BMT nizamnaməsinin 51-ci və 25-ci maddəsinə istinadən...
BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən bu təşkilata üzv olan hər bir ölkə öz suverenliyini qoruya bilər. İşğala məruz qalmış ölkələrin öz ərazisində işğala qarşı ədalətli müharibə aparmaq əsasları var. Buna isə başqa bir dövlətin qarışmağa qətiyyən hüququ yoxdur. Bu mənada Azərbaycan dövləti istənilən halda BMT nizamnaməsinin 51-ci və 25-ci maddəsindən yararlanmaq hüququna tam malikdir. İşğalçı Ermənistan Azərbaycan dövlətinə qarşı təcavüzkarlıq və zorakılıq tətbiq edərək, torpaqlarımızın 20%-ni işğal etmişdir. Bu isə BMT nizamnaməsinin 51-ci və 25-ci maddəsini çox kobud şəkildə pozmaq deməkdir.
Azərbaycan dövləti isə öz ərazi bütövlüyünü bərpa etmək üçün BMT nizamnamələrinə, ATƏT prinsiplərinə tamamilə uyğundur və dövlətimiz istənilən yolla öz ərazilərini azad etmək hüququna malikdir. AVP sədri, millət vəkili Fəzail Ağamalının da bildirdiyi kimi, əgər Azərbaycan öz ərazisində hərbi əməliyyatlara başlayarsa, o zaman hansısa bir ölkənin dövlətimizə irad tutmağa qətiyyən hüququ yoxdur. Çünki BMT nizamnaməsinin 51-ci və 25-ci maddəsi buna əsas verir. Sülh danışıqlarının bir nəticə verməyəcəyi halda, Azərbaycanın hərbi yola əl atacağı dövlətimizin müstəsna səlahiyyəti kimi önə çəkilibdir: "Azərbaycanın iqtisadi imkanları, potensialı, hərbi qüdrəti və gücü tamamilə imkan verir ki, dövlətimiz öz ərazi bütövlüyünü tam bərpa etsin. Dünyanın heç bir dövləti öz ərazimizdə hərbi əməliyyatlar keçirdiyimizə görə, bizi ittiham edə bilməz. Terrorçu Ermənistanın hər dəfə qeyri- konstruktiv mövqe nümayiş etdirməklə, Azərbaycan dövlətinə müharibə variantını seçməyə məcbur edir. Regionda hərbi əməliyyatların başlanması dünyadakı şəraitə çox ciddi şəkildə təsir edə bilər. Ümumiyyətlə, BMT-yə üzv olan 192 ölkənin hər birinin tam hüququdur ki, öz ərazi bütövlüyünü bərpa etsin. Dövlətimizin də belə bir hüquqa sahib olması məlum məsələdir ki, mənfur ermənilərdə böyük bir narahatçılıq hissi doğurur. Ermənistan, demək olar ki, bütün çıxarılmış qətnamələri, qərarları, prinsipləri çox kobud şəkildə pozduğu kimi, hətta Azərbaycan dövlətinin daxili işlərinə də müdaxilə etməyə çalışır. Mənfur ermənilər işğal etdikləri ərazilərimizdə terrorçuluqla, mədəniyyət abidələrimizin dağıdılması və bir çox özbaşınalıqlarla məşğuldurlar. Mədəniyyət abidələrimizin dağıdılması, yerlə yeksan olunması, hətta Ağdam rayonunun da adının mənfur ermənilər tərəfindən dəyişdirilməsi hər bir azərbaycanlını çox ciddi şəkildə narahat edir. Bütün bunların fonunda ermənilər öz iyrənc əməllərindən, boş-boş bəyanatlarından əl çəkmək bilmirlər. Amma Azərbaycan tərəfinin hər an müharibəyə başlaya biləcəyi ermənilərdə narahaçılıq hissi doğurur".
Millət vəkilinin sözlərinə istinadən, 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə ayrılan vəsait daha da artacaq. Yeni-yeni silahların alınması, hərbi taktiki hazırlıqların möhkəmləndirilməsi, əsgərlərimizdə döyüş ruhunun çox yüksək olması göz önündədir: "Bu gün ölkəmiz çox zəngindir, günbəgün inkişaf edir, yeni-yeni nailiyyətlərə, uğurlara imza atır və düşməni məhv edə biləcək bütün gücə, qüvvəyə və potensial imkanlara malikdir. Bunu da ermənilər birmənalı şəkildə bilir ki, dövlətimiz özünün torpaqlarının düşmən tapdağında qalmasına heç bir vaxt razı olmayacaq. İstənilən halda, Azərbaycan Silahlı Qüvvələri düşmənə çox böyük sarsıdıcı zərbə endirməyə qadirdir.
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə narazılıq bildirən millət vəkili həmsədrlərin apardıqları danışıqların, göstərdikləri fəaliyyətin konkret nəticə vermədiyini söylədi: "ATƏT-in Minsk Qrupunun fəaliyyətindən bir o qədər də razı deyiləm. 1992-ci ildə ATƏT-in Minsk Qrupunun başlamış olduğu sülh danışıqları, əslində, Ermənistanın təcavüzkar siyasətindən əl çəkməsinə imkan yaratmır. Ermənistan daha da özünün təcavüzkarlıq, işğalçılıq siyasətini daha qabarıq, aydın şəkildə həyata keçirir. Hər dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə dair boş-boş, lazımsız bəyanatlar verməklə məşğuldurlar. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri qətiyyən real addımlar atmır, təsir və təzyiq imkanlarından, rıçaqlarından yetərincə istifadə etmir. Lakin bu proses qətiyyən uzun müddət davam edə bilməz".
Azərbaycan dövləti öz haqlı mövqeyini hər yerdə müdafiə edəcək. Və bununla bərabər çox qısa müddət ərzində öz ərazisindəki separatçı, daşnaksutyun, terrorçu qüvvələrin tamamilə ləğv olunmasına və öz ərazi bütövlüyünün bərpasına nail olacaq.