PDF Oxu

Əsas

  • 23

Ötən il təhsilə 1, 276 milyard manat vəsait ayrılıb

Ötən il təhsilə 1, 276 milyard manat vəsait ayrılıb

Dünən Təhsil Nazirliyində 2010-cu ilin yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş kollegiya iclası keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, YAP İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri, ali məktəb rektorları və digər təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov ötən il ərzində görülən işlər haqqında geniş məlumat verib: "Ötən il ərzində təhsillə bağlı ölkə Prezidenti tərəfindən 67 Fərman və Sərəncam imzalanıb. Eyni zamanda, ötən 2010-cu il ərzində təhsilə 1, 276 milyard manat vəsait ayrılıb ki, bu da 2009-cu ilin büdcəsinə nisbətən 129 milyon manat, yəni 10 faiz çoxdur. Həmçinin, bir təhsil alana düşən xərc məktəbəqədər təhsil üzrə 816, ali təhsil üzrə 1548, dövlət sifarişli ixtisaslar üzrə isə təqribən 1700 manat həcmində olub. İl  ərzində 4 yeni uşaq bağçası inşa edilib, 6 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunub, 32 müəssisədə cari təmir işləri aparılıb. Təhsil Nazirliyinin sifarişinə əsasən  "Şərq-Qərb" ASC tərəfindən 39 adda  müxtəlif  təlim  vəsaitləri hazırlanaraq ölkənin bütün məktəbəqədər təhsil  müəssisələrinə paylanıb. Ölkə üzrə 5 yaşlı uşaqların sayı 131925 nəfərdir və onlardan 28348  nəfəri, yəni 21,5 faizi məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib, 103577 nəfəri 78,5 faizi məktəbəqədər təhsildən kənarda qalıb. Ölkə üzrə 3532 yaşayış məntəqələrindən 865-də, yəni 25 faizində məktəbəqədər təhsil müəssisəsi var. Məktəbəqədər təhsil müəssisəsi olmayan məntəqələrin sayı isə 2667-dir. Məktəbəqədər yaşlı uşaqların sayı ölkə üzrə 728400 nəfər təşkil edir. Onlardan 107954 nəfəri, yəni 14,8 faizi məktəbəqədər təhsilə cəlb olunub.  Ötən il məktəbəqədər təhsil müəssisəsi öz profilini saxlamaq şərti ilə özəlləşdirilməyə açıq elan edilib. Respublika  üzrə 84, o cümlədən, Bakı şəhərində 48 müəssisə artıq  özəlləşdirilib".
M.Mərdanov onu da söyləyib ki, Azərbaycanın 4522 dövlət ümumtəhsil məktəbində 1321091 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 159461 pedaqoji heyət məşğul olur: "2010-cu ildə 61 yeni məktəb, 11 məktəb üçün əlavə korpus tikilib, 66 rayon üzrə 266 məktəb 27414 parta, 2315 yazı lövhəsi və digər avadanlıqlarla təmin edilib. Bu gün respublika üzrə 262 orta məktəb qəza vəziyyətindədir, 872 məktəbin əsaslı təmirə və bərpaya ehtiyacı var, ümumilikdə isə 66 rayon təhsil şöbəsinin binası yoxdur. Eyni zamanda, respublikada fəaliyyət göstərən peşə məktəblərinin 78-nin əsaslı təmirə ehtiyacı var. Onu da vurğulamaq istərdim ki, bu gün peşə məktəblərində 15 minə yaxın məcburi köçkün məskunlaşıb. 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 288 vakant yerə müəllimlər, 36 direktor işə qəbul olunub. 2010-cu il ərzində ümumilikdə 255 müəssisə, idarə və təşkilatın hər ay üzrə birbaşa  maliyyələşdirilməsi təmin edilib. Təhsil Nazirliyinin  təqdimatları əsasında Respublika Prezidentinin  sərəncamları ilə 2010-cu il ərzində 215 nəfər dövlət təltifi alıb. Bu il yoxlama və buraxılış imtahanlarının 7 bölgə üzrə keçirilməsi nəzərdə tutulub. Bu il, əlavə olaraq, 500 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması və sürətli internetlə təmin edilməsi nəzərdə tutulub".

Bölgələrdə işə
qəbulla bağlı
5 mindən çox
müəllim ərizə verib
 
Nazir bölgələrdəki vakant yerlərə müəllimlərin işə qəbulu zamanı keçid ballarının aşağı salınmasına da münasibət bildirib: "Bölgələrdə vakant yerlər olduğu zaman bu barədə - rayon, kənd və məktəb barədə dəqiq məlumatlar nazirliyə göndərilir və biz də buna uyğun olaraq elan veririk. Elanda iştirak edən müəllimlər topladıqları bala uyğun olaraq müvafiq yerlərdə, öz arzularına görə yerləşdirilirlər. Kimisə zorla hansısa yerə göndərə bilmərik. Həmin müəllimlər üçün keçid balının aşağı salınmasına, hələlik, ehtiyac yoxdur. Çünki hər il qəbul zamanı müəllimlərdən kifayət qədər ərizə toplanır. Ötən il bölgələrdə işə qəbulla bağlı 5 mindən çox müəllim ərizə vermişdi. Onlardan 800 nəfəri seçilərək müxtəlif bölgələrə işləməyə göndərilib. Gələn il üçün də hazırlıq işləri gedir ki, bu prosesə də sentyabr ayından başlanacaq".
M.Mərdanov bələdiyyələrin tərkibində orta məktəblərin yaradılması məsələsinə də münasibət bildirib. O, qeyd edib ki, təhsil haqqında qanunda bu məsələ öz əksini tapıb və əgər bu reallaşarsa, biz yalnız sevinə bilərik.
Tədbirdə çıxış edən YAP-ın Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov söyləyib ki, təhsil Azərbaycanın davamlı inkişafının kökündə dayanan çox əhəmiyyətli amillərdən, resurslardan biridir: "Sevindirici haldır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev təhsilin inkişafına çox mühüm fundamental əsas kimi baxır və bunun sahəsində təhsilin inkişafı Azərbaycanın strateji inkişafının aparıcı istiqamətlərindən birinə çevrilib. Görünür ki, məhz bunun sayəsində son illərdə təhsilin inkişafına göstərilən diqqət və qayğı öz bəhrələrini verir. Təhsil infrastrukturunun yeniləşdirilməsindən tutmuş təhsilin səviyyəsinin gücləndirilməsinə qədər bütün geniş spektorlu sahələrdə diqqətəlayiq nəticələr əldə edilib".
Tədbirdə, həmçinin, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev ötən il təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunduğunu  və bu uğurların bu il davam edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Digər xəbərlər