"Səs" qəzeti öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb
Azərbaycanın ən müasir tarixində baş verən hadisələr, son 20 ildə yaşananlar: xalqımızın mübarizəsi, müstəqil dövlət quruculuğu, yüksək mədəni-sosial, iqtisadi inkişaf və beynəlxalq nüfuzunun artması baxımından tarixə qızıl hərflərlə yazılmağa layiqdir. Və bu dövrün müasirləri, bu proseslərin iştirakçıları sözsüz ki, öz ləyaqətli, mübariz fəaliyyətləri ilə tarix yaradıb - yazanlardandırlar.
"Səs" qəzeti də daim inkişaf edən, zamanın, dövrün önündə gedən, özünün bütün intellektual, texniki imkanları ilə xalqımıza, dövlətimizə sədaqətlə xidmət göstərən kollektivi ilə Azərbaycanın son 20 illik tarixinə öz adını yazdırıb, öz möhürünü vurub və Azərbaycan ziyalılarının, vətənpərvər oğulların xalqımızın xilası üçün Ulu Öndərimiz Heydər Əliyevə müraciət edərkən xalqın tribunası kimi məhz "Səs" qəzetinin seçilməsi böyük tarixdə "Səs" qəzetinin yerini və rolunu göstərən mühüm amillərdəndir.
20 il, əslində, kiçik zaman baxımından xeyli müddət olmasa da, "Səs" qəzeti 20 il ərzində tarix baxımından böyük və mühüm bir dövrdə Azərbaycan xalqı qarşısında və müstəqil dövlətimizin inkişafında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş və bu gün də bu prosesdə öz məsuliyyətli fəaliyyətini davam etdirməkdədir. Müasir Azərbaycan tarixinin mühüm dövründə Ulu Öndərimiz Heydər Əliyev ideologiyası və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, yeni tarixin yaradılmasında iştirak etmək fəxarəti nəsib olan "Səs" qəzetinin kollektivini ürəkdən təbrik edirəm, daima müvəffəqiyyət və uğurlarla müşayiət olunan yaradıcılıq illəri arzulayıram.