Şeyxülislam Allahşükür Paşazadə dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət etdi
"Xocalı soyqırımını bütün dünya etiraf etməlidir". Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib. İdarənin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan müraciətdə deyilir: Milyonlarla Azərbaycan müsəlmanının iradə və hisslərini ifadə edərək, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə üz tuturam. Əminəm ki, cahanda elə bir xalq, elə bir din, elə bir sağlam düşüncəli şəxs ola bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz, qəsd kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin. Ona görə də ümid edirəm ki, mənim müraciətim insanların qəlbində ən ülvi hissləri riqqətə gətirəcək, yaşadıqları həyat üçün üzərlərinə düşən məsuliyyət hissini gücləndirəcək".
Şeyxin müraciətdə vurğulanır ki, Xocalı şəhərinin yer üzündən silinməsi, bir milyon azərbaycanlının doğma torpaqlardan sürgün edilməsi, onların varidatının talan olunması, tarixinə sahib çıxılması, qədim abidələrin dağıdılması soyqırımdır və bunu bütün dünya etiraf etməlidir.