Dövlətimiz şəffaflığın təmin edilməsi üçün zəruri addımlar atır
Azərbaycan Prezidenti canab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası ölkə ictimaiyyətində böyük maraq doğurub. Komissiyanın iclasından sonra dövlət qurumlarında geniş kollegiya iclasları keçirilir, müvafiq qərarlar qəbul olunur. Bizimlə həmsöhbət olan millət vəkilləri, cəmiyyətin ayrı-ayrı nümayəndələri də bu cür məsələlərin, atılan addımların təqdirəlayiq olduğunu vurğulayırlar. Ölkəmiz artan iqtisadi, siyasi gücü, milli maraqlarımızın beynəlxalq arenada möhkəmlənməsi Azərbaycanın iradəsi olmadan heç bir layihənin reallaşmaması dövlətimizin qüdrətinin daha da artmasına dəlalət edir. Eyni zamanda, ölkə daxilində də, uğurların əldə edilməsi vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinə səbəb olub. Bütün bunların müqabilində isə görülən işlərə əldə olunan uğurlara kölgə salan hallara yol verilməsi qeyri-mümkündür.
Aydın Mirzəzadə: "Azərbaycanda mövcud olan dövlət sistemi korrupsiyanın bütün mahiyyətini heçə endirir"
Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, prinsipcə bu gün korrupsiyaya qarşı mübarizəni bir iclasın nəticəsi ilə götürmək düzgün deyil. O, Azərbaycanda 1993-cü ildən böyük təcrübəli siyasətçi Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, elə bir dövlət sistemi qurduğunu qeyd etdi. Bildirdi ki, məhz bu sistem korrupsiyanın bütün mahiyyətlərini, ümumiyyətlə, heçə endirdi. "Çünki korrupsiyanı yaradan səbəblər, onun kökləri kifayət qədər məlumdur. Bu baxımdan, müxtəlif sahələrdə keçirilən islahatlar, Azərbaycanda korrupsiyanın səviyyəsini heçə endirməyə imkan verdi. Bununla bağlı Milli Məclis də korrupsiya ilə əlaqədar bir neçə qanun qəbul etdi. Eyni zamanda, müxtəlif qanunlara müəyyən düzəlişlər və əlavələr edildi. Korrupsiya ilə mübarizədə Prezident yanında xüsusi komissiya yaradıldı və Prezident Administrasiyanın rəhbəri bu komissiyaya rəhbərlik etdi. Bundan əlavə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də yaradıldı. Bütün bu iqtisadiyönümlü strukturlarda vahid pəncərə sisitemi yaradıldı ki, bu da məmurlarla sahikarların təmasını sıfıra endirdi" deyən A.Mirzəzadə, bir sözlə, yaradılan sistemin Azərbaycanda korrupsiyanın meydana çıxmasına və inkişaf etməsinə mane olduğunu da diqqətə çatdırdı. Bununla belə vaxtaşırı Korrupsiya İlə Mübarizəsi Komissiyasının iclasının keçirilməsi cəmiyyət qarşısında yeni məsələlərin açılmasının özü də göstərir ki, bu məsələ dövlətin və dövlət başçısının daim diqqətindədir deyən A.Mirzəzadə bu istiqamətdə vaxtaşırı zəruri tədbirlərin görüldüyünü də diqqətə çatdırdı. "Məhz sonuncu iclasdan sonra, bir sıra dövlət strukturlarında keçirilən kollegiya iclaslarında qarşıya qoyulan məsələlərin müəyyənləşməsi, bir daha onu sübut etdi ki, bütün bunlara dövlətin mövqeyi birmənalıdır. Bundan əlavə, atılan addımların əks sədası özünü göstərməkdədir. Çünki cəmiyyət görülən işlərə öz həyatda təcrübəsi ilə qiymət verə bilir. Ona görə də, hesab edirəm ki, komissiyanın bu məsələlərlə bağlı qarşıya qoyduğu vəzifələr dövlət tərəfindən qarşıya qoyulan vəzifələrdir. Bu baxımdan, artıq nəticələr özünü doğrultmaqdadır" deyən A.Mirzəzadə ölkə iqtisadiyyatının ildən-ilə artması, qeyri-neft sektorunun inkişafı, Azərbaycanda investisiya yatırımının yüksəlişinin təmin olunduğunu da diqqətə çatdırdı.
Mehriban Abasquliyeva: "Ölkəmizdə görülən işlərə kölgə salan hallara qarşı sərt tədbirlərin görülməsi labüddür "
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva da cəmiyyətin ölkədə aparılan islahatlarda bilavasitə iştirak etdiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan bu gün özünün malik olduğu inkişaf tendensiyası ilə bütün dünyada qabaqcıl yerlərdən birini tutmaqdadır. "Ölkə iqtisadiyyatında baş verən yüksəlişlər, sosial infrastrukturun inkişafı, səhiyyə sahəsində əldə olunan uğurlar, infrastruktur layihələrinin yüksək sürətlə icra olunması dövləti maraqlarımızın güclənməsini təmin edir. Neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, insan kapitalına yönəldilmiş addımların atılması cəmiyyətimizin də diqqətindədir. Amma bütün bunların müqabilində artan yüksəlişimizə, əldə olunan uğurlara yönəlik hər hansı bir hərəkətə yol verilməsi, neqativ halların baş verməsi təqdirəlayiq hal deyil" M.Abasquliyeva ictimaiyyətin də, bu məsələdə daha fəal olmasının vacibliyini dilə gətirib. Qeyd edib ki, dövlətimiz vətəndaşların sosial durumunun daha da yüksəlməsi, onların həyat tərzinin möhkəm formada təmin edilməsi üçün zəruri addımlar atır. Amma bunların müqabilində hər hansı bir strukturda neqativ hallar baş verirsə, insanları narazı salan hallara rast gəlinirsə, bu cür vəziyyətlərin tez bir zamanda aradan qaldırılması vacibdir deyən təşkilat sədri görülən işlərə kölgə salan hallara qarşı sərt tədbirlərin görülməsinin tərəfdarı olduğunu da dilə gətirib.