PDF Oxu

Əsas

  • 20

ABŞ səfirliyinin bəyanatı heç bir reallığa əsaslanmır

ABŞ səfirliyinin bəyanatı heç bir reallığa əsaslanmır
Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycanda yaşayan ABŞ vətəndaşlarına qarşı terror təhlükəsi ilə bağlı bəyanat yayıb. Bu bəyanat ölkəmizdə yaşayan və işləyən amerikalıların ehtiyatlı olmasını özündə ehtiva edir. Bəyanatada bildirilir ki, ABŞ Dövlət Departamenti Azərbaycanda terror təhlükəsi haqqında məlumata malikdir və bu məlumata əsaslanaraq Azərbaycan baş verə biləcək terror aktları ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edir. Hətta bu ehtimalın ciddi olması ilə bağlı məqam da bəyanatda öz yerini almışdır.
Qeyd edək ki, yanvar ayının sonlarında ABŞ Dövlət Departamenti buna bənzər bəyanat verməklə, ABŞ vətəndaşlarına xəbərdarlıq etmişdi. Əlbəttə ki, bu məlumatların mənbəyi açıqlanmır. Bu isə birbaşa olaraq onların əsassız olduğunun göstəricisidir. Bununla yanaşı, fevral ayının 11-də İsrailin terrorla mübarizə qərargahı da ölkə vətəndaşlarına bəzi ölkələrə terror təhlükəsi ilə bağlı olaraq səfər etməməyə çağırıb ki, bu ölkələrdən biri də məhz Azərbaycandır. Azərbaycanda bu gün çox sabit bir ictimai-siyasi vəziyyətin hökm sürdüyü bir vaxtda bəzi ölkələr tərəfindən ölkəmizdə bu cür təhlükəli halların baş verməsi ilə əlaqədar xəbərdarlıqarın edilməsi çox təəccüblüdür.
Bu tipli bəyanatlara qarşı Azərbaycan ictimaiyyəti tərəfindən reaksiya göstərilmiş və onun reallığı əks etdirməməsi ilə bağlı bəyanatlar verilmişdir. Azərbaycan dövləti və müvafiq dövlət qurumları tərəfindən artıq bununla bağlı məsələyə münasibət bildirilmiş və ölkədə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə qurulduğu bildirilmişdir. Lakin buna baxmayaraq, ABŞ səfirliyi tərəfindən ikinci dəfə eyni tipli bəyanatın yayılması artıq burada siyasi maraqların baş qaldırmasına bir işarədir və bu xəbərdarlıqların qeyri-obyektiv olmasının əyani göstəricisidir. Məsələyə münasibət bildirən millət vəkili Musa Qasımlı da adıçəkilən bəyanatın heç bir reallığı əks etdirmədiyini qeyd etdi. "Hesab edirəm ki, belə bir bəyanatın heç bir əsası yoxdur, reallıqdan tamamilə uzaqdır. Azərbaycanda ümumi ictimai-siyasi, iqtisadi inkişafın olması Azərbaycanın təhlükəsizlik baxımından ən əhəmiyyətli ölkələrdən birinə çevrilməsinə səbəb olmuşdur. Belə bəyanatın verilməsi Azərbaycanın imicinə kölgə salmaq niyyəti güdür. Bəzi ölkələri Azərbaycandan uzaqlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, bu bəyanatlar onu səsləndirənlərin, istər şəxs olsun, istərsə də qurum olmasından asılı olmayaraq, obyektivliyinə şübhə yaradır. Çünki Azərbaycanda iş quran, Azərbaycanla əməkdaşlıq edən ölkələr Azərbaycanda sabitliyin olmasını əyani şəkildə görürlər. Hamı birmənalı şəkildə bilir ki, Azərbaycanda çaxnaşmalar, siyasi təlatümlər üçün heç bir səbəb yoxdur. Azərbaycan dinamik və sabit inkişaf edən bir ölkədir. Belə bəyanatı verənlər özlərinin obyektivliyi üzərinə kölgə salırlar".

Digər xəbərlər