Müsavat Partiyasında dağılma və parçalanma qaçılmaz prosesdir
"Müsavat Partiyasındakı istefalar çoxdan baş verməli idi. Çünki partiya daxilində heç bir islahat həyata keçirilmir, yeniliyə imkan verilmir. Bu baxımdan da orada dağılma, parçalanma və partiyadan uzaqlaşma labüddür. Mən hesab edirəm ki, yaxın vaxtlarda orada iki nəfərdən başqa heç kim qalmayacaq", - bunu cümə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Son dövrlər Azərbaycanın müxalif Müsavat Partiyasının dörd funksioneri - Məclis sədri Sülhəddin Əkbər, Divan üzvləri İbrahim İbrahimli, Adil Qeybulla və Qabil Hüseynli partiyadan istefa veriblər. Novruzov bildirib ki, partiyaya yeni gələn gənclərin potensialından istifadə olunmur və bir-iki nəfər partiyanı şəxsi obyektinə çevirib. "İstefa verən insanlar bu proseslərə dözə bilməyib getdilər. Nə vaxta qədər bir neçə nəfərin nazı ilə oynamaq olar?" - Novruzov əlavə edib.