PDF Oxu

Əsas

  • 18

2011-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli ili ola bilər

2011-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli ili ola bilər
Artıq yola saldığımız 2010-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da bir sıra hadisələrlə yadda qaldı. 2010-cu ilin əvvəlindən etibarən münaqişənin həlli istiqamətində aparılan gərgin iş, demək olar ki, il boyu səngimədi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində dövlətimiz və şəxsən ölkə Prezidenti tərəfindən görülən işlər təqdirəlayiqdir. Azərbaycan diplomatiyasının 2010-cu ildə də uğurlarla yadda qalmasının şahidi olduq desək, yanılmarıq. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2010-cu il mərhələsindən danışarkən, ilk növbədə, onu qeyd etmək lazımdır ki, ilin əvvəlində tərəflərə münaqişənin nizamlanmasında çox mühüm bir sənəd sayılan Madrid prinsiplərinin yenilənmiş variantı təqdim olundu ki, 2007-ci ildə qəbul olunmuş və 2009-cu ildə yenilənmiş bu sənədin də üzərində uzunmüddətli müzakirələr aparılmış və hər iki tərəfin mövqeyi nəzərə alınmaqla,  Minsk Qrupu tərəfindən yekun bir sənəd hazırlanıb təqdim olunmuşdu. Əlbəttə, bu sənəddəki məqamların Azərbaycanı qane etdiyini nəzərə alaraq, Azərbaycan tərəfi danışıqların bu sənədin prinsipləri əsasında aparılmasının tərəfdarı olduğunu bildirmişdi. Lakin bu məsələdə də qeyri-konstruktivlik göstərən Ermənistan tərəfi Madrid prinsiplərinə münasibət bildirməkdən müxtəlif bəhanələrlə çəkinmiş və müəyyən vaxt uzatdıqdan sonra, son nəticədə, onu qəbul etmək niyyətində olmadığını bildirmişdi.
Eyni zamanda, 2010-cu ildə Azərbaycan və Ermənistan Prezidentləri arasında bir sıra ikitərəfli və Rusiyanın iştirakı ilə üçtərəfli görüşlər də keçirilmişdir ki, onların da münaqişənin həllində özünəməxsus rolunun olduğunu qeyd etmək lazımdır. Yeri gəlmişkən, Rusiyanın münaqişənin həlli ilə bağlı son zamanlar göstərdiyi aktiv mövqe qeyd olunmalıdır. İstər prezidentlər arasında görüşlərin təşkil olunmasında, istərsə də, onlar arasında razılığın əldə olunmasında Rusiyanın rolu danılmazdır. Məhz Rusiya prezidenti D.Medvedevin təşəbbüsü ilə keçirilən son görüş zamanı iki ölkə arasında böyük narazılığın yaranmasına səbəb olmuş əsir və girovlarla bağlı məsələ öz həllini tapmış və şəhid olmuş azərbaycanlı əsgərlərin meyitləri, eyni zamanda, girov düşmüş soydaşlarımız geri qaytarıldı. Bundan başqa, Rusiya tərəfi prezidentlərlə yanaşı, xarici işlər nazirlərinin görüşünü də təşkil etmişdir. Bütövlükdə, nəzərə alsaq ki, Rusiya həm ATƏT-in Minsk Qrupunun həmsədri kimi çıxış edir, həm də region ölkəsi kimi münaqişənin həllinə daha yaxın ölkə kimi qəbul edilir, onda Rusiyanın bu aktivliyinin hər hansı bir nəticəyə nail olmaqda müsbət əhəmiyyət daşıyacağını demək olar. Bir məqamı da qeyd etmək lazımdır ki, Rusiya Ermənistan rəhbərliyi üzərində də böyük təsir imkanlarına malik ölkədir. Bu baxımdan, onun Ermənistanın işğalçı və qeyri-konstruktiv mövqeyinin dəyişdirilməsində özünəməxsus rol oynaya biləcəyini demək olar.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir məqamı da qeyd etmək lazımdır ki, bu da Türkiyənin mövqeyidir. Ötən illərdə olduğu kimi, bu il də Türkiyə birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyününün təmin olunmasını dəstəklədiyini və Ermənistanın işğal olunmuş torpaqlardan çıxarılmasının zəruriliyini vurğulamışdır. Beynəlxalq arenada da daim Azərbaycana dəstək nümayiş etdirən Türkiyə regionda sülh və sabitliyin təmin olunması üçün münaqişənin tezliklə həllinin vacib olduğunu qeyd edir. Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanması üçün də əsas şərt kimi məhz Dağlıq Qarabağın azad olunması göstərilir.
Bütövlükdə götürdükdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 2010-cu ildə müəyyən işlər görülsə də, konkret nəticənin əldə olunmasına və yaxud hər hansı bir sənədin imzalanmasına nail olunmamışdır. Azərbaycan dövlətinin, xüsusilə də, cənab Prezidentin bu yöndə gördüyü işləri yüksək qiymətləndirmək lazımdır. Beynəlxalq ictimaiyyətin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və erməni işğalının pislənməsi Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir. Qarşıdan gələn 2011-ci ildə münaqişənin həlli ilə bağlı həm vasitəçilər tərəfindən, həm də Ermənistan tərəfindən konsensusun əldə olunması üçün ciddi addımların atılması gözlənilir. Belə olmayacağı təqdirdə, vəziyyətin daha da pisləşəcəyi və tərəflər arasında ziddiyyətin artacağı istisna olunmamalıdır. Azərbaycanın istənilən yolla öz torpaqlarını işğaldan azad etmək niyyətinin olmasının tez-tez nəzərə çatdırılması da diqqət mərkəzində saxlanılmalıdır. Bu səbəbdən Ermənistan tərəfi öz mövqeyini yumşaltmalı və ona təklif olunan şərtlərlə razılaşmalıdır. Belə olmayacağı təqdirdə, onsuz da ağır böhran vəziyyətində olan Ermənistanın daha da acınacaqlı vəziyyətə düşəcəyi şübhəsizdir.
Ötən ilin son günlərində Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlaması da münaqişənin həllinin 2011-ci ildə daha böyük sürətlə həyata keçiriləcəyinə inam yaratmış olur. Belə ki, Ə.Həsənov "Trend"-ə verdiyi açıqlamada "Azərbaycan 2011-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə görə məsuliyyət daşıyan beynəlxalq və regional təşkilatlara təzyiqi artıracaq" - deyə bildirib. O, qeyd edib ki, BMT münaqişənin həlli üzrə indiyə kimi həyata keçirilməyən dörd qətnamə qəbul edib. "Əgər bu təşkilat dünyada ölkələrin ərazi bütövlüyünün qarantıdırsa, Ermənistana müvafiq təzyiq göstərilməlidir. Analoji tələbləri Azərbaycan həm ATƏT, həm də üzv olduğumuz digər beynəlxalq təşkilatlara münasibətdə nümayiş etdirir" - deyən Ə.Həsənov Minsk Qrupunun həmsədrlərinə qarşı da bu təzyiqlərin artırılacağını nəzərə çatdırıb. "Ya onlar beynəlxalq hüquq normalarını pozan tərəfə əsaslı, təsirli təzyiqlər göstərib bu məsələni həll etməlidirlər, ya da Azərbaycan beynəlxalq hüquq normalarına müvafiq olaraq, öz ərazilərini işğaldan azad etmək üçün malik olduğu bütün resurslardan istifadə edib bu məsələni həll edəcək".
Ə.Həsənovun verdiyi açıqlama bir növ rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini əks etdirir və bu mənada, bu açıqlama beynəlxalq təşkilatlara və Ermənistana göndərilən sərt mesaj kimi də qəbul oluna bilər. Güman etmək olar ki, 2011-ci ilin əvvəllərindən başlayaraq, Azərbaycan dövləti məhz bu siyasi xəttə riayət edərək, beynəlxalq təşkilatlar qarşısında öz mövqeyini sərt şəkildə nümayiş etdirəcəkdir. Bunun bir səmərə verməyəcəyi təqdirdə isə, təbii ki, Ə.Həsənovun da dediyi kimi, Azərbaycanın öz təbii hüquqlarını yerinə yetirmək üçün kifayət qədər imkanı var və bu imkanlardan istifadə etmək də onun beynəlxalq norma və prinsiplərə əsaslandırılmış təbii haqqıdır.

Digər xəbərlər