PDF Oxu

Əsas

  • 28

2010-cu il Səbail rayonu üçün uğurlu keçdi

2010-cu il Səbail rayonu üçün uğurlu keçdi
Dünən Səbail rayon icra hakimiyyətinin akt zalında rayonun 2010-cu ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən işlərə yekun vurularaq, 2011-ci il üçün qarşıda duran vəzifələr müzakirə olundu. Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi.
A.Əsgərov 2009-cu il ərzində rayonda görülən işləri təhlil edərək, həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışdı.
Natiq qeyd edərək, bildirdi ki, ötən il Səbail rayonunda ilin yekunlarına görə sənaye müəssisələri üzrə 20172,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 23,3 faiz çox məhsul istehsal edilmişdir: "Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 476,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,1 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Keçən il ərzində rayondakı rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 785,4 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünə nisbətən 12,3 faiz çox xidmət göstərilib, əhaliyə 623.8 milyon manatlıq istehlak malları satılıbdır. Pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,0 faiz artaraq 260,8 milyon manata, pullu xidmətlərin həcmi isə 3,1 faiz olmaqla 299,5 milyon manata çatmışdır".
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 476,8 milyon manatlıq nəqliyyat xidməti göstərilib. 2010-cu il ərzində rayonda 1396 daimi iş yeri açılıb. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Azərbaycanın ən böyük infrastruktur layihələrindən biri Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə bağlı rayonun Badamdar qəsəbəsi, Bayıl və 20-ci yaşayış sahələrində yaşayanların içməli su ilə təminatı daha da yaxşılaşacaqdır. Bu obyektlərin açılış mərasimlərində ölkə başçısının iştirakı Səbail rayonuna olan diqqət və qayğının bir nümunəsidir. Rayonda aparılan abadlıq işləri ilə bağlı məlumat verən Səbail rayon icra hakimiyyətinin başçısı bildirdi ki, rayonda yeni inşa olunmuş "Dalğa Plaza" İş, Bakı Biznes, "Park Bulvar" Ticarət və İstirahət Mərkəzləri, Bayıl yaşayış sahəsində Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi, Neftçilər prospekti 135 ünvanda inşa olunmuş piyada keçidlərində əsaslı təmir-yenidənqurma işləri aparılmış, Respublika Kliniki Uroloji Xəstəxanasının, "Respublika" mehmanxanasının, "Fəvvarələr Meydanı"nın, "Xaqani" bağının, Nizami küçəsinin, 132-134 saylı Təhsil Kompleksinin açılışı olmuş, "Bakı-Ələt avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarının arasında yolun yeni trasa köçürülməklə yenidən qurulması" layihəsi əsasında Bibiheybət qəsəbəsi yaxınlığından keçən yeni yol istifadəyə verilmişdir.
Natiq 2010-cu ilin may ayında 1966-cı ildə inşa olunmuş Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və yenidənqurma işlərinə başlanıldığını, sentyabr ayının 7-də açılışı olduğunu söylədi: "236 saylı orta məktəbdə keçirilən açılış mərasimində ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak edərək, burada aparılan təmir işlərindən çox razı qalmışdır. Həmçinin, ötən ildə rayonda Səbail rayon polis idarəsinin yeni binası istifadəyə verilmiş, ilin sonunda Badamdar qəsəbəsində Bakı elektrik şəbəkənin "Badamdar yarımstansiyası"nın və Səbail rayon enerji təchizatı və satışı idarəsinin yeni inzibati binasının tikintisi başa çatmışdır. Həmçinin, ötən il rayonda sosial obyektlərin tikintisi və təmiri istiqamətində Səbail rayon icra hakimiyyəti tərəfindən böyük işlər həyata keçirilib. Belə ki, 23 min üzvü olan Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı üçün yeni bina inşa edilib. Ölkə başçısı tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə ekoloji problemlərin həllinə olan diqqəti daha da artırmış, keçən il ərzində keçirilən iməciliklərdə 37 min 500-ə yaxın ağac əkilib".
Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar oldu. Məruzə ətrafında çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev və digər natiqlər Səbail rayonunun hesabatını uğurlu hesab etdilər.
Tədbirin sonunda rayonun sosial-iqtisadi sahədə əldə etdiyi uğurları mətbuat səhifələrində işıqlandırdıqlarına görə bir qrup qəzet redaktoruna mükafatlar təqdim edilib. Səbail rayon icra hakimiyyətinin başçısı A.Əsgərov xüsusi olaraq "Səs" qəzetinin 20 illik yubileyi ilə bağlı qəzetin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin rəhbəri Bəhruz Quliyevi və qəzetin kollektivini təbrik edərək, onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı. Eyni zamanda, "Səs" qəzetinin baş redaktoru B.Quliyevə rayon icra hakimiyyəti adından xüsusi mükafat təqdim olundu. Həmçinin, 2010-cu ildə müxtəlif müsabiqə və yarışlarda yüksək nəticələr əldə etmiş 10 şagirdə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verildi. Yığıncaqda YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin vaş redaktoru Vüqar Rəhimzadə və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu iştirak edibdir.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olundu.

Digər xəbərlər