Zərif qələmlərin "Zərif imzalar" kitabı
Dünən "Park İnn" otelinin "Quba" zalında keçirilən mərasimdə çağdaş jurnalistikanın nümayəndələri kimi ictimai-siyasi həyatın müxtəlif sahələrində baş verən hadisələri işıqlandıran qadın yazarlar, naşirlər, baş redaktorlar haqqında Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının, "Azercell Telekom" MMC-nin birgə layihəsi əsasında hazırlanan ensiklopedik xarakterli "Zərif imzalar" kitabının təqdimatı keçirildi. Azərbaycan mətbuatında illərdən bəri çalışan, təmsil etdiyi mətbu orqanı ilə hər bir evin "qonağı" olan qadın yazarların cəmiyyətdə yeri və rolunu əks etdirən 141 "zərif imza" müəllifi haqqında Azərbaycan və ingilis dilində məlumat verən "Zərif imzalar"a ön söz yazan, ideya baxımından maraqlı nəşr adlandıran Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun vurğuladığı kimi ölkəmizdə söz və mətbuat azadlığının, fikir, plüralizminin dərinləşməsində xidmətləri olan nəşr orijinallığı ilə də seçilir.
Tərtibçi, AJQA prezidenti Sevil Yusifova mərasimdə çıxış edərək, ölkəmizdə jurnalistikanın inkişafına daim dəstək olan dövlətin diqqət və qayğısından bəhs edərək bildirdi ki, bu peşənin spesifik xüsusiyyətləri, çətinlikləri nəzərə alınsa, demək olar ki, milli mətbuatımızın inkişafında kişilərlə birlikdə qadın yazarlarımızın da xidmətləri yetərincədir. Kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışan S.Yusifova layihənin gerçəkləməsində yardım göstərən "Azercell Telekom"un rəhbərliyinə minnətdarlığını da bildirdi: "Zərif qadınlar" ilk olsa da sonuncu deyil. Növbəti nəşrlərində digər jurnalist yazarlar haqqındakı məlumatlar da ictimaiyyətə çatdırılacaq. Kitabın iki dildə oxucuya təqdim olunmasında məqsəd ölkəmizin ictimai-siyasi həyatında fəal mövqe tutan qadınlar haqqında xarici ölkə oxucularında da təsəvvür yaratmaq, Azərbaycanda qadınlara göstərilən diqqət və qayğını məlumat kimi olsa da çatdırmaqdır".
ATƏT-in Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Əli Bilgə Cankorel çıxış edərək bildirdi ki, bir çox dövlətlərdə qadın hüquqlarının müdafiəsi, ictimaiyyətdə rolu barədə danışılsa da, həyatda bəzən deyilənlərin əksi olan hallara rast gəlinir. Demokratik inikşaf yolu ilə irəliləyən və bu sahədə önəmli uğurlar qazan Azərbaycanda qadına göstərilən diqqət və qayğı fərqli olmaqla, cəmiyyətdə əhəmiyyətli yeri, ölkənin iqtisadi-siyasi inkişafında böyük rolu olan qadınların əməyinə verilən qiymət də yüksəkdir.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komtəsinin sədr müavini Sədaqət Qəhrəmanova da çıxışında "Zərif imzalar"ın Azərbaycan qadınlarına xas nəfis üslubda hazırlanmasını diqqətə çatdıraraq, Şərq aləmində demokratik islahatları ilə fərqlənən respublikamızda qadın hüquqlarının qorunması istiqamətində görülən işləri dövlət siyasətinin əsas istiqamətləri kimi yüksək dəyərləndirdi.
Kitab haqqında təəssüratlarını diqqətə çatdıran millət vəkilləri Məlahət İbrahimqızı və Musa Qasımlı bildirdilər ki, bir neçə on ildən sonra indiki dövrün KİV-ləri haqqında araşdırma aparacaq alimlər üçün "Zərif imzalar" zəngin tədqiqat mənbəyi kimi böyük əhəmiyyət daşıyacaq. Belə bir fakt diqqətə çatdırıldı ki, cəmiyyətdə sağlam ekoloji mühitin yaradılmasında xüsusi əhəmiyyəti olan hadisələrin ictimaiyyətə çatdırılmasında jurnalistlərin, qadın yazarların rolu böyükdür. "Azərbaycan cəmiyyətində qadınların rolu BMT-in keçirdiyi Ümumdünya Qadınlarının IV beynəlxalq konfransında qəbul olunan 12 strategiyaya uyğun davam etdirilir. Həmin hədəflərə çatmaq üçün isə əsas amil qadın və mətbuat cütlüyüdür" kimi fikirlərin səsləndiyi tədbirdə qadın yazarların xidmətləri yüksək dəyərləndirildi.
"Həyatımızı informasiyasız təsəvvür edə bilmərik" söyləyən Azərbaycan Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli kitabın hazırlanmasını bütünlükdə ölkədə mətbuatın inkişafına göstərilən diqqət kimi dəyərləndirdi və "Zərif imzalar"a dəstək olanlara minnətdarlığını bildirdi.
Layihənin gerçəkləşməsində AJQA ilə birgə fəaliyyət, ünvanlarına söylənən xoş sözlər üçün minnətdarlığını bildirən "Azercell Telekom"un nümayəndəsi Fəxri Abbasov şirkət tərəfindən sosial layihələr üçün ayrılan vəsait hesabına "Zərif imzalar"ın işıq üzü görməsində əməkləri olduğu üçün məmnunluğunu ifadə etdi: "Azercell"in keçirdiyi tədbirlərdə iştirak edən qadın yazarların çoxluğu bir daha göstərir ki, ölkə KİV-lərində onların çəkisi və rolu böyükdür." Eyni razılıq hissi TUSİAB-ın təmsilçisi Yasin Goralın çıxışında da əksini tapdı.
"Zərif imzalar" arasında yer alan qadın jurnalistlərin əksəriyyəti tələbəm olduğu üçün səslənən sözlərdən bir müəllim kimi qürur hissi duyuram" söyləməklə sevincini ifadə edən BDU-nun professoru Cahangir Məmmədli bildirdi ki, Azərbaycanda yetişən çoxsaylı jurnalistlər haqqında belə bir nəşrin hazırlanması eyni zamanda respublikamızda kitab mədəniyyətinin formalaşmasını təsdiqləyən bir nümunəsidir: "Əminəm ki, kitabın sonrakı saylarında bu gün BDU-nun jurnalistika fakültəsində oxuyan tələbələrin imzaları haqqında yazılacaq."
Təqdimat mərasimində "Zərif imzalar"da adları çəkilənlər adından çıxış edən filologiya elmləri namizədi, publisist-şairə Sona Vəliyeva belə bir təşəbbüs üçün AJQA və quruma dəstək olanlara minnətdarlığını bildirdi: "Cəmiyyətin fəal üzvü, ailənin məsuliyyətini çiyinlərində daşıyan ana kimi üzərinə düşən vəzifəni yerinə yetirən qadın yazarlar haqqında belə bir kitabın ərsəyə gətirilməsini haradasa bir borc, avans kimi qəbul edir və gələcəkdə daha fəal olmağa çalışacağıq."
"Nur" Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova və Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıc çıxış edərək, Azərbaycan qadın yazarları haqqında belə nəfis bir kitabın hazırlanmasını, bütünlükdə, ölkə jurnalistikasına verilən dəyər adlandırdılar.
Sonda Sevil Yusifova əməklərinə verilən qiymət olan xoş sözlər üçün minnətdarlığını bildirdi.