"Neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salır"
Dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. İclasda Prezident Administrasiyasının məsul əməkdaşları, mərkəzi icra hakimiyyəti, hüquq mühafizə və digər dövlət orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, Bakı şəhəri və paytaxt rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.
AzərTAc-ın məlumatına görə, komissiyanın sədri Ramiz Mehdiyev məruzə ilə çıxış edib. O, komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin 14 yanvar iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara yönəldib: "Həmin iclasda prezident İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanlarının apardığı əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib". Komissiyanın toplantısının İlham Əliyevin xüsusi tapşırığı ilə keçirildiyini bildirən Ramiz Mehdiyev deyib: "Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır".Administrasiya rəhbəri dövlət başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs edib, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Toplantıda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunub. İclasda baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov neqativ halları aradan qaldırmaqla bağlı müvafiq təkliflərlə çıxış ediblər. Aidiyyəti dövlət orqanlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.