PDF Oxu

Əsas

  • 22

Almaniyada Türk-Azərbaycan Birliyi yaradılıb

Almaniyada Türk-Azərbaycan Birliyi yaradılıb
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Türk-Azərbaycan Birliyinin təsis yığıncağı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata istinadən, toplantıda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin işçiləri, DİDK-nin əməkdaşı Elnur Əliyev, Bundestaqın sabiq üzvü Haqqı Kəskin, Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti Bahəttin Kaya, türk və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
AAKM-in icraçı direktoru, xanım Samira Patser-İsmailova Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən, Berlindəki türk icmaları ilə birgə keçirilmiş tədbirlərin əhəmiyyətindən danışıb. O, bu tədbirlərin Almaniyadakı Azərbaycan diasporu və türk icması arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Yeni yaradılan TAB-ın təkcə türk və Azərbaycan diaspor təşkilatları ilə deyil digər dost xalqların icmaları arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni bəhrələr verəcəyinə ümid etdiyini bildirib.
Səfir P.Şahbazov Birliyin yaradılmasını tarixi hadisə kimi qiymətləndirib. O, Ulu Öndər Heydər Əliyevin "Bir millət-iki dövlət" kəlamını xatırladaraq, yeni yaradılmış təşkilatın diasporun təşkilatlanmasına və tarixən mövcud olan dostluğun yenidən çiçəklənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib. TAB Almaniyada Azərbaycan haqqında informasiya bolluğu yaratmalı, əlaqələndirmə işlərinə ciddi fikir verməlidir. Bunun üçün də birlik yüksək səviyyədə təşkilatlanmalıdır.
Türkiyənin Almaniyadakı konsulunun müavini, xanım İşıl Cemali Doğan yeni yaradılan birliyin üzərinə düşən vəzifələrdən danışıb. Onun fikrincə, Almaniyada, eləcə də, Berlində yaşayan 230 minlik türk icması və 120 minlik Azərbaycan diasporu birliyə bu yolda köməyini əsirgəməyəcəkdir.
Sonra DİDK-nin əməkdaşı Elnur Əliyev birliyin işinə uğurlar arzulayıb.
TAB-ın yaradılmasının təşəbbüskarı Haqqı Kəskin bildirib ki, yeni təşkilat Ermənistan-Azərbaycan problemini Almaniya ictimaiyyətinə tanıtmaq kimi mühüm bir vəzifəni qarşısına məqsəd qoyub. Birlik Azərbaycan və türk xalqlarının daha da yaxınlaşması, dostluğunun möhkəmlənməsi yolunda yeni və mühüm addımlar atacaqdır.
Çıxışlardan sonra birliyin nizamnaməsi təsdiqlənib, sədri və idarə heyəti seçilib.

Digər xəbərlər