PDF Oxu

Əsas

  • 16

Milli Məclisin yaz seesiyası öz işinə başladı

Milli Məclisin yaz seesiyası öz işinə başladı

Dünən Milli Məclisinin 2011-ci il yaz sessiyası öz işinə başladı. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov deputatları sessiyanın başlaması münasibətilə təbrik etdi və qanun yaradıcılığı işində uğurlar arzuladı.

Oqtay Əsədov: "Ötən sessiyada dördüncü çağırış Milli Məclisin 4 iclası keçirilmiş, 44 qanun və qərar qəbul edilmişdir"

Oqtay Əsədov bildirdi ki, ötən sessiyada dördüncü çağırış Milli Məclisin 4 iclası keçirilmişdir: "Bu iclaslarda 44 qanun və qərar qəbul edilmişdir. Parlament Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərini fəal dəstəklədiyini nümayiş etdirmişdir. Vətənimizin işıqlı sabahı naminə gördüyü dəyərli işlər sayəsində Prezident İlham Əliyev xalqımızın dərin ehtiramını və rəğbətini qazanmışdır. Cənab Prezidentin uzaqgörən siyasəti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Azərbaycanın xoşbəxt gələcəyi bu gün dövlətimizin başçısının əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə tam bağlıdır. Şübhə yoxdur ki, Milli Məclis də ölkəmizdə aparılan islahatların, demokratikləşmə prosesinin qanuvericilik bazasını daha da möhkəmləndirəcək və təkmilləşdirəcəkdir".
Milli Məclis Sədri qeyd etdi ki, yaz sessiyasında parlamenti gərgin və maraqlı iş gözləyir. Bu sessiyada digər qanun layihələrinin müzakirəsi ilə yanaşı, Nazirlər Kabinetinin hesabatı dinləniləcək, eləcə də, 2010-cu ilin dövlət büdcəsinin icrasına dair məsələ gündəliyə çıxarılacaq. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik hesabatı, eləcə də, insan hüquqları müvəkkili və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatları dinlənəcək. Milli Məclisin Sədri O.Əsədov əmin olduğunu bildirdi ki, parlamentin yaz sessiyası yüksək səviyyədə keçəcək.

Səməd Seyidov: "Dağlıq Qarabağla bağlı hər bir qurumun fəaliyyəti bizim üçün önəmlidir"

Sonra iclasda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası ilə bağlı Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun məlumatı dinlənildi. S.Seyidov bildirdi ki, AŞPA-nın qış sessiyasında iştirak etmiş Azərbaycan Milli Məclisinin yenilənmiş nümayəndə heyəti fəallıq nümayiş etdirmişdir. Yüksək səviyyəli nümayəndə heyətinin formalaşdırıldığı üçün təşəkkürünü ifadə edən S.Seyidovun sözlərinə görə, AŞPA-nın qış sessiyası da göstərdi nümayəndə heyətimizin arxasında güclü dövlət və onun Avropada və dünyada tanınan Prezidenti var. Prezident İlham Əliyevin Avropa Şurasında nüfuzu və gördüyü işlər bu gün hamımız üçün böyük fəxarətdir.
Nümayəndə heyətinin rəhbəri dedi ki, 2005-ci ildə yaradılmış AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsi 2 il fəaliyyət göstərdi. Ancaq onun sədri dünyasını dəyişəndən sonra ermənilər alt komitənin işinin bərpa olunmasının əleyhinə çıxdılar. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, AŞPA-nın qış sessiyası zamanı AŞ-nin Bürosunun, prezidentinin və vitse-prezidentlərinin iclaslarında Dağlıq Qarabağ üzrə altkomitənin fəaliyyətinin bərpası müzakirə olundu, İspaniyadan olan deputat onun sədri təyin edildi. Artıq faktiki olaraq, altkomitə öz işini bərpa edib, AŞPA-nın aprel sessiyasından etibarən isə aktiv fəaliyyətə başlayacaq.
S.Seyidov AŞPA-nın Azərbaycana qarşı qeyri-obyektiv olaraq "siyasi məhbus"larla bağlı məruzəçi təyin etməsinin qəbulolunmaz olduğunu qeyd etdi: "Biz istəyirik ki, Azərbaycanda insan hüquqlarını araşdıran təşkilatlar başqa ölkələrdə siyasi məhbuslar axtarsınlar. Ancaq 47 üzvün içərisində bir ölkəni hədəf seçmək, ona mənfi münasibət bəsləmək, qonşu ölkədə deputatların türmədə saxlanmasını, jurnalistlərin həbs olunmamasını görməmək qeyri-obyektivlikdir".

Azərbaycanda
"siyasi məhbus" problemi yoxdur

Gündəliyin müzakirəsinə keçməzdən əvvəl, deputatlar bəzi məsələlərlə bağlı fikirlərini bildirdilər, o cümlədən, AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin dövlətimizin maraqlarını layiqincə müdafiə etməsini yüksək qiymətləndirdilər.

Azay Quliyev: "Əgər təşkilat siyasi məhbus axtarırsa, onda Ermənistana müraciət etməlidir"

Millət vəkili Azay Quliyev də çıxışında Azərbaycana qarşı tətbiq edilən "siyasi məhbus" məsələsinə etiraz etdi. Onun sözlərinə görə, bu haqda ölkəmizin bir çox QHT-ləri də Avropa Şurasına etiraz edir. Millət vəkili deyib ki, əgər təşkilat siyasi məhbus axtarırsa, onda Ermənistana müraciət etməlidir.

Siyavuş Novruzov: "Bu məsələnin gündəmə gəlməsində bəzi "hüquq müdafiəçilərinin" xüsusi rolu var"

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirdi ki, bu məsələnin gündəmə gəlməsində bəzi "hüquq müdafiəçilərinin" xüsusi rolu var. O, digər beynəlxalq təşkilat ATƏT DTİB-nin Azərbaycanda keçirilmiş son parlament seçkiləri ilə bağlı açıqladığı yekun hesabatı tənqid edib. Millət vəkilinin sözlərinə görə, bu hesabat tamamilə qərəzlidir: "Azərbaycan azad və şəffaf parlament seçkiləri keçirilib. Necə olur ki, ATƏT Əfqanıstan, İraq kimi ölkələrdə seçkiləri demokratik elan edir, amma Azərbaycanda vəziyyət əksinə olur".

Mübariz Qurbanlı: "ABŞ səfirliyi terror məsələsinə aydınlıq gətirməlidir"

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı cari məsələlərin müzakirəsi zamanı bildirdi ki, Azərbaycan Milli Məclisi ABŞ səfirliyinin Azərbaycandakı Amerika vətəndaşları üçün elan etdiyi terror təhlükəsi ilə bağlı səfirliyə sorğu göndərməlidir. O, bildirdi ki, ABŞ səfirliyi bu məsələyə aydınlıq gətirməlidir: "Onlar bu məlumatı haradan alıblar? Həmin açıqlama həm Azərbaycan vətəndaşlarını narahat edir, həm də Azərbaycana gəlmək istəyən xarici vətəndaşlara təsir göstərir. Onlar hansısa təhlükənin olduğunu zənn edib, Azərbaycana gəlməyə bilərlər. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir".
Deputat Mübariz Qurbanlı son günlər İranın Azərbaycanın daxilii işlərinə qarışması ilə də bağlı məsələyə toxundu: "Biz də buna qarşı öz sözümüzü deməliyik. Bununla əlaqədar olaraq Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu vasitəsilə etiraz göndərə bilərik".

Ziyafət Əsgərov: "Avropada "siyasi məhbus" anlayışı yoxdur və belə bir meyar müəyyən edilməyib"

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə AŞPA-da "siyasi məhbuslar" məsələsinin yenidən gündəmə gətirilməsinə münasibət bildirdi. Onun sözlərinə görə, biz bu məsələlərlə dəfələrlə rastlaşmışıq: "Çoxlu müzakirələrimiz olub və dəfələrlə məsələ qaldırmışıq ki, siz "siyasi məhbus" deyəndə nə nəzərdə tutursunuz? Məlum olur ki, Avropanın özündə "siyasi məhbus" anlayışı yoxdur. Heç bir Avropa dövlətinin Cinayət Məcəlləsində "siyasi məhbus" anlayışı yoxdur. Bu anlayışı beynəlxalq sənədlərə, konvensiyalara niyə salmadıqlarını soruşanda isə, məlum olur ki, qəsdən salmırlar. Çünki hər hansı bir dövlətin daxili işlərinə qarışmaq üçün bu, onlara lazımdır".
Ziyafət Əsgərov dedi ki, Azərbaycan bu gün çox gözəl inkişaf dövrünü yaşayır. Amma nəzərə almalıyıq ki, nə qədər inkişaf etsək, düşmənlərimiz də artır. Bu da bir reallıqdır. "Hər bir Azərbaycan vətəndaşı, xüsusilə, deputatlar bütün məsələlərdə ayıq olmalı, dövlətimizin, Prezidentimizin ətrafında birləşməlidir. Hər bir kəs Azərbaycanın Ordusuna dəstək olmalıdır. Nə qədər zəif olursan, səni əzirlər. Bizim isə zəif olmağa haqqımız yoxdur. Biz bundan sonra daha da güclü olmalıyıq"- deyə Ziyafət Əsgərov bildirdi.
Sonra iclasın gündəliyində olan məsələlərin müzakirəsi başladı. İlk olaraq Milli Məclisin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edildi. Qeyd edək ki, qanunvericilik işləri planına əsasən yaz sessiyasında Milli Məclisdə tikinti, şəhərsalma, rəqabət, gömrük məcəllələrinin layihələrinin, "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "İcbari sığortalar haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "Elm siyasəti haqqında", "Ali təhsil haqqında", "Sosial xidmət haqqında" qanun layihələrinin, o cümlədən, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında məsələlərin müzakirəsi planlaşdırılır. Təbii ki, sessiya ərzində Milli Məclis qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrini də müzakirə edəcək.
Müzakirələr zamanı deputatlardan Musa Quliyev, Elmira Axundova, Əli Məsimli, Qüdrət Həsənquliyev, Fazil Mustafa və digərləri qanunvericilik işləri planı ilə bağlı təkliflərlə çıxış etdilər.
YAP İcra katibinin müavini, millət vəkili M.Qurbanlı Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən məsələlərin çox vacib və mühüm olduğunu vurğuladı. Qeyd etdi ki, burada müxtəlif sahələrdə zəruri olan müxtəlif qanun layihələri öz əksini tapıb. M.Qurbanlı, həmçinin, qanunların adı ilə bağlı təkliflə çıxış etdi. Qanunların adından "haqqında" sözünün götürülməsini təklif edən M.Qurbanlının sözlərinə görə, bununla həm dil yüngülləşər, qanunun hansı sahəni əhatə etməsi daha aydın olar.
Millət vəkili adlar və soyadlar məsələsinə də toxundu, həmçinin, Ümummilli Lider Heydər Əliyevin irsinin qorunub saxlanması ilə bağlı qanun layihəsinin işlənib hazırlanmasını təklif etdi. Bildirdi ki, bir çox ölkələrdə dahi şəxsiyyətlərlə bağlı kommissiyalar yaradılıb.

Əli Əhmədov: "Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının bərpa olunması və tanınması ilə bağlı ikipilləli iş görməliyik"

YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının tanınması və qorunması ilə əlaqədar qanunvericilik bazasının yaradılması təklifi ilə çıxış etdi: "Stalin rejimi zamanı deportasiyaya uğramış bütün millətlər və xalqlar sonra öz hüquqlarını bərpa edə bildilər. Hesab edirəm ki, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının bərpa olunması və tanınması ilə bağlı ikipilləli iş görməliyik. Birinci mərhələdə Azərbaycan qanunvericiliyi səviyyəsində hüquqları pozulmuş həmin insanların və onların nəsillərinin hüquqlarının tanınması və qorunması yönündə addımların atılmalıdır. İkinci mərhələdə isə azərbaycanlıların hüquqlarının tanınması və bərpa olunması istiqamətində Avropa səviyyəsində iş aparılmalıdır. Bunun üçün, ilk növbədə, Azərbaycanda hüquqi bazanın yaradılmasına və hüquqi addımların atılmasına ehtiyac var".

Ə.Əhmədov "Ali təhsil haqqında" qanun layihəsinin adının dəyişdirilərək "Universitetlər haqqında" qanun layihəsi adlandırılmasını təklif etdi.
Milli Məclisin iclasında gündəlikdə olan "İntizam və Hesablayıcı komissiyaların yenidən təşkil edilməsi" də müzakirə edildi. Deputatlar Fəttah Heydərov, Gülər Əhmədova, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət İntizam Komissiyası təşkil olundu. Hesablayıcı komissiyaya isə millət vəkilləri İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxil edildi.
Hər iki məsələ parlamentin iclasında səsə qoyularaq təsdiqləndi.
Gündəlikdə olan "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" saziş layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Sonra saziş deputatların səsə çoxluğu ilə təsdiqləndi.
Həmçinin, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi də müzakirə olundu. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Komitə sədri bildirdi ki, dəyişikliklər texniki xarakter daşıyır və Məcəllə Konstitusiyaya uyğunlaşdırılır: "Əlavə və dəyişikliklər Konstitusiyaya edilmiş əlavələrdən irəli gəlir. Əlavələrin mahiyyəti Milli Məclis və prezident seçkilərinin müddətinin müstəsna hallarda uzadılmasına imkan verir. Seçki Məcəlləsinə "müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda, Mərkəzi Seçki Komissiyası Konstitusiyanın 84-cü maddəsinin I hissəsinə və 101-ci maddəsinin V hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinə müraciət edir" ifadəsi əlavə olunub".

Digər xəbərlər