Korrupsiyaya qarşı mübarizə gücləndirilir
Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. 2010-cu ildə komissiyanın fəaliyyətinin yekunlarına və Nazirlər Kabinetinin son iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş toplantıda Prezident Administrasiyasının məsul əməkdaşları, mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə və digər dövlət orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, Bakı şəhəri və paytaxt rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət və aparılan islahatlar nəticəsində Azərbaycanın ötən il də sosial-iqtisadi sahədə mühüm uğurlar qazandığını, nəzərdə tutulan bütün proqramların icra olunduğunu qeyd edən natiq, toplantı iştirakçılarının və komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara yönəldib.
"Həmin iclasda İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib"- deyə PA rəsmisi bildirib.
Komissiyanın toplantısının Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə keçirildiyini bildirən Ramiz Mehdiyev deyib: "Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır".
Administrasiya rəhbəri ölkə başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs edib, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
İclasda Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və başqaları Prezidentin toplantıda səsləndirilən tapşırıqlarını yerinə yetirmək və məruzədə vurğulanan neqativ halları aradan qaldırmaqla bağlı müvafiq təkliflərlə çıxış ediblər. Toplantıda aidiyyəti dövlət orqanlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Nazirliyin bütün struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiyada ədliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, xidməti yoxlamaların səmərəliliyinin yüksəldilməsi, ədliyyə işçilərində antikorrupsiya mədəniyyətinin formalaşdırılması, icra işinin və notariat fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, penitensiar müəssisələrdə qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, məhkumların hüquqlarının qorunmasına diqqətin artırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin və məhkəmələrdə icra və əmək intizamının gücləndirilməsi barədə ciddi tapşırıqlar verilib.
Kollegiyada nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı yoxlamaların nəticələri üzrə ötən il 4 nəfər barədə materialların prokurorluğa göndərilməsi, habelə, 220-dən çox ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi, o cümlədən, 26 nəfərin vəzifədən azad və ədliyyə orqanlarından xaric olunması diqqətə çatdırılmış, yoxlamalar zamanı prinsipiallığın artırılması, aşkar edilmiş nöqsanlarla bağlı ən sərt tədbirlərin görülməsinin zəruriliyi bildirilib, rəhbər işçilərin şəxsi məsuliyyəti vurğulanıb.
Bununla yanaşı, iclasda ərizə və şikayətlərlə əlaqədar səmərəli araşdırmaların aparılması və operativ tədbirlərin görülməsi, nazirliyin internet saytından və "qaynar xətt"lərindən maksimum səmərəli istifadə edilməsi, ədliyyə orqanlarında vətəndaşlara göstərilən xidmətlərə görə dövlət rüsumları barədə əhalinin dolğun məlumatlandırılması və onlara dönmədən riayət olunması, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin yaradılması məqsədilə hüquqi maarifləndirmə işinin genişləndirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, treninqlərin və tədris tədbirlərinin təşkili ilə bağlı konkret tədbirlər müəyyən olunub.
Ümumiyyətlə, son zamanlar Azərbaycanda korrupsiya hallarına qarşı dövlət səviyyəsində mübarizə xeyli gücləndirilib. Xüsusilə, vergi, gömrük, bələdiyyə, səhiyyə, məhkəmə, sistemində aparılan yoxlamalar bir çox qanun pozuntularının üzə çıxarılmasını və günahkarların cəzalandırılmasını təmin edib.
Prezident İlham Əliyev hökumətin bütün iclaslarında bu məsələyə toxunur və bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır. Dövlət başçısı dəfələrlə korrupsiyada əli olan dövlət qulluqçularını işdən azad edib. Bu sırada nazirlər və komitə sədrləri kimi yüksək rütbəli məmurlar da olub.
Korrupsiya problemi az və ya çox dərəcədə dünyanın bütün ölkələrində mövcuddur. Təbii ki, korrupsiya, rüşvətin olmasında təkcə dövləti günahlandırmaq düzgün deyil. Burada cəmiyətin mənəvi-psixoloji durumu da önəmli rol oynayır. Gərək, vətəndaşların özü bunda maraqlı olsun. Azərbaycanda insanlar, təəssüf ki, qanunlara əməl etməyə o qədər də maraqlı deyil. Bir çox insanlar korrupsiya və rüşvətə qarşı mübarizə aparmaq əvəzinə, gedib hansısa məmura rüşvət verirlər.
Amma dövlət orqanları bu problemi aradan qaldırmaq üçün əlindən gələni edir. Korrupsiyaya qarşı Mübarizə İdarəsində hər il xeyli sayda dövlət qulluğunda çalışan adamlara cinayət işi açılır. Milli Məclisdə Hesablama Palatası tərəfindən dövlət qurumlarda aparılan yoxlamaların nəticələri barədə məlumatlar verilir. Bunlar onu göstərir ki, dövlət olaraq, korrupsiya ilə mübarizə aparılır.