PDF Oxu

Əsas

  • 24

Qəbələdə YAP Gənclər Birliyinin III konfransı öz işini uğurla başa çatdırıb

Qəbələdə YAP Gənclər Birliyinin III konfransı öz işini uğurla başa çatdırıb

Yanvarın 29-da Qəbələ şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin III konfransı keçirilib. Konfransda respublika üzrə 84 rayon (şəhər) təşkilatından 152 nümayəndə iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfransda YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, təhsiı naziri Misir Mərdanov, YAP İdarə Heyətinin üzvü, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradova, millət vəkilləri Fəttah Heydərov, Məlahət İbrahimqızı, Sevinc Həsənova, Ceyhun Osmanlı və Rauf Əliyev iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfransın gündəliyi haqqında məlumat verilib. Gündəlikdə YAP-ın Gənclər Birliyinin II və III konfransları arasında olan dövrün hesabatı və təşkilati məsələlər yer almışdı.
Konfransda hesabat məruzəsi ilə Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva çıxış edib. O, öncə 2 Fevral - Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gəncliyini təbrik edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan ətraflı danışıb. Məruzədə Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar qeyd edilib və göstərilib ki, Azərbaycanda əldə edilən uğurlar gənclərimizin də ictimai - siyasi həyatda iştirakına böyük təsir göstərib. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladığı fərman və sərancamların əhəmiyyəti və onların həyata keçirilməsi sayəsində gənclərin dövlət idarəçiliyində iştiraklarının genişlənməsi istiqamətində ciddi irəliləyişə nail olunduğu xüsusi qeyd edilib. Hesabat məruzəsində YAP Gənclər Birliyinin ötən dövrdə həyata keçirdiyi tədbirlər və əldə edilən uğurlar barədə geniş məlumat verilib. "YAP 520 mindən çox insanı ətrafına birləşdirib. Belə partiyada təmsil olunmaq şərəfli və məsuliyyətlidir", - deyən S.Quliyeva partiyanın Gənclər Birliyi Şurasının və İdarə Heyətinin iclaslarında müxtəlif məsələlərin müzakirə olunduğunu və ötən illərdə YAP Gənclər Birliyinin fəaliyyətinin yüksələn xətt üzrə inkişaf etdiyini, bir sıra ölkələrin gənclər təşkilatları ilə əlaqələrin qurulduğunu bildirib. Qeyd olunub ki, hazırda YAP üzvlərinin 39.9 faizini gənclər təşkil edir və Azərbaycan cəmiyyətinin həyatı ilə bağlı bütün məsələlərdə YAP Gənclər Birliyi yaxından iştirak edir.
Daha sonra hesabat ətrafında çıxışlar dinlənilib. Çıxış edən TürkPA - nın baş katibi (YAP GB-nin sabiq sədri) Ramil Həsənov əldə etdiyi bütün uğurlarda YAP-ın böyük rolunun olduğunu qeyd edib. O, buna görə YAP rəhbərliyinə minnətdarlığını bildirib. Diplomatik işə keçməsi ilə əlaqədar, sədrlikdən getdiyini qeyd edən Ramil Həsənov YAP Gənclər Birliyinə rəhbərlik etdiyi illərdə YAP rəhbərliyinin yaxından köməklik və dəstək göstərdiyini deyib. O, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədova TürkPA-nın mükafatını təqdim edib.
Naxçıvan Dövlət Universitetinin magistri Nargilə Əsədova, YAP GB-nın İdarə Heyətinin üzvü, Azərbaycan Dövlər İqtisad Universitetinin prorektoru Seymur Orucov, YAP Gənclər Birliyi Gəncə şəhər təşkilatının sədri Ramin İbrahimov, Göyçay rayon təşkilatının sədri Aytən Nəbiyeva, Ağdam rayon təşkilatının sədri Amil Cavadov və başqaları çıxışlarında YAP Gənclər Birliyinin II Konfransından ötən dövr ərzində görülmüş işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələr barədə fikir və mülahizələrini bildirdilər.
Konfransda qonaq kimi iştirak edən "Eurovision" mahnı müsabiqəsinin mükafatçısı Səfurə Əlizadə çıxış edərək ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini vurğulayıb. O, YAP Gənclər Birliyinin fəaliyyətinə toxunaraq qeyd edib ki, təşkilat ölkə gəncləri arasında böyük nüfuz qazanıb. S.Əlizadə çıxışı zamanı YAP rəhbərliyinə partiya sıralarına üzv olmaq haqqında müraciət edib.

Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov isə bildirib ki, Azərbaycanda gənclər siyasəti sahəsində çox böyük uğurlar əldə edilib: "Azərbaycanda 20 il ərzində çox ölkələrin 100 ildə görə bilmədiyi işlər görülüb. Gənclərə üz tutub deyirəm ki, Ümummilli lider Heydər Əliyevi heç zaman unutmaq olmaz, onu hər zaman anmalıyıq". O, YAP-ın 200 mindən çox gənc üzvü olduğunu qeyd edərək, bu gənclərin gücü ilə hər sahədə əhəmiyyətli uğurlar əldə etməyin mümkünlüyünü qeyd edib. Təhsil naziri YAP-ın rəhbərliyində, idarə heyətində sağlam və işgüzar mühitin olduğunu vurğulayıb. O, gəncləri bütün sahələrdə dəstəklədiklərini və onlara köməklik göstərdiklərini bildirib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradova da çıxışında 2 Fevral Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib və yeni seçiləcək heyətə uğurlar arzulayıb: "İnanıram ki, yeni heyət də işləri uğurla davam etdirəcək".
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışmış, Prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman və sərancamların əhəmiyyətini qeyd etmişdir.
MM-in deputatı Fəttah Heydərov çıxış edərək, konfransın uğurla keçdiyini, Azərbaycan gəncliyinin gələcəyinin parlaq olduğunu bildirdi. Millət vəkili Azərbaycan gəncliyinin Ulu Öndərin hakimiyyətə gəlməsi ilə yüksəldiyini vurğuladı.
Konfransda çıxış edən YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov bu tədbirin YAP Gənclər Birliyinin, tədbirdə iştirak edən hər bir gəncin həyatında əlamətdar hadisə olduğunu deyib. O, qeyd etmişdir ki, YAP Gənclər Birliyinin III konfransının Qəbələdə keçirilməsi təsadüfi deyil: "Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində təkcə paytaxt Bakı deyil, bütün bölgələrimiz də sürətlə inkişaf etməkdədir. Azərbaycanın bu gözəl guşəsinin inkişafına da bu gün hər birimiz şahidik. Bölgələrimizin inkişafı region gənclərinin də fəallığının artmasına özünün müsbət təsirini göstərir. Bu fakt həmçinin, onu sübut edir ki, gənclərimiz Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Ümumiyyətlə, Prezident İlham Əliyev həyata keçirdiyi siyasət nəticəsində müstəqil dövlətimiz daha güclənməkdədir. Bu gün Azərbaycan dinamik inkişaf edir, ölkəmizin beynəlxalq müstəvidə mövqeləri daha da güclənir, əhalinin rifahı daha da yüksəlir, o cümlədən gənclər dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bir sözlə, ölkəmizdə bütün sahələr üzrə inkişaf böyük vüsət alıb. Bütün bunlara görə, sizin adınızdan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm".
Əli Əhmədov YAP Gənclər Birliyinin üzvlərinin ölkəmizin inkişafı üçün hər cür fədarkarlığa, qəhrəmanlığa hazır olduqlarını qeyd edib: "Siz bunu işinizlə, əməlinizlə sübut etmisiniz. Buna heç bir şübhə yoxdur". YAP-ın Sədr müavini ölkədə inkişaf edən yaxşı nə varsa, hamısının gənclər üçün olduğunu vurğulayıb: "Çünki bu millətin gələcəyi sizsiniz. Gənclər onlar üçün həyata keçirilən işlərdə yaxından iştirak edirlər. O gələcək ki, onlardan ötrü yaradılır, onlar da bu işlərdə yaxından iştirak etməlidirlər". Ə.Əhmədov YAP Gənclər Birliyinin gənclərinə güvəndiyini, onların vətən sevgisinə inandığını bildirib. "Yeni seçiləcək idarə heyətinə seçilməyə sizin hər birinizin haqqı var. İnanıram ki, 4-cü konfransda daha böyük uğurlardan, parlamış gənc siyasətçilərdən danışa biləcəyik. YAP elə bir siyasi meydandır ki, layiqli Azərbaycan gəncləri özlərini orda kifayət qədər göstərə biliblər və göstərə biləcəklər. Sizin xəyallarınız bu partiya vasitəsi ilə reallaşacaq", -deyə o, əlavə edib.
Konfransda daha sonra təşkilati məsələlər müzakirə edildi. YAP Gənclər Birliyinin 58 nəfərdən ibarət Şurası və 17 nəfər tərkibdə İdarə heyəti seçildi.
Azərbaycan İqtisad Universitetinin prorektoru Seymur Orucov YAP Gənclər Birliyinin sədri seçildi. Azərbaycan Texniki Universitetinin Həmkarlar təşkilatının sədri Samirə Quliyeva, YAP Mərkəzi Aparatının referenti Aytac Əliyeva, "İRON" MMC-nin direktoru Emil Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ramil Məmmədov, Azərbaycan Dillər Universitetinin magistri Aygün Allahverdiyeva YAP GB-nın sədr müavinləri seçildi.

Digər xəbərlər