Avropa Komissiyasının sədrinə BDU-nun “Fəxri doktoru” diplomu təqdim olunub
Dünən Bakı Dövlət Universitetində Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozuya fəxri doktor diplomu və mantiyanın təqdim olunması mərasimi keçirilib. APA-nın məlumatına görə, "Fəxri doktor" diplomunu və mantiyanı Avropa Komissiyasının prezidentinə BDU rektoru Abel Məhərrəmov təqdim edib. Qeyd edək ki, Bakı Dövlət Universitetinin Ali Elmi Şurasının dünən keçirilən iclasında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozuya universitetin "Fəxri doktor"u adının verilməsi məsələsi müzakirə olunub. Ali Elmi Şurada çıxış edən rektor Abel Məhərrəmov qeyd edib ki, Joze Manuel Barrozu 6 universitetin professoru, iki universitetin fəxri doktoru, 6 monoqrafiyanın və 48 məqalənin müəllifidir. Ali Elmi Şurada çıxış edən Ağalar Abbasbəyli və Rüstəm Məmmədov bildiriblər ki, Joze Manuel Barrozunun elmi fəaliyyətinin əsas sahəsi Avrointeqrasiyadır. Natiqlər Avropa Komissiyasının prezidentini bacarıqlı siyasətçi, alim, dövlət xadimi kimi xarakterizə ediblər. Onun Azərbaycana səfəri, o cümlədən Bakı Dövlət Universitetinə baş çəkməsi yüksək qiymətləndirilib. İclasın sonunda Ali Elmi Şura Joze Manuel Barrozuya Bakı Dövlət Universitetinin "Fəxri doktoru" adının verilməsi barədə qərar qəbul edib.