Dünən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin iştirakı ilə 2010-cu il üzrə ölkənin sosial və makroiqtisadi göstəricilərinə dair mətbuat konfransı keçirildi. Komitə sədri bildirdi ki, ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan sürətli inkişaf 2010-cu ildə də davam edib, istehsal və xidmət sahələrində qazanılan uğurlar yüksək artım sürətini təmin edib. Əldə olunan uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir.
Ötən il ərzində ÜDM həcmi 5 faiz artıb
Komitə sədri qeyd etdi ki, ötən il ərzində Azərbaycanda ümumi daxili məhsulun həcmi 5 faiz artaraq 41,6 mlrd. manata çatıb: "ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi isə 3,7 faiz artaraq 4 653,3 manat təşkil edib. ÜDM-nin 52,6 faizi sənaye sahələrində, 5,4 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 7,5 faizi tikinti kompleksində, 7,6 faizi ticarət və pullu xidmət sahələrində, 6 faizi nəqliyyatda, 1,9 faizi rabitədə, 11,9 faizi digər xidmətlər və sosial sahələrdə yaradılıb 7,1 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. Neft sektorunda ümumi daxili məhsul istehsalı 1,8 faiz, qeyri-neft sektorunda isə 7,9 faiz artıb".
A.Vəliyev bütün iqtisadi artımlara baxmayaraq, məlum səbəblərə görə, kənd təsərrüfatı mallarında azalmanın müşahidə olunduğunu vurğuladı. Heyvandarlıq sahəsində isə mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı stabil olaraq qalıb: "Yanvar ayının 1-nə iri buynuzlu mal-qaranın baş sayı 2637,4 min başa, qoyun və keçilərin baş sayı 8463,1 min başa çatıb, iri buynuzlu mal-qara sürüsündə məhsuldar inək və camışların xüsusi çəkisi 48,3 faiz təşkil edib. 2010-cu ildə diri çəkidə 440,0 min ton ət, 1529,2 min ton süd, 1178,6 milyon ədəd yumurta, 15,6 min ton yun istehsal olunub. Ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artıb, yumurta istehsalı 2,5 faiz azalıb. Kənd təsərrüfatının ümumi məhsulu 2,2 faiz, o cümlədən, bitkiçilik məhsulları istehsalı 8,9 faiz azalıb, heyvandarlıq məhsulları istehsalı isə 6,1 faiz artıb. Kənd əməkçiləri 2011-ci ilin məhsulu üçün 1017,8 min hektar sahədə şum qaldırıb, 915,3 min hektar sahədə dən üçün taxıl səpiblər. Dən üçün səpilən sahələrin 660,5 min hektarını buğda, 254,7 min hektarını arpa sahələri təşkil edib. Ötən mövsümlə müqayisədə buğda səpilən sahələr 1,2 min hektar, arpa səpilən sahələr 5,6 min hektar artıb".
Son 7 ildə
yoxsulluğun
səviyyəsi 4,9 dəfə azalıb
Komitə sədrinin sözlərinə görə, ötən ildə informasiya və rabitə müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə 1,2 milyard manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 29,7 faiz çox xidmət göstərilib. Əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin payı 74,3 faiz təşkil edib. İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlirlərin 67,4 faizi mobil telefon rabitəsindən yaranıb və 2009-cu illə müqayisədə bu xidmətlərin həcmi 30,2 faiz artaraq 782,6 milyon manat təşkil edib.
Komitə sədrinin sözlərinə görə, yoxsulluğun azaldılması ilə bağlı ilkin məlumatlara görə, bu, bir il ərzində 1,8 faiz bəndi azalaraq 9,1 faizə enib: "Yoxsulluğun səviyyəsi 2009-cu ildə isə 10,9 faiz təşkil edib. Beləliklə, son 7 ildə yoxsulluğun səviyyəsi 4,9 dəfə azalıb".
2010-cu ildə doğulan körpələrin sayı son 16 ildə ən yüksək göstəricidir
Demoqrafik vəziyyətə gəldikdə isə 2011-ci ilin yanvar ayının 1-nə əhalinin sayı 9 111 min nəfər təşkil edib və 1,3 faiz artıb. Ölkə əhalisinin 49,5 faizini kişilər, 50,5 faizini qadınlar təşkil edir. Əhalinin 23 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 6 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər ölkə əhalisinin 31,4 faizini təşkil edir. Hesablamalara görə ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən, oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaş təşkil edir. 2010-cu il ərzində ölkədə doğulmuş körpələrin sayı son 16 ildə ən yüksək göstəricidir. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,9 faiz, qızların isə - 46,1 faiz təşkil edib. Körpələrin 1 670-i əkiz, 48-i üçəm olub. Ölkənin təhsil sisteminə gəldikdə isə hazırda 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 792-si ali və tam orta təhsilə malikdir. 2010/2011-ci tədris ilinin əvvəlinə ölkənin 4515 dövlət və 17 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6795 uşağın təhsil aldığı 19 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərib. Məktəblərin 84 faizi, o cümlədən, şəhər yerlərində 93 faizi, kənd yerlərində isə 81 faizi kompyuterlərlə təmin olunub. Hazırda hər 33 şagirdə orta hesabla bir kompyuter düşür, halbuki 4 il əvvəl 101 şagirdə bir kompyuter düşürdü.
A.Vəliyev Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayının 140, 2 min nəfər olduğunu deyib: "Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 50 xarici ölkənin 4723 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Çin Xalq Respublikası, Türkmənistan, Gürcüstan və İraq vətəndaşları üstünlük təşkil edirlər. 2010/2011-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2055 nəfər təşkil edir. Xaricdə təhsil alan gənclərin 63 faizi Bakı, 37 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə və Rusiyada təhsil alır".
Azərbaycan idmançılarının uğurlarından danışan komitə sədri bildirib ki, müxtəlif beynəlxalq yarışlardan qazanılmış 675 medalın 206-sı Olimpiya idman növləri üzrə olan medallardır. O da vurğulandı ki, ötən il ərzində Azərbaycanda mövcud avtonəqliyyat vasitələrinin sayı əvvəlki illə müqayisədə 56,7 min ədəd və ya 6,1 faiz artaraq 982,6 min ədəd təşkil edib. Əhalinin hər 1000 nəfərinə düşən avtomobillərin sayı son 5 ildə 1,5 dəfə artaraq 110 ədəd olub. Avtomobillərin 79,4 faizini minik avtomobilləri, 12,1 faizini yük avtomobilləri, 3 faizini avtobuslar, qalan hissəsini isə xüsusi təyinatlı və digər avtomobillər təşkil edib.