Azərbaycanın ən istedadlı gəncləri ötən ilin yekunlarina görə mükafatlandırılıb
Ötən ilin yekunlarına görə müxtəlif sahələrdə nailiyyətlər qazanmış Azərbaycanın yaradıcı və istedadlı gəncləri fevralın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında mükafatlandırılıblar. 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə 2010-cu ildə beynəlxalq və yerli müsabiqələrdə, konsert, sərgi, festival, olimpiada, yarış və oyunlarda fərqlənənlərə "Gənclər mükafatı" təqdim olunub. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, gənclər sahəsində görülən tədbirlərin həm kəmiyyəti, həm də keyfiyyəti ilbəil artmaqdadır. Ümumiyyətlə, gənclərin Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsinə ötən ildə də xüsusi diqqət yetirilib. Nazir Azərbaycan dövlətinin ölkəmizin sabahını düşündüyünə görə bu gün gənclərə qayğı göstərdiyini söyləyərək, 2011-cu ildə bu sahədə daha çox layihələrin həyata keçiriləcəyinə və yeni istedadların aşkar olunacağına əminliyini bildirib. Konsertlə müşayiət olunan mərasimdə 22 istedadlı gənc mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov və təhsil nazirinin müavini Elmar Qasımov təqdim ediblər. Tədbirdə dövlət və hökumət rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.