Hər bir cəmiyyətin güzgüsü onun mətbuatıdır. Cəmiyyətin inkişafında, maariflənməsində, məlumatlandırılmasında, eyni zamanda, əyləncəsinin təmin edilməsində mətbuatın üzərinə böyük vəzifə düşür. Azərbaycanın mətbuat tarixində bu böyük missiyanı əzmlə və şərəflə yerinə yetirən milli dövlətçiliyimizin və müasir dövlətçilik ənənələrimizin qorunub saxlanmasında əvəzsiz xidmətləri olmuş və öz müqəddəs işini indi də yüksək həvəslə davam etdirən "Səs" qəzeti də fəaliyyət göstərdiyi ötən 20 il ərzində qarşısına qoyumuş olduğu vəzifələrin həmişə layiqli formada öhdəsindən gəlib.
"Səs" qəzeti fəaliyyətə başladığı ilk gündən xalqımızın bu günü və gələcəyi naminə öz üzərinə düşən tarixi missiyanı böyük əzmlə yerinə yetirib. 20 illik şərəfli yol keçən Azərbaycan mətbuatının ilk qaranquşlarından olan "Səs" qəzeti Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliğində, Yeni Azərbaycan Partiyasının ideyalarının, dövlət və dövlətçilik ənənələrimizin, milli-mənəvi dəyərlərimizin cəmiyyətimizə aşılanmasında həmişə öncül olmağı bacarıb. Bu baxımdan da, böyük və şərəfli yol keçərək, qarşılaşmış olduğu keçilməz maneələrə baxmayaraq, "Səs" bu gün başlamış olduğu missiyasını əzmlə və yüksək həvəslə daha da inkişaf etdirərək, yerinə yetirir. Çünki bu tarixdən keçən 20 ildə Azərbaycan mətbuatı ilə birgə "Səs" qəzeti də şərəfli bir yol keçib. Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bu qəzet bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Ümummilli Lider Heydər Əliyev ideallarının yaşadılmasına çalışıb.
Qeyd edək ki, "Səs" ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycanda Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. Mətbu orqan fəaliyyətə başladığı dövrdən həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min tirajla dərc olunub. 1992-ci il ölkəmizdə gedən bütün ictimai-siyasi prosesləri tam dolğunluğu ilə əhatə edən qəzetin tirajı 15 mindən yuxarı, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunan qəzet 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. "Səs" qəzetinin ilk baş redaktoru şair Eldar Baxış, baş redaktor müavini yazıçı Səfər Alışarlı olub. 1992-ci ilin martından "Səs" qəzetinə Teyfur Çələbi baş redaktorluq edib və həmin vaxt onun müavini Böyükkişi Heydərli olub. 1992-ci ilin iyulundan isə qəzetə Ağabəy Əsgərov baş redaktorluq edib və onun müavini Səyyad Aran və o, deputat seçildikdən sonra isə Valeh Məhərrəmli olub. 2005-ci ildən etibarən "Səs" qəzetinə Bəhruz Quliyev baş redaktorluq edir və onun müavinləri Valeh Məhərrəmli və Fətulla Həsənovdur. Onu da əlavə edək ki, "Səs" qəzetində 1991-ci ildən etibarən ölkəmizin ictimai-siyasi həyatında tanınan, qəbul olunan şəxslərin - Əli Əhmədovun, Siyavuş Novruzovun, Əli Nağıyevin, Murtuz Ələsgərovun, Ramiz Mehdiyevin, Əli Həsənovun, Ziya Bünyadovun, Fərəməz Maqsudovun, Bəxtiyar Vahabzadənin, Məlik Dadaşovun, Xəlil Rza Uluturkün, Kərim Kərimovun, Səyyad Aranın məqalələri dərc edilib. Həmçinin, "Səs" qəzeti fəaliyyətə başladığı dövrdən Ulu Öndər Heydər Əliyevin ideyalarının carçısı rolunda çıxış edərək, Onun Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə tam dolğunluğu ilə çatdırmağı bacarıb. Bu baxımdan da, "Səs" qəzetinin 1991-1993-cü illərdəki dərc olunan saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və Ümummilli Lider haqqında yazılan məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxuculara təqdim edib.
"Səs" qəzeti fəaliyyətə başladığı dövrdən Ulu Öndər Heydər Əliyevin ideyalarının çarçısı rolunda
çıxış edib
"Səs" qəzeti yuxarıda sadalanan bütün fəaliyyət istiqamətləri ilə yanaşı, Yeni Azərbaycan Partiyasının baza rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu orqanı kimi, fəaliyyətini davam etdirib. Qəzet YAP-ın bəyanatlarını, yığıncaqlarını və keçirmiş olduğu tədbir və toplantılarını öz səhifələrində geniş şəkildə işıqlandırıb. 1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı "Səs" qəzetində dərc olunub. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra "Səs" qəzetini Özü üçün doğma qəzet adlandırıb və qeyd edib ki, "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir. Bütün bunların məntiqi və ardıcıl davamı ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra və Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olması ilə də qəzet ölkənin ictimai həyatında fəal iştirakını davam etdirib. Mətbu orqanda ölkədəki mövcud problemlər və onların həlli yolları haqda müxtəlif ziyalıların, mütəxəssislərin yazıları, müsahibələri dərc olunub. Müstəqil və müasir Azərbaycan dövlətçiliyinin ilk qəzetlərindən biri olan "Səs" qəzeti hazırda da eyni kursu davam etdirir və ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün, mütəmadi olaraq, media layihələri həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, dəyirmi masaları, multimedia diskləri və digər əlavələri buraxılır. "Səs" qəzeti bazar və bazar ertəsi istisna olmaqla, həftənin 5 günü, 5 min tirajla nəşr olunur.
"Səs" qəzetinin şərəfli
tarixi missiyası
"Səs" qəzeti mətbuat vasitəsi kimi fəaliyyətə, 1990-cı illərdən ölkəmizdə baş verən hadisələrin cərəyan etdiyi tarixi situasiyanı əhatə edən çox mürəkkəb bir dövrdə başladı. Həmin dövrlərdə erməni qəsbkarları tərəfindən torpaqlarımız bir-birinin ardınca işğal olunur, kənd və şəhərlərimiz dağıntılara məruz qalırdı. Məhz belə bir çətin tarixi şəraitdə ölkəmizin sərhədyanı rayonlarına, kəndlərinə kömək etmək və insanların yurd-yuvalarını tərk etmələrinin qarşısını almaq üçün Azərbaycanın bir qrup ziyalısı mərhum akademik Fərəməz Maqsudovun rəhbərliyi ilə "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratdılar. Beləliklə də, "Əlincə" AXC tərəfindən görülən işləri, aparılan təbliğatı, ölkədə gedən prosesləri və digər məsələləri geniş ictimaiyyətə çatdırmaq üçün qəzetin nəşr edilməsinin vacibliyi nəzərə alındı. O dövrdə müstəqil qəzet dərc etmək çətin olsa da, milli mənafelər naminə qəzet yaratmaq məqsədəuyğun sayıldı. Belə qərara gəlindi ki, insanların səsini Azərbaycanın hər yerinə, dövlət strukturlarına çatdırmaq üçün nəşrə başlayacaq qəzetin adı "Səs" qoyulsun. Beləliklə, 1991-ci ilin yanvarın 11-də "Səs" qəzeti nəşrə başladı və mətbu orqan o dövrdən etibarən, çox böyük işlər görməyə başladı. Bir məqamı da bildirək ki, "Səs" qəzeti fəaliyyətə başladığı dövrlərdə ölkə regionları arasında Naxçıvan daha çətin durumda idi. Bu bölgənin problemlərini, insanların üzləşdikləri çətinlikləri real şəkildə geniş ictimaiyyətə çatdıran yeganə mətbu orqanı isə "Səs" qəzeti idi. "Səs" qəzeti o zaman Azərbaycanda daha çox oxunan, bir nömrəli qəzet sayılırdı. Bütün insanlar, xüsusilə də, ölkədə gedən ictimai-siyasi, proseslərdən real, düzgün məlumat əldə etmək istəyənlər "Səs" qəzetini oxuyurdular.
"Səs" qəzetinə ən yüksək
qiyməti Ümummilli
Liderimiz Heydər Əliyev verib
Ulu Öndər Heydər Əliyev çıxışlarında, o cümlədən, Yeni Azərbaycan Partiyasının qurultaylarında "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Çünki "Səs" qəzetinin Yeni Azərbaycan Partiyasının formalaşmasında xüsusi rolu olub. Çünki qəzetin fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Başqa sözlə, "Səs" YAP ilə ortaq tarixi inkişaf yolu keçib, həlledici məqamlarla Partiyanın məqsəd və məramlarının geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb. Bir faktı da diqqətə çatdıraq ki, Azərbaycanın müstəqilliyinin ilk illərində bu böyük risk və böyük cəsarət tələb edirdi. YAP-ın yarandığı ilk illərdə "Səs" qəzeti bilavasitə partiyanın mətbu orqanı kimi fəaliyyət göstərib, onun fəal təbliğatı ilə məşğul olub, məram və məqsədlərini ardıcıl, məqsədyönlü, məzmunlu və uğurlu şəkildə təbliğ edib. Məhz bu uğurlu işlərin məntiqi ardıcıllığı kimi, "Səs" qəzeti bu gün də YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında bu qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "Səs" qəzeti öz ardıcıllığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir. Eyni zamanda, "Səs" bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə müdafiə edir. Bu da öz ədalətli mövqeyində dönməz olan "Səs"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin oxucu auditoriyasını bir qədər də genişləndirmiş olur.
"Səs" qəzeti Azərbaycanda
ictimai fikrə öz səsini
çatdırmağı bacarıb
Mətbu orqan elə bir vaxtda nəşrə başlayıb ki, həmin dövrdə Azərbaycan ictimaiyyətində yeni sözə, fikrə böyük ehtiyac vardı. "Səs" qəzeti fəaliyyətilə ictimai ehtiyacı ödəyə bildi. O dövrdə "Səs" qəzeti Azərbaycanın müstəqilliyi, söz azadlığı, mətbuat azadlığı və demokratiya uğrunda mübarizənin ön sırasında gedirdi. O dövrdə qəzetin baş redaktoru olmuş Ağabəy Əsgərovun gördüyü işləri, xüsusilə, qeyd etmək lazımdır. Məhz A.Əsgərovun prinsipiallığı, mübarizliyi o dövrdə hakimiyyətdə olmuş şəxslərin narahatlığına səbəb olub. Dəfələrlə qəzetin redaksiyasına basqınlar edilib, müxbirlərə və qəzetin baş redaktoruna hədələr olunub. Ancaq qəzet öz mövqeyindən dönməyib, Ümummilli Liderimiz Heydər Əliyevin çıxışlarını, ideyalarını təbliğ etməkdə davam edib. Onu da əlavə edək ki, "Səs" qəzetinin birinci nömrəsi işıq üzü gördükdən sonra şəxsən həmin dövrdə ölkəyə rəhbərlik edən Ayaz Mütəllibovun göstərişi ilə fəaliyyəti məhdudlaşdırılıb. Məhz çoxsaylı oxucuların, tanınmış ziyalıların israr və tələblərindən sonra mətbu orqana qarşı məhdudiyyətlər qismən də olsa aradan qaldırılır və qəzetin nəşri bərpa edilib. AXC-Müsavat iqtidarı dövründə "Səs" qəzetinin nəşri bir neçə dəfə dayandırılıb və qəzetə dəfələrlə hücumlar edilib. Amma bütün bu təzyiqlər və təpkilər qəzetin fədakar kollektivini haqq-ədalət yolundan, milli mücadilədən çəkindirməyib.
Qeyd edək ki, dünən "Səs" qəzetinin 20 illik yubileyi ilə əlaqədar olaraq keçiriləcək tədbirlər proqramı çərçivəsində mətbu orqanın redaksiyasında kollektivlə görüş keçirilib. Baş redaktor Bəhruz Quliyev kollektivi yubiley münsibəti ilə təbrik edərək, öz çıxışında qəzetin 20 il ərzində keçdiyi tarixi yoldan, Ulu Öndər Heydər Əliyevin zəngin ideyalarının təbliği, Onun ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin görmüş olduğu uğurlu işlərdən və Azərbaycanımızın işıqlı gələcəyi istiqamətində atılan addımların təbliği işində "Səs" qəzetinin bundan sonra da əzmlə fəaliyyət göstərəcəyindən bəhs edib.