PDF Oxu

Əsas

  • 26

“Müxalifət partiyaları Azərbaycan xalqının rəyinə, fikrinə, verdiyi səslərə hörmətsizlik edir”

“Müxalifət partiyaları Azərbaycan xalqının rəyinə, fikrinə, verdiyi səslərə hörmətsizlik edir”
"Bütün bunların fonunda kimlərinsə - on nəfər olsun, yüz nəfər olsun, iki yüz nəfər olsun - yığılıb ölkədə yenidən parlament seçkiləri keçirilməsi haqqında bəyanatlar səsləndirməsi əvvəla məsuliyyətsizlikdən, ikincisi, özlərinin pis vəziyyətə salınması cəhdlərindən başqa bir şey deyil",- Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov bildirib.
YAP-ın Sədr müavininin sözlərinə görə, hər bir seçkinin taleyini seçicilər, yəni xalq həll edir.
"2010-cu ildə Azərbaycanda keçirilən seçkilərin taleyi də məhz bu cür həll olunub. Azərbaycan seçiciləri kimi dəstəkləmək, kimə səs vermək niyyətində olublarsa, ona da səs veriblər. Həmin insanlar da Parlamentdə Azərbaycan xalqını təmsil edir. Bütövlükdə özünə hörmət edən siyasətçilər də, siyasi təşkilatlar da reallığı qəbul etmək məcburiyyətindədirlər. Reallığı qəbul etməmək görüntüsü yaratmaq hər hansı siyasi partiyaya heç bir dividend gətirməyib. İnsanların rəyi ilə hesablaşmayanlar, xüsusilə də ona hörmət etməyənlər insanlar tərəfindən dəstəklənə bilməzlər. Əksinə, belə hesab edirəm ki, müxalifət partiyaları Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrini reallıq olaraq qəbul etmək haqqında bəyanat versəydilər, Azərbaycanın Parlamentində təmsil olunan insanları dəstəkləyən və ona səs verən vətəndaşlar buna daha müsbət yanaşardılar. Onlar ölkəmizdə keçirilən parlament seçkiləri haqqında, onu guya tanımamaq barəsində bəyanatlar səsləndirməklə, əslində Milli Məclisdə təmsil olunan insanlara səs vermiş adamları incitmiş olurlar", -Əli Əhmədov belə hesab edir.
Əli Əhmədovun fikrincə, Azərbaycan vətəndaşları müxalifət partiyalarına qarşı biganə olmaqda haqlıdırlar.
"Ona görə ki, həmən o müxalifət partiyaları Azərbaycan xalqının rəyinə, fikrinə, verdiyi səslərə hörmətsizlik edir. Buna görə eyni münasibəti də xalqdan görəcəklər və görürlər. Bu mənada, Azərbaycanda müxalifətin yaratdığı İctimai Palata deyilən bir qurumun səsləndirdiyi bəyanatın hər hansı bir perspektivini görmürəm. Azərbaycan cəmiyyəti Parlamentdə təmsil olunan insanların hamısına səs verib və bu yolla da onlar deputat mandatı qazanıblar. Buna baxmayaraq, dəfələrlə müxalifət parlament seçkilərini, guya insanların verdikləri səslərin düzgün hesablanmaması nəticəsində qərar qəbul olunması şəklində təqdim etməyə çalışıblar. Azərbaycan xalqı bunlara özünün biganəliyi ilə əslində, bu bəyanatların heç bir əsasa söykənmədiyinə işarə edib", - YAP-ın Sədr müavini bildirib.
Əli Əhmədovun sözlərinə görə, cəmiyyət bir tərəfdən insanlara səs verərək onların Parlamentdə təmsil olunmasını təmin edib, ikinci tərəfdən, müxalifətin çox müxtəlif formalarda, ardıcıl olaraq səsləndirdiyi, guya seçkilərin saxtalaşdırılması haqqında bəyanatlara da qeyri-ciddi yanaşaraq, əslində öz münasibətini bildirib. Bununla da Azərbaycan seçicisi parlament seçkilərinin legitimliyini təsdiq edir.
Ə.Əhmədov daha sonra bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin bərpa olunmasının iyirmi illiyini layiqincə qeyd edəcək. Əli Əhmədovun sözlərinə görə, həm YAP-ın İcra Katibliyi, həm partiyanın bütün yerli strukturları, o cümlədən gənclər Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünü layiqincə qeyd edəcək.
"Bütövlükdə bu hadisənin qeyd olunması ilə əlaqədar tədbirlərimizin mahiyyətində və kökündə dayanan əsas məntiq ondan ibarət olacaq ki, iyirmi ildə Azərbaycanın əzəmətli və tarixi bir yol keçdiyi reallığı təşkil etdiyimiz tədbirlərdə qırmızı xətlə özünü göstərə bilsin", - YAP-ın Sədr müavini bildirib. Əli Əhmədov qeyd edib ki, iyirmi il böyük bir tarix olmasa da, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, özünün və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan tarixinə çox böyük qələbələrlə daxil ola bilib.
"İstər müstəqil dövlətçiliyin qorunması, istər Azərbaycanın iqtisadi potensialının möhkəmləndirilməsi, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində, həmçinin Avropanın, demək olar ki, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli ölkəyə çevrilməsi baxımından bütün bunların hamısı iyirmi il ərzində Azərbaycanın keçdiyi əzəmətli yolun ifadəsidir", - deyə YAP-ın Sədr müavini bildirib. YAP rəsmisi hesab edir ki, Azərbaycan vətəndaşları keçilən bu yolla fəxr edə bilər. "Onu da ayrıca vurğulamaq istəyirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun kökündə Heydər Əliyev siyasətinin durduğunu unutmamalıdır", - Əli Əhmədov deyib.

Digər xəbərlər