Prezident yanında Qeyri-Hökumət
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2010-cu ildə maliyyələşdirilmiş layihələrin nəticələri haqqında hesabat xarakterli toplantısı keçirilib. Toplantıda QHT Şurasının sədri, millət vəkili Azay Quliyev giriş sözü ilə çıxış edərək, bildirib ki, qurumun özünün və digər əlaqədar təşkilatlarla birlikdə keçirdiyi müsabiqələrdə, ümumilikdə, 352 layihə maliyyələşdirilib. O, eyni zamanda, qeyd edib ki, ötən il QHT Şurasına, ümumilikdə, 845 layihə təqdim olunub ki, bu da rekord nəticə sayılır. A.Quliyev, həmçinin, ötən il, ümumilikdə, 352 layihəyə 2 milyon 102 min manat vəsait yönəldildiyini də mətbuat nümayəndələrinin və toplantı iştirakçılarının diqqətinə çatdırdı. Ötən il insan hüquqları və demokratiya istiqamətində maliyyələşdirilən layihələrin ümumi sayında da artımın olduğunu diqqətə çatdıran A.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün əhəmiyyətli layihələrin icra olunduğunu və yüksək nəticələr əldə edildiyini söylədi. Bütün bunlarla yanaşı, QHT Şurası tərəfindən Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində görülən işlərin və nəzərdə tutulan məsələlərin təbliği və təşviqi istiqamətində də mühüm layihələrin həyata keçirildiyini vurğulayan A.Quliyev, həmçinin, ətraf mühitlə bağlı layihələrə xüsusi yer verildiyini bildirdi. Şura sədri, həmçinin, regional məsələlərlə bağlı da mühüm layihələrin reallaşdırıldığını və bu sahədə bundan sonra da mühüm addımların atılacağını qeyd etdi. Ötən il bütün sahələrlə yanaşı, təhsil və mədəniyyət təşəbbüsləri ilə bağlı səhiyyə istiqamətindəki, sosial-iqtisadi məslələrə dair layihələrin də gerçəkləşdirildiyini bildirən A.Quliyev, ümumilikdə, ötən il maliyyələşdirilən layihələrdən 1100 nəfərin əmək haqqı aldığını da vurğuladı.
Toplantıda QHT Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov hesabat xarakterli çıxışında QHT-lərin 2010-cu il ərzində reallaşdırdığı layihələrin mahiyyətinə, onların icra keyfiyyətlərinə toxundu. Bildirdi ki, ötən il həyata keçirilən müxtəlif səpkili layihələrin ümumi icrası ilə bağlı müəyyən çatışazlıqlarla bağlı müsbət nəticələr də əldə olunur. F.Qurbanov ötən ilə maliyyələşən layihələri və bundan sonra görüləcək işlər və ümumilikdə, QHT Şurasının qarşısında dayanan prinsipial məqamlarla bağlı da ətraflı məlumat verdi.