PDF Oxu

Əsas

  • 22

Dağlıq Qarabağ münaqişəsi Münhendə müzakirə olunub

Dağlıq Qarabağ münaqişəsi Münhendə müzakirə olunub
Məlum olduğu kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhendə keçirilən 47-ci Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ-nın dövlət katibi Hillari Klintonla görüş keçirib. Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini ətraflı müzakirə ediblər. E.Məmmədyarov münaqişənin həllinə dair Azərbaycan tərəfinin mövqeyini amerikalı həmkarına çatdırıb, öz növbəsində, xanım Klinton da məsələnin həllində irəliləyiş əldə edilməsi vaxtının çatdığını deyib. Sonra tərəflər ikitərəfli, regional, enerji məsələləri, Yaxın Şərqdə gedən proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. H.Klinton Əfqanıstanda terror əleyhinə əməliyyatlarda verilən töhfəyə görə Azərbaycan tərəfinə bir daha ABŞ-ın minnətdarlığını çatdırıb.
ABŞ-Azərbaycan münasibətləri və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi bu gün Azərbaycan və ABŞ dövlətlərinin qarşılarında duran əsas məqsəddir və hər iki tərəfin maraq və mövqelərinə uyğun gəlir. Odur ki, xarici işlər idarələrinin rəhbərlərinin görüşü və bundan əvvəlki görüşlər də, onu deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün səylər göstərilir. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ABŞ-la Azərbaycan arasında genişmiqyaslı əməkdaşlıq və danışıqlar aparılır.
Azərbaycanla ABŞ arasındakı münasibətlərdən danışarkən ABŞ tərəfindən Azərbaycana yeni səfir təyin edilməsini xüsusi qeyd etmək lazımdır. Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin etdiyi səfir Metyu Brayza artıq Bakıdadır. Brayza bildirib ki, ailəsi ilə birgə yenidən Bakıda olmağına çox sevinir. "Mən və ailəm yenidən Azərbaycanda olmağımıza çox sevinirik. Mən etimadnaməmi Prezident İlham Əliyevə təqdim edəcəyim anı səbirsizliklə gözləyirəm. ABŞ-ın Azərbaycandakı səfiri kimi ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlığın daha da inkişaf etməsi, sülhün və demokratiyanın möhkəmləndirilməsi üçün mümkün olan hər şeyi edəcəyəm".
Münhen konfransında ABŞ Dövlət Departamentinin rəhbərinin, həmçinin, Ermənistan prezidenti Serj Sarkisyanla görüşməsi və onunla Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi də diqqətçəkən məqamlardandır. Görüş zamanı H.Klinton bildirib ki, Vaşinqton erməni-türk münasibətlərinin normallaşdırılması prosesinin davam etdirilməsinə yardım göstərəcək. Ermənistan prezidenti, öz növbəsində, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin, regionda sülh və təhlükəsizliyin saxlanılması işində fəal roluna mühüm əhəmiyyət verib. Sarkisyan ABŞ dövlət katibinə ATƏT-in Astana sammiti çərçivəsində Dağlıq Qarabağ probleminin nizamlanması məsələsi üzrə ifadə etdiyi dəqiq və balanslaşdırılmış mövqeyə görə təşəkkür edib. Görüş zamanı, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırkı mərhələsinə də toxunulub.
ABŞ Azərbaycanla digər sahələrdə də genişmiqyaslı əməkdaşlıq edir. Xüsusilə, Dağlıq Qarabağ probleminin həll edilməsində vasitəçilik edən ABŞ bu məsələnin həllinə xüsusi diqqət yetirir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ erməni işğalını pisləyir və tərəflər arasında razılığın əldə olunması üçün əlindən gələni edir. Münhendə münaqişə tərəfləri ilə Hillari Klintonun görüşü zamanı da bu məsələ ilə bağlı xüsusi danışıqların aparılması bir daha bunu sübut edir. ABŞ-ın Ermənistanı öz qeyri-konstruktiv mövqeyindən çəkindirməsi yönündə ona təzyiq etməsi də bu görüşün gedişatında qeydə alınması ehtimal olunan məqamlardandır.

Digər xəbərlər