Azərbaycanda ictimai-siyasi durum sabitdir
Məlum olduğu kimi, bəzi ölkələr Azərbaycandakı vətəndaşlarını yenidən terror təhlükəsi ehtimalı ilə bağlı xəbərdar edib. Bu xəbərdarlığın arxasında nə dayandığı məlum deyil. Axı Azərbaycanda belə təhlükə yoxdur və ölkəmiz dünyanın ən sabit ölkələrindən biri sayılır. Buna dövlət ən yüksək səviyyədə təminat verir. Həm də Azərbaycanda ictimai-siyasi vəziyyət və kriminogen durum sabitdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir neçə gün öncə jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, hər bir ölkənin terrorla mübarizə, təhlükəsizlik və vətəndaşlarının həyatı ilə bağlı öz standartları vardır.
"Azərbaycan öz vətəndaşlarının, eləcə də, ölkəmizə gələn əcnəbilərin həyatının təhlükəsizliyi ilə bağlı təminat verir. Lakin sui-qəsddən, terrordan heç kim sığortalanmamışdır. Terror hər bir ölkədə- Avropada və Amerikada da törədilə bilər. Kiməsə qarşı hansısa şəkildə təhlükə də ola bilər, ancaq bütövlükdə Azərbaycan dövləti vətəndaşlarımızın, ölkəmizdə yaşayan və ya qonaq gələn əcnəbilərin təhlükəsizliyi ilə bağlı bütün tədbirləri görür. Bu tədbirlər kifayət qədər səmərəlidir. Eyni zamanda, biz kiməsə bu və ya digər təhlükə barədə öz vətəndaşlarına xəbərdarlıq etməsinə də qadağa qoya bilmərik"-deyə PA rəsmisi bildirib.
Faktdır ki, Azərbaycanın milli təhlükəsizlik orqanları, hüquq-mühafizə orqanları terrorun və ya hər hansı bir müdaxilənin qarşısını almaq üçün daima ayıqdır. Bu mənada, ölkəmizdə hansısa ciddi hadisənin baş verə biləcəyi inandırıcı deyil.
Hətta xarici kəşfiyyat orqanlarının əlində belə bir məlumat varsa, o zaman onlar rəsmi Bakını məlumatlandırmağa borcludur. Əgər belə bir məlumat yoxdursa, o zaman təhlükəli ölkələr siyahısına Azərbaycanın adının salınması anlaşılan deyil.
Bu ölkələr onu da nəzərə almalıdırlar ki, Azərbaycan özü də terrora məruz qalan bir ölkədir. 1988-ci ildən başlayaraq Ermənistan tərəfindən azərbaycanlılara qarşı terrorizm və soyqırım aktları özünü müxtəlif vaxtlarda və formalarda göstərib. Təəssüf ki, bir çox dövlətlər bütün dünyada terrora qarşı müharibə çağırışı etdiyi halda nədənsə erməni terrorunun qiymətləndirməkdə çətinlik çəkir.
Ümumiyyətlə, Azərbaycanda heç bir xarici dövlətin vətəndaşlarına təhlükə olmadığını yaxşı bilirlər. İndiyədək belə bir hal müşahidə edilməyib. Azərbaycan sabitliyin əbədi bərqərar olduğu ölkə kimi dünya məkanında öz yerini artıq tutub.