"Bu gün aparılan siyasət Azərbaycanda yaradıcı, intellektual biliyə malik gənclər sinfinin formalaşmasına yönəlib"
Son illər ərzində ölkədə "qara qızıl"ın "intellektual qızıl"a çevrilməsi siyasəti gənclər sektorunda həyata keçirilən işlərin bariz nümunəsidir. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov məlumat verib. O bildirib ki, bu gün formalaşan yeni gənc nəsli intellektual, yaradıcı, yüksək gəlirli gəncə çevirmək üçün 5 minə yaxın gənc öz təhsillərini müxtəlif ölkələrdə davam etdirir. E.Aslanlının sözlərinə görə, burada əsas məqsəd Azərbaycanda yeni intellektual məkanın yaradılması üçün yeni insanların formalaşmasıdır.
"Xaricdən gələn və dövlət qurumlarında işləyəcək gənclər öz bilikləri və bacarıqları ilə digərlərinə nisbətən daha geniş fayda verəcəklər. Bu da "qara qızıl"ın intelektual qızıla çevrilməsi, yeni insan kapitalının formalaşması üçün zəmin yaradır. Azərbaycan Prezidentinin bu gün apardığı siyasət Azərbaycanda yaradıcı, intellektual biliyə malik gənclər sinfinin formalaşmasına yönəlib", - deyə o əlavə edib. Elnur Aslanlının fikrincə, ancaq bu illər ərzində gənclər siyasəti sahəsində görülən işlərlə kifayətlənmək olmaz. Şöbə müdiri vurğulayıb ki, bundan sonra da gələcək illər üçün işlər görmək, fəaliyyət göstərmək, yeni layihələr icra etmək lazımdır.