“Xaricdə təhsil alan gənclərimizin aldığı diplomlardan Azərbaycanda səmərəli şəkildə istifadə edilməməsi dözülməz hal olardı"
"Dövlətin böyük xərc hesabına xarici ölkələrdə təhsil almağa göndərdiyi və böyük zəhmət nəticəsində təhsil alan gənclərimizin yerləşdirilməsinə, işlə təmin olunmasına, onların biliyindən, savadından Azərbaycanın inkişafı üçün istifadə edilməsinə diqqətin artırılımasına böyük ehtiyac var".
Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan təhsili həm xarici, həm də ölkədaxili inkişaf mərhələsini yaşayır: "Azərbaycanlı gənclərin dünyanın ayrı-ayrı ölkələrində təhsil alması üçün xüsusi dövlət proqramının yaradılması, bu məsələyə Prezidentin xüsusi diqqət yetirməsi azərbacanlı gənclərin dünyanın ən hörmətli, yüksək təhsil vermək qabiliyyətinə malik olan universitetlərində oxuyub biliklərə yiyələnməsinə imkan yaradıb. Mən belə hesab edirəm ki, dözülməz hal olar ki, dövlətin böyük vəsaitləri hesabına və gənclərimizin vaxtını sərf edərək biliklər öyrənərək aldığı diplomlardan Azərbaycanda səmərəli şəkildə istifadə edilməsin".
Əli Əhmədov deyir ki, xaricdə təhsil alan tələbələrin işlə təmin olunması onların xaricdə qazandıqları təhsilin və biliklərin istifadəsinə gətirib çıxaracaq: "Hər bir Azərbaycan vətəndaşı uşaqlarımızın dünyəvilik prinsipləri əsasında təhsil almasına töhfələr verməsinə çalışmalıdır. Bu hamımızın işidir. Hər bir vətəndaşın işidir. Təhsil islahatları uğurla həyata keçirilir və bir neçə ildən sonra sözün həqiqi mənasında Azərbaycan məktəblərində təhsilin keyfiyyəti yüksələcək və orta və ali təhsil məktəbləri daha gözəl təhsil verəcəklər. Eyni zamanda xaricdə və ölkədaxilində təhsil alan gənclərimiz Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcəklər".