Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşması və siyasi partiyaların bu formatda təmsilçilik məsələsi son günlər öz aktuallığını saxlamaqdadır. Artıq Milli Məclisdə təmsil olunan siyasi partiyaların təmsilçiləri MSK-ya nümayəndə göndərmək üçün də konkret təkliflərlə çıxış ediblər.
Əli Əhmədov: "MSK-da Yeni Azərbaycan Partiyasını təmsil edəcək üzvlərin siyahısı bu yaxınlarda Milli Məclisə təqdim olunacaq"
Mərkəzi Seçki Komissiyasının yenidən formalaşması ilə əlaqədar mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov bildirdi ki, demokratik inkişaf yolu ilə addımlayan Azərbaycanda bu istiqamətdə aparılan seçki islahatları beynəlxalq təşkilatlarla əməkdaşlığa əsaslanaraq, davamlı proses formasında həyata keçirilir. İcra katibi onu da qeyd etdi ki, Mərkəzi Seçki Komissiyanın yeni tərkibdə formalaşması demokratik prinsplərə və Azərbaycan Respublikasının qəbul etdiyi Seçki Mcəlləsinin dördüncü fəslinin 24 maddəsinə əsasən, həyata keçirilir. Ə.Əhmədov, həmçinin, həmin sənəddə qeyd olunduğu kimi, Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil etdiyini də vurğuladı. "Məcəllənin adıçəkilən bəndində aydın göstərilir ki, 18 üzvdən ibarət MSK-nın heyəti xalq tərəfindən seçilmiş millət vəkillərinin ümumi rəyi əsasında formalaşdırılır. Eyni zamanda, MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. Təsdiq olunmuş bu parametrlərə müvafiq olaraq MSK-nın 6 üzvü Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüləcək və parlament tərəfindən təsdiq olunacaq. Bu yaxınlarda məsələ ilə əlaqədar siyahı Milli Məclisə təqdim olunacaq"-deyə Ə.Əhmədov əvvəlki tərkibdə YAP-ı MSK-da təmsil edən siyasi həmfikirlərinin fəaliyyətindən razı qaldıqlarını bildirib. İcra katibi bu münasibətin MSK-ya təqdim olunacaq yeni tərkibin formalaşmasında da əsas götürüləcəyini diqqətə çatdırıb.
Şaiddin Əliyev: "Seçki Məcəlləsinin 24,4-cü maddəsinə əsasən, MSK üzvlərinin ali təhsilli olmaları başlıca şərtdir"
Mərkəzi Seçki Komissiyasının sədr müavini Şaiddin Əliyev də "Səs"ə açıqlamasında MSK-nın Seçki Komissiyasının 18 üzvdən ibarət olduğunu bildirdi. Qeyd etdi ki, MSK Seçki Məcəlləsinin prinsiplərinə əsasən, formalaşdırılır. Qanunun dördüncü fəslinin 24-cü maddəsinə əsasən,MSK-nın formalaşmasının vacib hesab edildiyni bildiriən Şaiddin Əliyev qeyd etdi ki, hər beş ildən bir MSK Milli Məclis tərəfindən təsdiq olunur. "MSK-nın tərkibi 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən, 6 üzvü isə heç bir siyasi partiyaya mənsub olmayan deputatlar tərəfindən təqdim olunur. 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən deputatları təmsil edirlər. Bildiyimiz kimi, Milli Məclisdə Yeni Azərbaycan Partiyası çoxluq təşkil edir. Ona görə də, bu partiyanın 6 üzvü MSK-da təmsil olunmaq hüququ əldə edir. Bitərəflərdən heç bir partiyaya mənsub olmayan deputatlar tərəfindən 6 üzvü isə azlıqda qalan partiyaların nümayəndələrindən ibarət olur" deyən. Ş.Əliyev Seçki Məcəlləsinin 24,4-cü maddəsinə əsasən, MSK üzvlərinin ali təhsilli olmalarının da başlıca şərt olduğunu bildirdi.
Fəzail Ağamalı: "Əvvəlki tərkibdə olduğu kimi, MSK yeni tərkibdə də seçkilərin şəffaf keçirilməsində öz töhfəsini vermiş olacaq"
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da Milli Məclisdə azlıqda təmsil olunan deputatların MSK-da təmsil olunacağını bildirdi. Qeyd etdi ki, artıq ötən gün AVP MSK-ya nümayəndə göndərmək üçün öz təmsilçisini müəyyənləşdirib. MSK-da müstəqil formada təmsil olunacaqlarını bildirən F.Ağamalı əvvəlki tərkibdə olduğu kimi, yeni tərkibində Seçki Məcəlləsinin prinsip və qaydalarına uyğun olaraq, öz fəaliyyət istiqamətini quracağına əminliyini ifadə edib. O, eyni zamanda, ölkəmizdə keçirilən demokratik seçki ənənələrinin yeni formalaşacaq MSK təmsilçiləri tərəfindən də tam şəkildə qorunub saxlanacağını bildirdi.
Vahid Əhmədov: "Bitərəf deputatlar artıq MSK-ya üzv göndərmək üçün qərar veriblər"
Milli Məclisin bitərəf üzvü Vahid Əhmədov da artıq bitərəflərin parlamentdə təmsilçisinin də MSK-ya nümayəndə göndərəcəyini bildirib. Qeyd edib ki, müstəqil deputatların parlamentdəki təmsilçiləri vitse-spiker Valeh Ələsgərovla məsləhətləşdikdən sonra MSK-ya nümayəndə göndərmək barəsində qərar veriblər. V.Əhmədov MSK-nın yeni formalaşacaq tərkibinin də ölkəmizdə demokratik seçki ab-havasına öz müsbət təsirini göstərəcəyini bildirib. Millət vəkili MSK üzvlərinin tam tərkibdə formalaşmasının Seçki Məcəlləsinin tələb və prinsiplərinə uyğun həyata keçirildiyini də diqqətə çatdırıb.
Elçin Mirzəbəyli: "MSK üzvlərinin məlum formatda müəyyənləşməsi Azərbaycanın siyasi reallığını əks etdirən ən ədalətli bir seçimdir"
BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli isə MSK-nın formalaşmasını Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirildiyini bildirdi. O, qanuvericiliyə əsasən, 6 nümayəndə MSK-nın üzvü və deputatları parlamentdə çoxluq təşkil edən partiyanın nümayəndələrindən təşkil olunduğunu bildirdi. Qeyd etdi ki, 6 nümayəndə isə deputatları parlamentdə azlıq təşkil edən partiyaların nümayəndələrindən təşkil olunur. Digər 6 nəfər isə 1 nəfəri müxalifətlə razılaşdırmaqla bitərəf deputatların təqdim etdiyi namizədlərdən ibarət seçildiyini bildirən E.Mirzəbəyli bunun Azərbaycanın siyasi reallığı əks etdirən ən ədalətli bir seçim olduğunu söyləyib. "Bu günə qədər vaxtilə parlamentdə təmsil olunan partiyaların nümayəndələri də MSK-da təmsil olunublar. İndiki şəraitdə biz də qanunvericiliyə əsasən, müvafiq addımlar atmışıq və artıq nümayəndəmizi parlamentin müzakirəsinə təqdim etmişik. BAXCP-ni bu dəfə də MSK-da Mikayıl Rəhimov təmsil edəcək. İnanırıq ki, bu günə qədər MSK necə fəaliyyət göstərmişdisə, bundan sonra da qanunvericiliyə əsasən, öz fəaliyyətini davam etdirəcək" deyən E.Mirzəbəyli MSK-nın bundan öncəki heyəti kimi, bundan sonrakı heyətinin də, qanunvericiliyin tam təmin olunması üçün öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcəyinə inamını ifadə edib.