Bu gün bütün dünyanın nəzərləri martın 5-də Soçidə keçiriləcək görüşə dikilib. Keçiriləcək görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya prezidenti D.Medvedev və Ermənistan prezidenti S.Sarkisyan iştirak edəcək. Xatırladaq ki, Soçidə baş tutacaq görüş D.Medvedevin təşəbbüsü ilə keçiriləcək və ən aktual məsələ olan Dağlıq Qarabağ məsələsi müzakirə mövzusu olacaq. Nəzərə almaq lazımdır ki, bu günə qədər Azərbaycan və Ermənistan prezidentlərinin dəfələrlə görüşü keçirilib, lakin Dağlıq Qarabağ üzrə aparılan danışıqlar öz həllini tapmayıb. Soçi görüşünə isə ümidlər böyükdür. Məlum məsələdir ki, əgər Rusiya faktoru Ermənistana ciddi təsir etsə, yəqin ki, Soçi görüşü Dağlıq Qarabağ üçün uğurla nəticələnəcək və qətiyyən Astana görüşünün davamı olmayacaq. Söhbət etdiyimiz millət vəkilləri də Soci görüşünə ümidlərin çox olduğunu bildirdilər.
Millət vəkili Musa Qasımlı:
- Dağlıq Qarabağ üzrə prezidentlər səviyyəsində keçirilən bu görüşü çox müsbət qiymətləndirirəm. Rusiya prezidenti D. Medvedev Sarkisyana vəziyyətin belə davam etməsinin həm Ermənistanın, həm də Rusiyanın maraqlarına qətiyyən cavab vermədiyini izah etməlidir. Rusiya dövləti, birmənalı olaraq, təcavüzkar dövləti yola gətirməlidir. Əks təqdirdə, Ermənistanın yenə də danışıqları uzadacağı, Dağlıq Qarabağ münaqişəsinin həllindən boyun qaçıracağı şəksizdir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların artıq Ermənistanla deyil, Rusiya ilə aparılması daha əhəmiyyətlidir. Soçi görüşü ərəfəsi Moskvada D.Medvedevin S.Sarkisyanla görüşü oldu. Rusiya Ermənistana çox ciddi təsir etsə, Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə müəyyən yardımlar göstərə bilər. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Rusiyanın arzu və istəyindən asılıdır. Ermənistan, sadəcə olaraq, ortada bir fiqurdur. Azərbaycan dövlətinin bu məsələdə mövqeyi, birmənalı olaraq, konstruktivdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bu qədər uzanmasında yeganə səbəbkar məhz işğalçı dövlətdir. Hər keçirilən görüşlərdə Sarkisyan qeyri-konstruktivlik nümayiş etdirib. Bütün bunlar da, onu deməyə əsas verir ki, bu dəfə də Sarkisyan danışıqlardan yayınsın, yaxud müxtəlif bəhanələr, təkliflər irəli sürsün. Ola bilər ki, Ermənistan prezidenti hansısa müəyyən razılaşmanı qəbul etsin, amma çox güman ki, bu razılaşma torpaqlarımızı qaytarılması fonunda olmasın. Bütün bunlara baxmayaraq, yenə də Soçi görüşündəki gözləntilərimizin öz real həllini tapacağına ümid etmək lazımdır. Həm Rusiya, həm də böyük dövlətlər artıq dərk etməlidirlər ki, vəziyyət belə davam edə bilməz. Çünki vəziyyətin belə davam etməsi onların da maraqlarına ziddir. Əgər təcavüzkar dövlət öz mövqeyindən geri çəkilməsə, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə davam etdirsə, sülh ilə məsələnin həlli imkanları arxa plana keçəcək. Ötən dövr ərzində böyük dövlətlərin münaqişənin həllinə münasibətdə mövqelərini aydın şəkildə görünürdü. Soçi görüşündən gözləntilərimiz böyükdür və bu gözləntilərin də öz real həllini tapması Azərbaycan üçün çox vacibdir.
Millət vəkili Elman Məmmədov:
- Dağlıq Qarabağ üzrə aparılan danışıqlarda Azərbaycan tərəfi öz mövqeyini, birmənalı olaraq, bildirib. Yəni Dağlıq Qarabağa beynəlxalq aləmdə, dünyada mövcud olan ən yüksək muxtariyyəti verə bilərik. Məlum məsələdir ki, Dağlıq Qarabağa hansı status verilsə, bu, Azərbaycan dövlətinin tamamilə tabeliyində olacaq. Lakin təcavüzkar dövlət qətiyyən bununla razılaşmır, daha doğrusu, Ermənistanı idarə edən bir sıra məlum qüvvələr bunu qəbul etmək istəmir. Bu gün Dağlıq Qarabağ üzrə aparılan danışıqlarda Rusiya əsas faktordur. Torpaqlarımızın işğalında o dönəmki rus imperiyasının çox böyük "səy"ləri olub. Ona görə, bu gün də Ermənistan Rusiyanın bir quberniyası rolundadır. Təcavüzkar dövlət de-fakto həm siyasi, hüquqi, həm də iqtisadi cəhətdən bu gün müstəqil dövlət deyil. Rusiyanın Ermənistana çox böyük təsir və təzyiq rıçaqları mövcuddur. O səbəbdən də Rusiya tərəfi konstruktiv mövqe sərgiləsə, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş olacaq. Qısası ümid edək ki, Soçi görüşü münaqişənin həllinə müsbət töhfə verəcək.