Müxalifət xalqla işləməyin yolunu tapa bilməyib
Ardıcıl, sarsıdıcı məğlubiyyətlərdən sonra ölkənin siyasi səhnəsində müxtəlif bəhanələrlə qalmağa cəhd edən radikal müxalifət mənsublarının göstərdikləri çabaları öz nəticəsizliyi ilə müşahidə edilməkdədir. Gah bu, gah da digər tipli birlik və qurumlarla ictimaiyyətdə "aktiv fəaliyyət" obrazı canlandırıb, xəstə təxəyyüllərini yaşatmaq istəyən aşırı radikallar, əslində, özləri özlərini aldatmaqla məşğuldurlar.
Əsasən də, öz zəiflikləri bahasına parlamentdən kənar qalmış "qüvvələr" növbəti dəfə pafoslu bəyanatlar geniş-geniş açıqlamalar verərək, "İctimai Palata" adlı qurumun yarandığını elan etdilər. Lakin buna baxmayaraq, hazırda adıçəkilən qurumun yaranması ilə onun tərkibində "cəmləşən"lərin qarşıdurmaları, ziddiyyətləri öz məxrəcindən çıxıb və həmin qurumun təməli çökməyə başlayır. Bu isə məlum prosesin- radikalizmin və siyasi ekstremizmin məntiqi nəticəsidir. Bu və digər məsələlərlə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyasının Sədr müavini, millət vəkili Əli Əhmədov vurğulayıb ki, radikal müxalifətin belə bir təşəbbüsü onlara hər hansı bir uğur gətirməyəcək : "Mənim fikirimcə, bu, sadəcə, bəyan edilib kağız üzərində qalan təşəbbüslərdən o yana getməyəcək. Azərbaycan cəmiyyəti tamam başqa duyğularla, istəklərlə, arzularla yaşayır və bu istək və arzuları da Azərbaycanın bugünkü iqtidarı da həyata keçirir. Azərbaycan iqtidarı, Yeni Azərbaycan Partiyası real olaraq, bu istiqamətdə fəaliyyət göstərir. Müxalifət isə artıq bu reallıqdan kənar düşüb və onun ictimai dayaqları getdikcə, azaldıqca, daraldıqca bu uçurum daha da dərinləşəcək. Artıq bu mənada belə bir təşəbbüsün irəli sürülməsi, onların öz aralarında hər hansı bir forumun, palatanın yaradılması, düşünürəm ki, Azərbaycandakı ictimai-siyasi proseslərə azacıq da olsa təsir göstərmək imkanlarından çox-çox uzaqdadır". (8 yanvar 2011-ci il, "525-ci qəzet").
Bəzi müxalif düşüncəli insanlar, azsaylı müxalifət elektoratı öz zəifliklərini və fəaliyyətsizliklərini sığortalamaq üçün müəyyən bəhanələrlə gah iqtidarı, gah da, bütövlükdə, Azərbaycan xalqını günahlandırırlar. Hətta bir az da irəli gedərək, bu prosesi "avtoritarizmə meyil" kimi qiymətləndirirlər. Lakin bu proqnozun nə qədər reallıqdan kənar və gülünc təsir bağışladığı göz qabağındadır. Daha dəqiq desək, radikal ab-havalı müxalif partiya sədrlərinin siyasət meydanındakı qəti uğursuzluqları, mexaniki olaraq, öz təşkilat idarəçiliklərinə sirayət edir. Yəni ətraflarında qalmış azsaylı partiyadaşlarının yürütdükləri partiyadaxili avtoritarizm və diktatorluq prinsipləri ilə idarə etməyə səy göstərirlər. Bu isə, onların onsuz da itirilmiş nüfuzlarının birdəfəlik dalana söykənməsi ilə nəticələnir.
Millət vəkilinin sözlərinə şərh verərkən, onu da qeyd etməliyik ki, radikal müxalifət hər zaman xalqı özündən, özünü isə xalqdan təcrid edir. Təbii ki, sağlam düşüncəli Azərbaycan xalqı, öz ambisiyaları naminə xalq tendensiyasından sui-istifadə etmək istəyində olan siyasətbazlardan haqlı olaraq imtina etmişdir: "... Birmənalı şəkildə demək istəyirəm ki, Azərbaycanda müxalifətin mövqelərinin zəifləməsinin günahlarını nə Azərbaycan iqtidarında, nə də Yeni Azərbaycan Partiyasında axtarmaq lazımdır. Bu qüvvələrin zəifləməsinə yeganə səbəb onların özlərinin uğursuz taktikalarında və onun nəticəsində, insanlar arasındakı dayaqlarını, nüfuzlarını itirməsindədir. Müxalifət xalqla işləməyin yolunu tapa bilməyib, xalqı düşündürə, onun marağına səbğəb ola biləcək təşəbbüslər irəli sürə bilməyib və odur ki, ictimai dayaqlardan məhrum qalıb. Təbiidir ki, əgər onlar öz mövqelərin i dəyişməsələr, taktikalarında dəyişikliklər, bütünlükdə, baxışlarında dəyişikliklər aparmasalar, bundan sonra da onların bu şəkildə mövqelərinin güclənməsinə ümid bəsləmək düzgün deyil. O ki qaldı bugünkü müxalifətin mövqelərinin zəifləməsinin Azərbaycanın, bütövlükdə, inkişafına təsir məsələsinə, mən bunların arasında birbaşa asılılığın olduğunu düşünmürəm. Belə hesab edirəm ki, onun demokratik inkişafı Azərbaycan dövlətinin seçdiyi yolda aydın şəkildə özünün iradəsini tapıb və demokratik dəyərlər, demokratik normalar, təsisatlar Azərbaycanda yaradılıb, onların təkmilləşdərilməsi istiqamətində də işlər görülməkdədir".
Yeni Azərbaycan Partiyası Sədrinin müavini Ə.Əhmədovun önə sürdüyü digər bir fikri də demokratik dəyərlərini qorunması və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, hər bir demokratik ölkədə həmin ölkənin siyasi arenalarında müxalifətin mövcudluğu lazımi və vacib amil kimi dəyərləndirilir. Ancaq bu, o demək deyil ki, özlərini müxalifətçi adlandıranlar dağıdıcılıq meyarlarına söykənərək, anarxist və ya siyasi ekstremist sistemində formalaşmalıdırlar. Məhz bu nüansa diqqət yönəldən millət vəkili vurğulayıb ki, Azərbaycanda müxalifət mövcuddur, lakin ... "əlbəttə, biz Azərbaycanın müxalifətsiz bir siyasi sistem şəklində fəaliyyət göstərməsi fikrindən uzağıq. Mən belə hesab edirəm ki, Azərbaycan cəmiyyətində müxalifət mövcuddur, zəifləyən, mövqelərini gündən-günə itirən isə, sadəcə, Azərbaycan müxalifətinin radikallıq mövqeyi nümayiş etdirən hissəsinə aiddir. Bu da, onunla bağlıdır ki, Azərbaycan cəmiyyəti, bütövlükdə, radikalizmin, onun ifrat forması olan siyasi ekstremizmi qəbul etmir. Bunu özü üçün fəlsəfi norma və ya siyasi dəyər kimi qəbul etmir, müxalift isə, təbii olaraq, insanlar tərəfindən dəstək almır".
Radikal müxalifətdən fərqli olaraq, ölkədə, onun ictimai-siyasi həyatında normal, utopik xəyallardan kənar, dağıdıcılıq prinsiplərindən uzaq, loyallığı və ya konstruktivliyi ilə seçilən müxalifət partiyaları da mövcuddur. Həmin partiyaların fəaliyyəti istər parlamentdaxili, istərsə də parlamentdən kənar sferada cəmiyyətin, siyasi ictimaiyyətin demokratik normaları, tələbləri ilə üst-üstə düşür. Lakin bütün bunlara baxmayaraq, onların da fəaliyyətində bir sıra dəyişikliklərin baş verməsi zərurəti vardır və bu proses gedir.
Öz açıqlamasında bu amilə də münasibət bildirən Əli Əhmədov son olaraq deyib ki, Azərbaycan müxalifətində, onun daxilində çox ciddi dəyişikliklər getməkdədir və bu, Azərbaycan müxalifətində konstruktivizm meyillərinin güclənməsi ilə bağlıdır: "Azərbaycan cəmiyyəti radikalizmi qəbul etmək istəmir. Buna görə də, düşünürəm ki, konstruktiv mövqedə olan, sözün həqiqi mənasında demokratik dəyərlərə söykənən, Azərbaycanda demokratiyanın inkişafına xidmət etmək istəyən müxalifətin mövqeləri güclənəcək. Bu proses getməkdədir və güman edirəm ki, biz gələcək zamanlarda bunun daha da aydın şəkildə təzahürünü görə biləcəyik".