Bahar Muradova Volfqanq Qrossrukla görüşüb
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Volfqanq Qrossrukla görüşüb. SİA-nın məlumatına görə, görüşdə çıxış edən B. Muradova Azərbaycanda seçkilərdən sonrakı müşahidə missiyasının əlaqələndiricisi kimi ATƏT PA vitse-prezidentinin ölkəmizə səfərini yüksək qiymətləndirib. O bildirib ki, ATƏT PA-nın qış sessiyasının gündəliyinə ötən ilin noyabrında Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı hesabat daxil edilib. Onun sözlərinə görə, parlament seçkiləri dövründə müəyyən qüsurlar qeydə alınsa da bu nöqsanlar seçkilərin nəticələrinə təsir göstərməyib. Daha sonra söz alan V. Qrossruk Azərbaycan iqtisadiyyatının gücləndiyini və demokratiyanın inkişaf etdiyini dilə gətirib. O bildirib ki, Azərbaycan bu inkişafa görə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyə layiqdir.