ə.Amaşov vurğuladı ki, beynəlxalq konfrans keçirməklə Azərbaycanda jurnalist təşkilatları və jurnalistlər arasında əməkdaşlığı genişləndirmək üçün əlverişli imkan yaranıb. Ə.Amaşov çıxışının sonunda qarşıya çıxan problemlərin birlikdə, müştərək iş birliyi ilə aradan qaldırılmasının mümkün olduğunu deyib.
Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini, tanınmış jurnalist Oliver Money Kyrie layihə çərçivəsində iddialı bir proqramın həyata keçirildiyini və Azərbaycandakı tərəfdaşlar ilə sıx dialoq qurmaq arzusunda olduqlarını bildirib. O.M.Kyrie hazırkı fəaliyyətində region mətbuatı üzrə ekspert olmadığını desə də, Azərbaycan mətbuatını iki istiqamətdə- yəni hökumət və müxalifət mətbuatı kimi dəyərləndirib. Proqramın çətin sınaq olduğunu deyən Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini də həmkarlarının fikri ilə bölüşdüyünü bildirib və deyib ki, müstəqil peşəkar media ictimaiyyətinin formalaşması istiqamətində birgə işləmək, yeniliklərə, müasirliyə imza atmaq vacib amillərdəndir. O, eyni zamanda, korrupsiya, yoxsulluq, ayrı-seçkilik barəsində danışa bilən jurnalistikanın yaradılması üçün də layihələr üzərində çalışdıqlarını qeyd edib. O. M. Kyrie son olaraq bildirib ki, bu, ortaq işbirliyi və bir maraq məsələsidir.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında kütləvi-informasiya vasitələrinin azad və sərbəst fəaliyyəti üçün atılan addımların heç də hamı tərəfindən müsbət qarşılanmadığını deyən Ə.Mehdiyev vurğulayıb ki, Azərbaycanda plüralist medianın formalaşmasının hökumət tərəfindən dəstəkləndiyini birmənalı şəkildə qeyd etmək olar: "Media ilə dövlət orqanları arasında əlaqələr qurulur və genişləndirilir. Bu əlaqələrin təkmilləşməsi üçün tədbirlər həyata keçirilir. Bütün bu tədbirlər isə cəmiyyətin mənafeyinə xidmət edir. Azərbaycan müstəqillik illərində çətin bir yol keçib, qarşıya müxtəlif problemlər çıxıb. Bu problemlərin aradan qaldırılmasında medianın üzərinə böyük iş düşüb və yenə də bu işlə məşğuldur. Azərbaycan hökuməti medianın inkişafına hərtərəfli dəstək verir. 1998-ci ildə senzuranın, daha sonra Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması da dövlətin medianın işinə müdaxiləsinin qarşısını alıb".
Bu gün Azərbaycanda 4300-dən çox KİV və 50-dən artıq informasiya agentliyi müvafiq qurumlarda qeydiyyatdan keçdiyini deyən Ə.Mehdiyev kəmiyyət artımının heç də keyfiyyət artımını əks etdirmədiyini bildirib. Qeydiyyatdan keçən mətbu orqanların çox hissəsinin fəaliyyət göstərmədiyini deyən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini bunu KİV-in maddi-texniki bazasının zəifliyi və peşəkar kadrların çatışmazlığı ilə əlaqələndirib: "Bu istiqamətdə dövlət orqanları öz üzərinə düşən işləri görür. Lakin hələ görüləsi işlər çoxdur. Buna görə də müxtəlif tədbirlər həyata keçirərək, problemləri aradan qaldırmağa çalışırıq. Mətbuatın işinin yaxşılaşdırılması, cəmiyyətin mənafeyinə uyğun şəkildə tənzimlənməsi üçün dövlət üzərinə düşən vəzifələri yerinə yetirəcək".
Sonra Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli tədbirin əhəmiyyətini vurğuladı, iştirakçılara uğurlar arzuladı. ATƏT-in Bakı Ofisinin təmsilçisi Jacqueline Carpenter isə tədbirin mövzusunun aktual olduğunu deyib və deyib ki, müzakirə olunacaq məsələlər ifadə azadlığı və ATƏT-in öhdəlikləri baxımından da önəmlidir. O, Moskva və Kopenhagen sənədlərində də bu mövzunun yer aldığını dilə gətirib.
Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Fuad Hüseynov da tədbirin əhəmiyyətindən danışaraq, qeyd edib ki, ifadə azadlığı Avropa Birliyi üçün mühüm dəyər hesab olunur. O, vətəndaş cəmiyyəti nümayəndələrinin hökumətlə konstruktiv əməkdaşlıq etməsinin vacibliyini də qeyd edib. Daha sonra M. Ələsgərli "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsi haqqında məlumat verdi.
Çıxışlardan sonra tədbir davam etdirildi. Tədbirin davam edəcəyi iki gün ərzində "Azərbaycan mediasının mənzərəsi: mövcud vəziyyət, yeni çağırışlar", "Şəffalıq kontekstində hakimiyyət-media münasibətləri", "Media sahəsində redaksiya müstəqilliyi", "Mətbuatın özünü tənzimlənməsində Mətbuat Şurasının rolu: Azərbaycan jurnalistləri davranış qaydalarına necə əməl edirlər" mövzularında sessiyalar təşkil ediləcək. Tədbirin sonunda Azərbaycan media etikası, şəffaflıq və redaksiya müstəqilliyi bəyannaməsinin müzakirəsi və imzalanması nəzərdə tutulub.

Digər xəbərlər