Bəlli olduğu kimi, mətbuat işçiləri üçün tikiləcək binaların yeri artıq KİVDF tərəfindən müəyyənləşdirilib və müvafiq binaların layihələndirilməsinə başlanılıb. Bu, mənzillərin ehtiyacı olan jurnalistlərə hansı meyarlar əsasında paylanması ilə bağlı geniş müzakirələrə yol açılıb. Məsələyə münasibət bildirən mətbuat nümayəndələri KİVDF-nin müraciətini gözlədiklərini və redaksiyadaxili müzakirələr əsasında müvafiq qərar qəbul edəcəklərini vurğulayırlar.
Vüsalə Mahirqızı,
APA-nın baş direktoru:
- Hesab edirəm ki, bu müraciətlər hələ tezdir. Amma bu proses başlayacaqsa, onda biz redaksiya daxilində məsləhətləşib, ümumi şəkildə mənzilə ehtiyacı olan və uzun illər mediada xidməti olan bir necə jurnalistin adını verəcəyik.
Mətbuat Şurasında və KİVDF-də toplaşanların hamısı tanıdığım insanlardır. Bir sözlə, ümid edirəm ki, orada toplaşan insanlar da Azərbaycan mətbuatının durumunu çox yaxşı bilirlər. Yəni, hər bir kəsin xidməti və maddi vəziyyəti də hamının bildiyi formadadır. Ona görə də ümid edirəm ki, aparılan bu bölgü ədalətli qaydada olacaqdır.
Elçin Mirzəbəyli,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:
- Kollektiv müraciət məsələsi gündəmdə yoxdur. Çünki mətbuat bir qurum və hüquqi şəxs olaraq bu prosesdən kənardadır. Hesab edirəm ki, bu, çox doğru bir addımdır. Hər bir jurnalistə fərdi qaydada müraciət etmək üçün imkan yaradılıb. O baxımdan da fərdi qaydada müraciətlər olunacaq. Bir sözlə, redaksiya heyətinin bütün əməkdaşlarına müraciət etmişəm ki, mənzilə ehtiyacı olan jurnalist KİVDF-yə müraciət edə bilər. O baxımdan, tamamilə bu sahədə müstəqil bir yanaşma tərzi var.
Hesab edirəm ki, sözügedən bu məsələ ədalətli qaydada öz həllini tapacaqdır. O ki qaldı maraq məsələsinə, əgər jurnalistlərin maraqları əsas götürülərsə, təbii ki, o zaman hər kəsin marağını təmin etmək mümkün deyil. Burada, ilk növbədə, daha çox mənzilə ehtiyacı olan jurnalistlər, dövlətin mətbuat işçiləri üçün atılan addımından yararlanmalıdılar.
Namiq Əliyev,
"Palitra" qəzetinin baş redaktoru:
- Azərbaycan mətbuatındakı fəaliyyəti ilə tanınmış, öz sözünü demiş, dövlət və xalq qarşısında xeyli xidmətləri olan, ilk növbədə də, həqiqətən, mənzilə ehtiyac duyan jurnalistlərin siyahısını təqdim edəcəyik.
Hələ ki, sözügedən bu prosesin başa çatmasına çox vaxt var. Ona görə də bu barədə indidən yekun rəy vermək tezdir. Son vaxtlar həm Prezident İlham Əliyev tərəfindən, həm də KİVDF tərəfindən müxtəlif tədbirlər və müsabiqələr həyata keçirilib. Fikrimcə, keçirilən bu müsabiqələrdən jurnalistlər narazı deyillər. Ümid edirik ki, paylanılacaq mənzillər ədalət prinsipi çərçivəsində gerçəkləşdiriləcək. İkinci isə Prezidentə "Jurnalistlərin dostu" mükafatı təqdim olunan mərasimdə, "Gülüstan" sarayında mən də iştirak etmişdim. "Gülüstan" sarayında keçirilən tədbirdə Prezident İlham Əliyev mənzillə bağlı məsələyə toxunaraq, xüsusi olaraq vurğulayıb ki, atılan bu addım ilk addım deyil və bunun ardı olacaq. Yəni, bu, o deməkdir ki, Dövlət Başçısı da, mətbuat sahəsində çalışanların gələcəkdə də mənzillə təmin olunmasına çalışacaqdır. İnşallah, gələcəkdə evsiz jurnalistlərin hamısı mənzillə təmin olunacaqdır.