PDF Oxu

Əsas

  • 18

Dövlət orqanlarının əməkdaşları üçün miqrasiya proseslərinin dövlət tənzimlənməsi üzrə ixtisasartırma kursu keçirilib

Dövlət orqanlarının əməkdaşları üçün miqrasiya proseslərinin dövlət tənzimlənməsi üzrə ixtisasartırma kursu keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Rəhbər kadrların ixtisasının artırılmsı" fakültəsində "Miqrasiya Proseslərinin dövlət tənzimlənməsi" istiqaməti üzrə ixtisasartırma kursunun açılışı ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan akademiyanın rektor əvəzi Əlikram Abdullayev bildirib ki, akademiyada Respublikanın dövlət orqanlarında çalışan qulluqçular üçün mütəmadi təlimlər keçirilir. Onun sözlərinə görə, indiyə qədər 10 istiqamət üzrə kurslar təşkil olunub və çoxlu sayda dövlət qulluqçusu bu kurslarda öz ixtisasını artırıb: "Bu il isə ilk dəfə olaraq Dövlət Miqrasiya Xidməti işçiləri üçün ixtisasartırma kursları öz işinə başlayır. Miqrasiya xidməti Azərbaycanın dövlət idarəçilik sisteminin çox mühüm bölmələrindən biridir. Kursların ildə neçə dəfə təşkil olunması məsələsi xidmətin rəhbərliyi ilə birgə müəyyən olunacaq. Kursların müntəzəm keçirilməsi mühümdür. Ona görə ki, xidmətdə xeyli insan çalışmasına baxmayaraq, indiyə qədər onlar üçün heç bir treninq təşkil olunmayıb. Güman edirəm ki, ildə bir neçə dəfə belə treninqlər keçirəcəyik" Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bildirib ki, miqrasiya prosesinin tənzimlənməsi dünyada aktual olan proseslərdən biridir. Onun sözlərinə görə, ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişafı bir sıra əcnəbilərin ölkəmizə axının artırıb. Bu da Dövlət Miqrasiya Xidmətinin yaranmasına rəvac verib. "Bu sistem vasitəsilə ölkəmizə gələn əcnəbilərə nəzarət olunur. Azərbaycana gələn əcnəbilərin hamısı ölkəmizə xoş niyyətlə gəlməyə bilər. Ona görə də təhlükəsizliyi qorumaq üçün bu sistemin fəaliyyəti vacibdir. Əgər əvvəllər ölkəmizə gələn əcnəbilər qeydiyyata düşmək üçün Ədliyyə Nazirliyinə, digər proseslər üçün müxtəlif qurumlara müraciət edirdilərsə, miqrasiya xidməti yaranandan sonra bu proses daha da sadələşdirilib. Belə ki, ölkəmizə gələn hər bir əcnəbi yalnız miqrasiya xidmətinə müraciət edir. Artıq miqrasiya xidməti həm də hüquq- mühafizə orqanı kimi fəaliyyət göstərir", rəis müavini deyib.

Digər xəbərlər