Türkiyə-Azərbaycan Dərnəyinin I Konfransı keçirilib
Ankarada Türkiyə Azərbaycan Dərnəyinin I Konfransı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata istinadən, konfrans Azərbaycan və Türkiyənin müstəqilliyi uğrunda şəhid olan qəhrəman övladların əziz xatirəsi yad edilib.
TAD sədri Sinan Oğan tədbiri açaraq konfrans iştirakçılarını salamlayıb və tədbirin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə və Türkiyədəki Azərbaycan türklərinə təşəkkürünü bildirib. Tədbirdə DİDK-nin nümayəndəsi Elnar Məmmədov, Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov və KİV təmsilçiləri iştirak ediblər. Konfransda çıxış edən Elnar Məmmədov DİDK rəhbərliyinin təbrikini çatdırıb və bildirib ki, TAD yarandığı qısa müddət ərzində Türkiyədə diqqətəlayiq fəaliyyət göstərir, önəmli toplantılar keçirir və bu, Azərbaycanda da təqdirlə qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı "Bir millətin iki diasporu olmamalıdır" fikrini bir daha bir daha diqqətə çatdıran DİDK təmsilçisi qeyd edib ki, Avropa və Amerikadakı Türk diasporu ilə qurulacaq əlaqələrə və ortaq fəaliyyətə, xüsusilə, önəm verilməsi vacib şərtdir. E.Məmmədov dərnəyin Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına (TADEF) üzv olmaq barədə qərarının da mühüm bir addım olduğunu bildirib.
ATXEM-in sədri İlham İsmayılov TAD-ın fəaliyyətinin Türkiyədəki Azərbaycan diasporunu daha da gücləndirəcəyini əmin olduğunu deyib. O bildirib ki, ATXEM müxtəlif layihələrdə, xüsusilə də, Azərbaycanın Qarabağ probleminə dair gerçəkliklərin təbliği istiqamətindəki fəaliyyətində TAD-la əməkdaşlıq etməyə hazırdır.
Konfransda Sinan Oğan yenidən Türkiyə-Azərbaycan Dərnəyinin sədri seçilib. Ənvər Türkoğlu dərnəyin sədr müavini, Əyyub Qartalqaya baş katib vəzifəsinə təsdiqlənib. TAD-ın gələcək fəaliyyəti barədə məlumat verən Sinan Oğan ilk olaraq diaspor təşkilatlarının fəaliyyətinə göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, bu il Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyi və digər dərnəklərlə birlikdə geniş tədbirlər keçiriləcək. Həmçinin, bu qətliamın Avropada daha geniş tanıdılması məqsədilə TAD ATXEM-lə birgə Fransanın Strasburq şəhərində tədbir təşkil edəcək. Sinan Oğan əlavə edib ki, bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin 50 şəhərində konfransların keçirilməsi də planlaşdırılır. Bütün bu tədbirlər böyük Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Ulu Öndər Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" kəlamlarına istinad edərək təşkil olunacaq.