Radikal müxalifətin yeniləşməsinə ehtiyacı var?
Radikal müxalifət düşərgəsində qarşısıalınmaz prosesə çevrilmiş dağılma, parçalanma və istefalar səngimək bilmir. Daha doğrusu, bu cür hallar qarşısıalınmaz prosesə çevrilib. Bu baxımdan, müxtəlif cür metodlarla siyasi arenada qalmağa cəhd edən radikal düşərgə təmsilçiləri, heç bir halda çıxış yolu tapa bilmirlər. İstər Müsavat, istər AXCP (i), istərsə də digər bu kimi partiyalardakı dağınıqlıq prosesi, deqradasiyaya uğrama bir reallıq kimi əsaslandırılmaqdadır. Bu cür hadisələrə münasibət bildirən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, xüsusən, Müsavat partiyasındakı istefalarla bağlı mətbuata açıqlama verərkən deyib ki: "Həmin partiyada parçalanma və partiyadan uzaqlaşma labüddür. Yaxın vaxtlarda orada 2 nəfərdən başqa heç kim qalmayacaq".
Millət vəkilinin münasibətinə şərh verərəkən, belə bir nəticəyə gəlmək mümkündür ki, Müsavat partiyasının daxilində cərəyan edən hadisələr, bilavasitə, həmin siyasi təşkilatın rəhbərliyi tərəfindən yönəldilən diktatura və avtoritar rejim siyasətidir. Eyni zamanda, uzun illərdir ki, başqanlıq postundan ikiəlli yapışan İsa Qəmbərovun istefaya getməməsi səbəbindən həmin partiyadakı istefaların yaxın gələcəkdə də davam etməsini isbat edir. Bu barədə də açıqlama verən YAP İcra katibinin müavini S.Novruzov vurğulayır ki, Müsavat partiyasındakı istefalar çoxdan baş verməli idi: "Çünki partiya daxilində heç bir islahatlar həyata keçirilmir, yeniliyə imkan verilmir".
Qeyd etmək lazımdır ki, Müsavat daxilində İ.Qəmbərovu dəstəkləyən şəxs yalnız onun müavini Arif Hacıyevdir, onda "Yaxın vaxtlarda orada iki nəfərdən başqa heç kim qalmayacaq" ifadəsinin məhz bu adıçəkilənlərə aid olmasının şahidi olarıq. Çünki ardıcıl olaraq, Müsavat Ali Məclisinin keçmiş sədri Sülhəddin Əkbərin, Divan üzvləri İbrahim İbrahimlinin, Adil Qeybullanın və başqanın keçmiş müavini Qabil Hüseynlinin istefalarının ardınca rayon və şəhər təşkilatlarının da kütləvi istefaları deyilənləri əsaslı şəkildə sübut edir.
Radikal müxalifət düşərgəsində təmsil olunan istənilən siyasi təşkilatın məhvə doğru sürüklənməsi bəzi hallarda həmin təşkilatların sıraviləri tərəfindən belə hiddətlə qarşılanır. Onlar təmsil olunduqları siyasi qurumların bütün rəhbərlik strukturlarının dəyişdirilməsini, partiyalarının siyasi baxışlarının loyallaşdırılmasını tələb edirlər. Lakin yuxarıda qeyd etdiyimiz kimi, rəhbərlik strukturlarının avtoritar üsül-idarəsi onların arzularını puça çıxardır. Buna da münasibət bildirən millət vəkili sonda qeyd edib ki: "İstefa verən insanlar bu proseslərə dözə bilməyib getdilər. Nə vaxta qədər bir neçə nəfərin nazı ilə oynamaq olar?" deməklə, sözügedən prosesin davamlı şəkildə cərəyan edəcəyini proqnozlaşdırıb.
Bu və ya digər hallarda radikal müxalifət partiyalarında dəyişiklik zərurətinin mövcudluğu öz sözünü deməkdədir. Təbii ki, istənilən demokratik ölkədə müxalifətin mövcudluğu vacibdir və bu danılmaz həqiqətdir. Məhz bu səbəbdən də köhnəlmiş radikal müxalifətin köklü surətdə siyasi arenadan silinməsi vacibdir. Qalır sadəcə, bu prosesin reallaşmasına ki, o gün də çox da uzaqda deyil.