Hər il məzunların 60 faizi ali məktəblərə qəbul olmaq üçün sənəd verirlər
Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən mətbuat konfransında həmin materialların "Abituriyent" jurnalının 12-ci sayında çap olunduğunu söylədi.
M.Abbaszadənin sözlərinə görə, hesabatda tələbə qəbulunun müxtəlif parametrlər üzrə göstəriciləri - ixtisaslar üzrə qəbul aparılan yerlərin sayı, sənəd verən gənclərin ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti, imtahanların nəticələri, yüksək nəticəli rayonların və məktəblərin təcrübəsi və s. məsələlər təhlil edilmiş, təklif və tövsiyələr irəli sürülmüşdür: "Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun nəticələrinin təhlili xüsusi bölmədə verilib. Jurnalda, həmçinin, ali məktəblərin magistratura pilləsinə, orta və əsas təhsil bazasından texnikumlara qəbulun nəticələrinə aid təhlili materiallar da dərc olunub".
TQDK sədri 2011/2012-ci tədris ili üçün dövlət sifarişli ixtisasların siyahısının, hələ ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunmadığını söyləyib. O bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə dövlət sifarişli yerlərin siyahısı qısa zamanda komissiyaya verilməli idi, ancaq hələ ki maliyyə, iqtisadi inkişaf və təhsil nazirlikləri mövcud planları təqdim etməyib. M.Abbaszadənin sözlərinə görə, bu, dövlət sifarişli yerlərin komissiyaya nə vaxt təqdim olunması bilinmir: "Ona görə də cari tədris ili üçün hansı ixtisasın dəyişib və ya əlavə olunması ilə bağlı hələ ki dəqiq söz deyə bilməyəcəyəm. Dövlət sifarişli yerlərin planının tutulması bir neçə qurumdan asılıdır, amma bu baş nazir tərəfindən təsdiq olunur".
TQDK sədri onu da vurğulayıb ki, hər il məzunların 60 faizi ali məktəblərə qəbul olmaq üçün sənəd verirlər: "Biz bu rəqəmləri hazırlayanda Təhsil Nazirliyinə müraciət edir və onlar da bizə statistikanı təqdim edir. Biz bu rəqəmləri aprel ayında da Təhsil Nazirliyindən istəyirik. Onlar da bizə deyir ki, neçə nəfər imtahanda iştirak edib və onlardan neçəsi kəsilib. Bu rəqəmləri Təhsil Nazirliyindən alırıq. Ancaq elə məktəblər var ki, onlar Təhsil Nazirliyinin tabeçiliyində deyillər. Həmin məktəblərin məzunları haqqında məlumatları o təhsil müəssisələrinin özlərindən alırıq. Ola bilsin ki, Təhsil Nazirliyi o məktəbləri nəzərə almır. Bu elə də ciddi rəqəmlər deyil".
M.Abbaszadə ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən 5424 abituriyent 500-dən, o cümlədən, 1414 abituriyent 600-dən yuxarı bal topladığını söylədi. TQDK sədrinin sözlərinə görə, yüksək ballılar respublikanın 71 bölgəsini təmsil edib: "Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin, o cümlədən, Ordubad, İsmayıllı və Qax rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 6-8-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olublar. TQDK sədrinin sözlərinə görə, son qəbul imtahanlarında ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edib, 2-ci yer Azərbaycan Dövlət Tibb Universitetinə, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Azərbaycan Dövlət Neft Akademiyasına, 5-ci yer Azərbaycan Turizm İnstitutuna məxsusdur. Ötən illərdə olduğu kimi, son qəbul imtahanında ən yüksək keçid balı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına olub. Həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı Akademiyanın II qrupa daxil olan "Menecment" ixtisasına aiddir. Bu ixtisas üzrə keçid balı Azərbaycan bölməsində 675-ə, rus bölməsində isə 650-yə bərabərdir. Ən aşağı keçid balı Azərbaycan bölməsində Milli Aviasiya Akademiyasının "Ekologiya mühəndisliyi", rus bölməsində isə Gəncə Dövlət Universitetinin "Riyaziyyat və informatika müəllimliyi" ixtisasında olub. Həm Azərbaycan, həm də rus bölməsi üzrə ən aşağı keçid balı 200-dür".
Komissiya sədri onu da qeyd edib ki, TQDK 2010-ci ilin fevral ayından başlayaraq, 2010/2011-ci tədris ili üçün qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri keçirməyi qərara alıb. Onun sözlərinə görə, respublikanın müxtəlif bölgələrində keçiriləcək ənənəvi müşavirələrdə ayrı-ayrı şəhər və rayonlarının orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.