Dünən spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bəzi məsələlərlə bağlı fikirlərini bildirdilər. Bir sıra ölkələrin öz vətəndaşlarına Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına getməmələri barədə xəbərdarlıq etmələrini ölkəmizin xarici siyasətinin uğuru kimi dəyərləndirən deputat Zahid Oruc bunun Ermənistanda ciddi narahatlıqla qarşılandığını bildirdi.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov cəbhə bölgəsində əsgərlərin ölümü ilə bağlı baş verən hadisəyə bəzi millət vəkillərinin qeyri-obyektiv fikirlərinə münasibət bildirərkən, vurğuladı ki, sözügedən məsələ hazırda müzakirə olunacaq məsələlərdən deyil. Çünki bu məsələlər müəyyən, müvafiq dövlət qurumları tərəfindən araşdırılacaq. S.Novruzov, həmçinin, Milli Məclisin iclasında səslənən abidələrlə bağlı millət vəkillərinin irəli sürdüyü təkliflərə də öz münasibətini bildirdi. Qeyd etdi ki, bu məsələyə kompleksli şəkildə yanaşmaq lazımdır.
Deputat Vahid Əhmədovun sözlərinə görə, ölkəmizdə həyata keçirilən antikorrupsiya tədbirləri öz bəhrəsini verməkdədir. O, antikorrupsiya ilə bağlı Milli Məclis tərəfindən bəzi qanunlara əlavələrin və dəyişikliklərin olunmasını təklif etdi.
Deputat Bəxtiyar Əliyev məcburi köçkünlərin məskunlaşdığı yerlərdən çıxarılması məsələsinə toxunub. Onun sözlərinə görə, son illərdə ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial rifahının və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətdi böyük işlər görülüb. Amma son vaxtlarda məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılması istiqamətində kütləvi məhkəmə proseslərinin başlandığını deyən Bəxtiyar Əliyevin fikrincə, məcburi köçkünlərlə bağlı aparılan uğurlu siyasətə kölgə salmaq istəyənlər var. Məcburi köçkünlər 18 ildir məskunlaşdıqları yerlərdən çıxarılmalıdırsa, onda onlar başqa bir yaşayış yeri ilə təmin olunmalıdırlar. Deputat bu məsələnin müvafiq dövlət təşkilatları tərəfindən araşdırılmasını vacib saydı.
Millət vəkili Bəxtiyar Əliyevin digər təklifi regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramında cəbhəyanı rayonlar üçün nəzərdə tutulan tədbirlərin tez həyata keçirilməsi ilə bağlı oldu.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və əvəzedici üzvlərinin seçilməsi haqqında məsələ müzakirəyə təqdim olundu. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, MSK-nın 18 nəfərlik tərkibi 6 nəfər MM-də çoxluqda olan partiyanın, 6 nəfər azlıqda olan partiyaların, 6 nəfər isə bitərəf deputatların nümayəndələrindən formalaşdırılmalıdır.
Aydın Mirzəzadə: "MSK-nın bu formatda formalaşdırılmasının təcrübədə özünü doğruldub"
Müzakirələr zamanı YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə MSK-nın bu formatda formalaşdırılmasının təcrübədə özünü doğrultduğunu bildirdi: "Ötən 5 ildə MSK-nın öz səlahiyyətlərinin öhdəsindən layiqincə gəlibdir. Yeni tərkibin də uğurla fəaliyyət göstərəcəyinə tam əminik".
A.Mirzəzadə Yeni Azərbaycan Partiyasının namizədliyini irəli sürdüyü şəxslərin MSK üzvü seçiləcəkləri təqdirdə layiqli şəkildə fəaliyyət göstərəcəklərini, qarşılarında duran vəzifələri uğurla yerinə yetirəcəklərini bildirdi.
Siyavuş Novruzov: "Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşması qanunvericiliyə uyğun həyata keçirilir"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov MSK-nın indiki formatda formalaşdırılmasını məqbul saydı: "Azərbaycanda Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir. Komissiyanın tərkibinin formalaşması bərabər əsaslarla həyata keçirilir".
Millət vəkili S.Novruzov onu da bildirdi ki, MSK-nın tərkibi parlamentdə çoxluğu və azlığı təmsil edən siyasi partiyaların, eləcə də, bitərəflərin nümayəndələri tərəfindən paritet əsaslarla təşkil olunur. Onun sözlərinə görə, bu formata qarşı çıxan partiyaların arqumentləri ciddi deyil: "Parlamentdə heç bir siyasi partiyanın üzvü olmayan xeyli sayda deputat var. Təbii ki, MSK-ya nümayəndələr təqdim etmək də onların qanuni haqqıdır. Yəni MSK-nın formalaşmasında ən optimal variant götürülüb ki, cəmiyyət tərəfindən tam dəstəklənir".
Müzakirələrin yekununda məsələ səsverməyə çıxarıldı və yekdilliklə qəbul olundu. Beləliklə, 6 nəfər Milli Məclisdə çoxluğu təşkil edən partiyanın -Yeni Azərbaycan Partiyasının, 6 nəfər Milli Məclisdə azlıqda olan partiyaların, 6 nəfər isə bitərəf deputatların nümayəndələri kimi MSK-nın üzvü seçildilər. Yeni Azərbaycan Partiyasını təmsil edən MSK üzvləri Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucovdur. Mikayıl Rəhimov, Almas Qəhrəmanlı, Akif Qurbanov, Tamam Cəfərova, Bəxşeyiş Əsgərov və Etibar Quliyev Milli Məclisdə azlıqda olan partiyaları, Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov isə heç bir partiyaya mənsub olmayan, müstəqil deputatları MSK-da təmsil edəcəklər.
Sonra iclasda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi müzakirəyə çıxarıldı. Layihədə Azərbaycanda gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsasları, o cümlədən, respublikamızın gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzit keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydalar və prosedurlar, gömrük işi sahəsində hüquq və öhdəliklər müəyyən edilir.
Çıxış edən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, gömrük sistemi hər bir ölkədə büdcənin formalaşmasına mühüm rol oynayan maliyyə mənbələrindən biridir: "Eyni zamanda, gömrük sistemi hər bir ölkənin milli, siyasi və iqtisadi təhlükəsizliyi üçün son dərəcə vacib amillərdən sayılır. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət yetirdiyi məsələlərdən biri ölkəmizdə təkmil gömrük sisteminin formalaşdırılması olmuşdur. Bu gün Azərbaycanın gömrük sistemi ən müasir maddi-texniki bazaya malikdir. Son illərdə ölkəmizin inkişafı və xarici əlaqələrin genişlənməsi nəticəsində gömrük rüsumları hesabına büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artmışdır".
Z.Səmədzadə onu da vurğuladı ki, Azərbaycanda Gömrük Məcəlləsi ilk dəfə 1997-ci ildə qəbul olunub: "Həmçinin, ölkəmiz bir sıra konvensiyalara qoşulub. Bu gün isə Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyması və eləcə də, qloballaşan müasir dünya iqtisadi, o cümlədən, gömrük qanunvericiliyinin təkmilləşdirilməsini tələb edir. Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi yeni Gömrük Məcəlləsinin layihəsi də ən müasir tələb və standartları özündə əks etdirir. Yeni Məcəllənin qəbulu həm də respublikamızın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması istiqamətində mühüm addım olacaq".
Z.Səmədzadə, həmçinin, 358 maddədən ibarət layihə ilə bağlı deputatlara ətraflı məlumat verdi.
Müzakirələr zamanı deputat Vahid Əhmədov bildirdi ki, ölkəmiz ÜTT-yə üzv olmağa hazırlaşır və bu istiqamətdə iqtisadi qanunvericiliyin müasir tələblərin səviyyəsinə cavab verməsi mühüm əhəmiyyət kəsb edir. Yeni Gömrük Məcəlləsinin layihəsinin müasir tələbləri özündə ehtiva etdiyini deyən deputat onun qəbulunun Azərbaycanın iqtisadi inkişafına yeni töhfə verəcəyini bildirdi.
Deputat Əli Məsimlinin sözlərin görə, gömrük sistemi iqtisadi təhlükəsizliyin təmin olunmasında dövlətin əsas dayaqlarından biridir. Ona görə də respublikamızın müasir dünya standartlarına cavab verən Gömrük Məcəlləsinin olması çox vacibdir. Yeni Gömrük Məcəlləsinin layihəsi xarici təcrübəni nəzərə almaqla hazırlanıb və onun qəbulu ölkəmizin ÜTT-yə üzv olması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Layihədə gömrük sistemi ilə bağlı bütün məqamlar kifayət qədər beynəlxalq tələblərə cavab verir və hazırda qüvvədə olan məcəllə ilə müqayisədə kifayət qədər genişlənib.
Deputat Aydın Abbasov da layihəni təqdir etdi. Xarici mütəxəssislərin iştirakı ilə hazırlanan layihənin Avropa standartlarına cavab verdiyini dedi.
Deputat Rafael Cəbrayılov da yeni Gömrük Məcəlləsinin qəbulunun respublikamızın iqtisadi inkişafında mühüm rol oynayacağını qeyd etdi. Onun sözlərinə görə, yeni məcəllə gömrük sistemi sahəsində münasibətləri müasir standartlar səviyyəsində tənzimləyəcək.
Yeni Gömrük Məcəlləsinin hazırlanmasını təqdir edən deputat Aydın Mirzəzadənin sözlərinə görə, ölkəmiz iqtisadi sahədə keçid dövrünü artıq başa vurub. İqtisadi inkişafın yeni mərhələsində dövrün nəbzini tutan Gömrük Məcəlləsinə ehtiyac var. Yeni Məcəllənin qəbulu Azərbaycanın ÜTT-yə üzv olması üçün irəli atılan növbəti uğurlu addım olacaq.
İclasda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov da layihə ilə bağlı fikirlərini bildirdi. Müzakirələrin yekununda Gömrük Məcəlləsinin layihəsi birinci oxunuşda təsdiq edildi.