PDF Oxu

Əsas

  • 24

Ölkədə antikorrupsiya tədbirləri davamlı olacaq və məntiqi sonluğuna çatdırılacaq

Ölkədə antikorrupsiya tədbirləri davamlı olacaq və məntiqi sonluğuna çatdırılacaq
Azərbaycanda ictimai-siyasi vəziyyət və kriminogen durum sabitdir. AzərTAc xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəzi səfirliklərin Azərbaycanda terror təhlükəsi ilə bağlı verdiyi xəbərdarlıqlara münasibət bildirərkən deyib. Şöbə müdiri bildirib ki, hər bir ölkənin terrorla mübarizə, təhlükəsizlik və vətəndaşlarının həyatı ilə bağlı öz standartları vardır. Azərbaycan öz vətəndaşlarının, eləcə də ölkəmizə gələn əcnəbilərin həyatının təhlükəsizliyi ilə bağlı təminat verir. Lakin sui-qəsddən, terrordan heç kim sığortalanmayıb. Terror hər bir ölkədə - Avropada və Amerikada da törədilə bilər. Kiməsə qarşı hansısa şəkildə təhlükə də ola bilər, ancaq bütövlükdə Azərbaycan dövləti vətəndaşlarımızın, ölkəmizdə yaşayan və ya qonaq gələn əcnəbilərin təhlükəsizliyi ilə bağlı bütün tədbirləri görür. Bu tədbirlər kifayət qədər səmərəlidir. Eyni zamanda, biz kiməsə bu və ya digər təhlükə barədə öz vətəndaşlarına xəbərdarlıq etməsinə də qadağa qoya bilmərik. Ə.Həsənov həmçinin əlavə edib ki, ölkədə antikorrupsiya tədbirləri kampaniya xarakterli deyildir, davamlı olacaq və məntiqi sonluğuna çatdırılacaq. Ə.Həsənov bildirib ki, bütün mərkəzi, yerli icra hakimiyyəti orqanlarına lazımi tapşırıqlar verilib. Onlar kollegiya iclasları və geniş toplantılar keçirərək öz sahələrində mövcud olan problemləri aşkarlayır və onun aradan qaldırılması ilə bağlı proqramlarını tərtib edirlər. Proses nəzarət altındadır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, müvafiq komissiyalar və qurumlar bu işi sona çatdıracaqlar.

Digər xəbərlər