PDF Oxu

Əsas

  • 20

ATƏT-in Minsk Qrupunun fəaliyyəti qeyri-obyektivdir

ATƏT-in Minsk Qrupunun fəaliyyəti qeyri-obyektivdir
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnalogiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun mətbuat konfransı keçirilmişdir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində, eləcə də münaqişə fonunda cərəyan edən hadisələrə münasibət bildirən politoloq, ilk olaraq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın üzərinə böyük yük düşür.
Onun sözlərinə görə, hazırda Ermənistan Rusiyanın mövqelərini zəiflətməyə çalışır:"Ermənistan Türkiyə ilə imzalanmış protokolları hələ də ləğv etməyib. Bu, o deməkdir ki, Serj Sarkisyan mümkün anda Rusiyadan uzaqlaşmağı qarşısına məqsəd qoyub" .
Politoloqun fikrincə, bu gün Rusiya prezidenti Dmitri Medvedev effektiv siyasət yürüdür. Belə ki, Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildiyi zaman effektiv nəticələr ortaya çıxmışdır. ATƏT-in Minsk Qrupunun fəaliyyətindəki qeyri-obyektivliklərin mövcud olmasına diqqət yetirən Mübariz Əhmədoğlu qeyd edib ki, bu qurumun gələcək fəaliyyətində hansısa uğur qazanması inandırıcı görünmür:" Hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu Ermənistana vəkillik etməklə məşğuldur.
Politoloq onu da bildirib ki, Qarabağ münaqişəsinin törətdiyi fəsadlar aradan qalxmayınca, Ermənistanla Azərbaycan arasında etimad yarana bilməz. O, hesab edir ki, Qarabağın statusunun müəyyənləşməsi üçün referendum keçiriləcəyi təqdirdə, konsensus prinsipi əsas götürülməlidir və bunun üçün Ermənistan, ilk növbədə, Qarabağda iki icmanın - azərbaycanlı və erməni icmasının olduğunu rəsmən qəbul etməlidir.
M.Əhmədoğlu onu da vurğuladı ki, Dağlıq Qarabağ məsələsi dinc yolla tənzimlənməlidir, amma hərbi yolla da tənzimləməyə kifayət qədər imkanlarımız var. Politoloq, eyni zamanda, sözügedən problemdə sui-istifadə hallarının da baş verdiyini bildirdi. Onun sözlərinə görə, İran Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində sui-istifadə ilə məşğuldur: "Biz bütün dünyaya, o cümlədən, İranın özünə bildirməliyik ki, Dağlıq Qarabağ məsələsində Azərbaycana yardım etmək lazım deyil. İran Şuşanın işğal olmasında məsuliyyət daşıyır. Eyni zamanda, məsələ bundadır ki, bəzi dövlətlər İran-Azərbaycan dövlətlərinin münasibətinin mahiyyətini belə başa düşürlər ki, Azərbaycanın İrana qarşı çox böyük sevgisi var. Biz İran-Ermənistan münasibətlərinə qarışmamalıyıq. İran getsin, Ermənistana kömək etsin".
Politoloq düşünür ki, İran Ermənistana hərtərəfli dəstək verir. Onun sözlərinə görə, İranın öz əhalisi acından qırılır, buna baxmayaraq, Ermənistan üçün 200 milyon dollarlıq layihəni reallaşdırmağa çalışır: "İran bir şeyi bilməlidir ki, ABŞ və ya Rusiyaya Dağlıq Qarabağ məsələsini həll etməyə illərlə, aylarla, İrana Dağlıq Qarabağ münaqişəsini həll etməyə saatlarla vaxt lazımdır. Dağlıq Qarabağ münaqişəsi Rusiya ilə də bağlıdır".

Digər xəbərlər