Azərbaycan gəncliyi aparıcı qüvvəyə çevrilib
Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Məhz bunun nəticəsidir ki, bu gün ölkə gəncləri Ulu Öndər Heydər Əliyevə və Onun layiqli davamçısı, Prezident İlham Əliyevə böyük etimad göstərir və özünün gələcək inkişaf perspektivini Onun adı ilə bağlayır. "SƏS" qəzetinə açıqlama verən ölkənin fəal gəncləri əldə edilən nailiyyətlərə görə, Ulu Öndər Heydər Əliyevə hər zaman borclu olacaqlarını bildirdi. Müsahibimiz Bakı Şəhər Gənclər və İdman İdarəsinin gənclərlə iş şöbəsinin müdiri Nəcəf Novruzovdur.
- Nəcəf müəllim, bildiyimiz kimi, ölkəmizdə gənclərlə bağlı yürüdülən siyasət dövlətimiz tərəfindən uğurla davam etdirilməkdədir. Bu siyasətin təməlini Ümummilli Liderimiz Heydər Əliyev qoymuşdur. Ümumiyyətlə, siz Azərbaycanda yürüdülən gənclər siyasətinin fəaliyyət istiqamətini və təməli prinsiplərini necə dəyərləndirərdiniz ?
- Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.
O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülmüşdür. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir". Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi. Yeri gəlmişkən, indiyədək gənclərin 5 forumu keçirilmişdir.
- 1997-ci ildə Ulu Öndər fevral ayının 2-ni Azərbaycan Gənclər Günü elan etdi. Həmin gün ölkə gənclərinin həyatında, tarixində əlamətdar bir gün kimi yazıldı. Eyni zamanda, bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün Azərbaycan gəncinin ölkə həyatında aparıcı rol oynamasına daha hansı amilləri əlavə etmək olar ?
- Ulu Öndər gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. II forumda gənclərə müraciət edən Ümummilli Liderimiz demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!" Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bütün bunlar Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi.
Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev Ümummilli Liderimizin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmişdir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formlaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir.
- Ölkə Prezidenti İlham Əliyevin gənclər siyasəti ilə bağlı mühüm sərəncamlar imzalamış və qərarlar qəbul etmişdir. Sizcə, bu sərəncamların ölkə gənclərinin fəallığında hansı rolları oldu?
- Ümummilli Liderimiz Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Eyni zamanda, gənclərə Vətəninə, adət-ənənələrinə, kökünə sadiq olmağı və dövlətinə xidmət etməyi öyrədirdi. Azərbaycanın inkişafı üçün bu gün önəmli postlarda çalışan gənclər bu siyasətin nəticəsidir. Bəli, artıq bu gün Ümummilli Liderimiz Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var - ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasəti dəstəkləmək və bu siyasəti uğurla davam etdirmək.
Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı, məhz gənclərimizin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.