Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Rumıniyaya səfəri uğurla başa çatdı
Fevral ayının 17-də Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Rumıniyaya səfər proqramına uyğun olaraq Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) qərargahında iki partiyanın rəhbərliyi arasında görüş keçirilmişdir. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov, İcra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı və Milli Məclisin üzvü Asəf Hacıyev və PDL sədrinin birinci müavini Adriean Videanu və bu partiyanın digər rəsmi şəxslərinin iştirak etdiyi görüşdə YAP və PDL arasında əlaqələrin ikitərəfli münasibətlərə yeni təkan verəcəyi vurğulanmışdır.
Görüş əsnasında YAP tərəfindən partiyanın Sədr müavini - İcra katibi Əli Əhmədov, PDL tərəfindən isə sədrin birinci müavini Adriean Videanu tərəfindən YAP və PDL arasında "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır. Sənədə imza atmışlar. Həmin sənəddə tərəflərin ölkələrindəki cari siyasi vəziyyət və ölkələrinin ikitərəfli və çoxtərəfli əlaqələri ilə bağlı bir-biri ilə məsləhətləşmələr aparması, beynəlxalq əlaqələr, partiyaların inkişafı, eləcə də, digər sahələrdə təcrübə mübadiləsini həyata keçirməsi, müxtəlif səviyyələrdə partiya nümayəndələrinin səfərlərinin gerçəkləşdirilməsi, ikitərəfli məsələlərlə bağlı tədbirlərdə iştirak olunması, partiyaların sırasından qanunverici hakimiyyət orqanlarına seçilmiş üzvlər və gənclər təşkilatları arasında arasında əlaqələr qurulması və digər müddəalar nəzərdə tutulmuşdur.
YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov imzalanmış sənədin əhəmiyyətindən danışmış, təmsil etdiyi partiya adından PDL nümayəndə heyətini Azərbaycana səfərə dəvət etmişdir. Dəvət qarşı tərəfdən razılıqla qarşılanmışdır. Yaxın gələcəkdə PDL nümayəndə heyətinin Azərbaycanı ziyarət etməsi nəzərdə tutulmaqdadır.
Həmin gün Parlament Sarayında YAP nümayəndə heyətinin Rumıniya parlamentinin Deputatlar Palatasının sədri xanım Roberta Anastase ilə görüşü keçirilmişdir. Görüşdə R.Anastase rəhbərliyində təmsil olunduğu PDL və YAP arasında imzalanmış sənədin xüsusi əhəmiyyətindən bəhs etmiş, hal-hazırda Rumıniya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən, parlamentlərarası münasibətlərdə müşahidə olunan yüksək inkişafdan danışmışdır. YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov çıxış edərək, Rumıniya və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında birbaşa təmasların sıxlaşdırılması zərurətini vurğulamış, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dair ədalətli mövqeyini həmişə müdafiə etdiyinə görə, Rumıniya dövlətinə təşəkkürünü ifadə etmişdir.
Elə həmin gün Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində YAP nümayəndə heyətinin bu ölkədə təhsil alan və yaşayan azərbaycanlılarla geniş tərkibli görüşü keçirilmişdir. Görüşdə çıxış edən YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin uğurları haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, bütün bu uğurların dünya ictimaiyyətinə çatdırılması və ölkəmizin xaricdə təmsil olunması diaspor təşkilatlarının qarşısında duran ümdə vəzifədir. Bu baxımdan cari ilin yayında keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayının əhəmiyyətinə toxunan Əli Əhmədov görülən bütün işlərin əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kursun məntiqi nəticəsi adlandırmış, gənclərə tövsiyələrini bildirmişdir.
Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin direktoru İqbal Hacıyev təmsil etdiyi təşkilatın həyata keçirdiyi geniş xeyriyyə layihələrindən bəhs etmiş, fondun rəhbəri, Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tövsiyəsinə əsasən, nəinki Rumıniyada, bütün Balkan regionunda Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün geniş fəaliyyətlərin aparıldığını, yalnız Rumıniyada bu istiqamətdə 50-dən çox kitabın nəşr olunduğunu nəzərə çatdırmışdır.
Günün sonunda YAP nümayəndə heyəti Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyini ziyarət etmiş, səfirliyin kollektivi ilə görüş keçirmişdir. Görüşdə səfirliyin fəaliyyəti haqqında geniş məlumat verilmiş, Azərbaycanın xarici siyasət kursunun düzgün istiqamətdə həyata keçirildiyi qeyd olunmuş, Azərbaycan-Rumıniya münasibətlərinin bu gün ikitərəfli əlaqələrin ən yüksək həddi olan strateji tərəfdaşlıq səviyyəsinə çatdığı vurğulanmışdır.
Görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı səfiri E.Həsənov iştirak etmişdir.
Bununla da YAP nümayəndə heyətinin Rumıniyaya səfəri uğurla başa çatmışdır.