Akademik Zərifə xanım Əliyeva və müasir oftalmologiya
Azərbaycan səhiyyəsinə yeniliklər gətirən, fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi yaradan Zərifə xanım Əliyeva zəmanəmizə bir örnəkdir. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri daim araşdırılır, xarakterizə edilərək, bu və ya digər cəhətləri diqqətə çəkilir. Zərifə xanımın çoxşaxəli fəaliyyətini əks etdirən faktlar, elmi dəlillər Onun ömür və elmi fəaliyyəti ətrafında bizlərə çox məqamları aydınlaşdırır. Bu günlərdə nəfis şəkildə çapdan çıxan lAkademik Zərifə xanım Əliyeva və müasir oftalmologiya" kitabı da məhz Zərifə xanımın böyük ziyalı, alim, ana kimi keyfiyyətlərini diqqətə çatdırır. Kitabın müəllifi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin professoru, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Kərəm Kərimovdur. Onun irsini araşdıraraq, Zərifə xanımın həyati nailiyyətlərini diqqətə çəkən müəllif oftalmoloq kimi Zərifə xanımın yenilikçi ideyalarını təqdim edir, onun dünyada məşhur olduğunu göstərir. Qeyd edim ki, Kərəm Kərimov dünyanın bir sıra ölkələrinin oftalmoloqları ilə elmi əlaqələrini yaradıb, Nyuport Akademiyasının, Avropa Oftalmoloqlar Assosiasiyasının, Rusiya Refraksiya Cərrahiyyəsi Cəmiyyətinin üzvü, Rusiya Keyfiyyət Problemləri Akademiyasının üzvü seçilmiş, yüksək ixtisaslı cərrah və klinisistdir. Azərbaycan Respublikasının Baş oftalmoloqu K.Kərimov oftalmologiya sahəsində xidmətlərinə görə dövlətin və respublika cəmiyyətinin tərəfindən bir neçə mükafata layiq olmuşdur. Belə ki, Respublika Həmkarlar İttifaqının və Səhiyyə Nazirliyinin Fəxri Fərmanı, Azərbaycan Bayrağı Diplomu, lİti qələm" Respublika Ədəbi Birliyinin Zərifə Əliyeva adına Fəxri Diplomu və s. layiq görülmüşdür. 400 Üə yaxın elmi məqalənin, o cümlədən, 10 monoqrafiyanın və 30 metodik tövsiyənin müəllifidir. Onlarla elmi əsəri xarici ölkələrdə çap olunub. K. Kərimovun elmi işlənmələri tələbələrinin işlərində öz davamını tapmışdır. Onun rəhbərliyi altında 30 namizədlik və 3 doktorluq dissertasiya müvəffəqiyyətlə müdafiə olunub.
Müəllif bu elmi nailiyyətlərinə görə hər zaman müəllimi olan Zərifə xanım Əliyevaya minnətdardır. Kitabın nəfis tərtibatla təqdimi də onun əziz xatirəsinə ithaf olunur. Kitab müəllif tərəfindən 3 dildə Ü Azərbaycan, rus və ingilis dillərində çap olunub.
Kitabda "Onun qəlbinin nuru yeni zirvələr fəth etmək üçün yollarımıza şəfəq saçır" başlıqlı məqaləsində müəllif insan gözünün bədəndə cərəyan edən əksər xəstəliklərdən xəbər verdiyini və tibb aləmində bunun iridologiya adı il mövcudluğunu göstərir. Bu elmə vaxtilə ciddi yanaşılmamış və nəhayət ki, yeni araşdırmaların mahiyyətini tapmağa çalışan alim və həkimlərin yetişdiyini göstərən müəllif onlardan birinin məhz Azərbaycan Elmlər Akademiyasının akademiki Rusiya Tibb Elmləri Akademiyasənın akademiki M.İ. Averbax adına mükafatın laureatı Zərifə xanım Əliyevanın olduğunu qeyd edir. Belə ki, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olur, bu sahəyə dair iki monoqrafiyanı hazırlayır. Məhz elə dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır. "İridodiaqnostikanın əsasları" və "İridodiaqnostika" adlı monoqrafiyaları dərin professionallığı geniş təfəkkürü ilə qələmə alır. Bu xəstəliklərin yaratdığı fəsadlardan insanları qorumaq üçün əzmkarlığına böyük heyranlıqla yanaşıldığını bildirən müəllif Zərifə xanımın ötən əsrin əllinci illərində çox insanları gözün nurundan məhrum edən traxoma xəstəliyinə qarşı məhz onunla mübarizədə könüllü-həkim dəstəsinə qoşulduğunu göstərir. Kitabda Zərifə xanımın zirvədən-zirvəyə yüksəlməsini qələmə alan müəllif Zərifə xanım Əliyevanın alimliyi haqqında kifayət qədər dəlil və faktları ifadə etmişdir. Zərifə xanımın çoxcəhətli fəaliyyət dairəsini işıqlandıraraq, uzun illər fəaliyyətdə olduğu dövrə nəzər salarkən, bu böyük insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsi kimi kitabda öz əksini tapmışdır.
"Onun qəlbinin nuru yeni zirvələr fəth etmək üçün yollarımıza şəfəq saçır" məqaləsində Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərini göstərir. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə həsr etdiyi əsərlərin nəşrinə müvəffəq olur. "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Böyük xidmətlərinə, çoxillik elmi - tədqiqat işlərinə görə, professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini lBilik" Cəmiyyəti İdarə Heyətinin üzvü, "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.
Kitabda yer alan "Dövlət xadiminin qızı", eləcə də, "Xatirələr işığında" adı altında təqdim olunan tibb elmləri doktoru Zərifə Quliyevanın, professorlar Paşa Qəlbinur, Nazim Tağızadə və başqalarının Zərifə xanım Əliyeva haqqında yazdıqları dəyərli fikirlər, Onun böyük alim və oftalmoloq olduğunu bir daha təsdiqləyir.