Hər bir demokratik dövlətdə həyata keçirilən mütərəqqi islahatlar mahiyyət etibarilə məhz insanların mənafeyinə xidmət edir. Son illər Azərbaycanda da uğurla gerçəkləşdirilən, beynəlxalq təcrübəyə əsaslanan məhkəmə-hüquq islahatlarının qayəsində vətəndaşların konstitusion hüquq və azadlıqlarının maksimal müdafiəsi məsələsi dayanır.
Bu islahatlar insanpərvərlik, şəxsiyyətə inam və hörmət, vətəndaş taleyinə həssas münasibət, humanizm kimi ümumbəşəri prinsiplərə əsaslanır. Çünki demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşan Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşmışdır. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyuldu.
Ümummilli Liderimiz Heydər Əliyevin yüksək humanizminin, insanpərvərliyinin təcəssümü olaraq Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində atılan ilk prinsipial addımlardan biri kimi 1993-cü ildən ölüm cəzasının tətbiqi üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin fevralında isə bu cəzanın tamamilə ləğvini qeyd etmək lazımdır. Azərbaycan Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilənədək bu hökmü tamamilə ləğv etmiş ilk respublika olmuşdur. Eyni zamanda, 1994-cü ildə əfvetmə institutunun bərpası və Prezident yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır.
Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradıldı, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edildi. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilməklə, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olundu. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq azadlığa buraxıldı.
Bu gün isə Ulu Öndərimiz Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasətin varisliyini bütün sahələrdə layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyev son 7 ildə Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən konsepsiyalarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq respublikamız bütün sahələrdə böyük tərəqqiyə nail olub, dünya birliyində öz yerini möhkəmləndiribdir.
Məhz bu uğurlu siyasətin nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamı ölkə ziyalıları tərəfindən də yüksək dəyərləndirilib.
- Bu gün Ulu Öndərimiz Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək, cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadıb, inkişaf etdirib. Dövlət başçısı bayram və əlamətdar günlərdə imazaladığı növbəti əfv Sərəncamı ilə onların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edib. Onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. 2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentin qəbul etdiyi "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da Ulu Öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının əyani təcəssümü idi. Ulu Öndərin anadan olmasının 84 illiyi münasibətilə qəbul edilən amnistiya qərarı ilə 9 mindən artıq məhkum bağışlanıldı.
- Son illər ərzində imzalanmış əfv fərmanları nəticəsində minlərlə vətəndaşımız azadlığa çıxıb, ailəsinə qovuşub, cəmiyyətə qaytarılıblar. Əfv fərmanı həbsxanaya salınaraq cəzasını çəkən insanların və onların ailələrinin, yaxınlarının və qohumlarının ağrı-acıları, üzləşdikləri problemlərin, sosial müşküllərin böyük qisminə son qoyulması deməkdir. Əfv fərmanı hüquq sistemimiz üçün də mühüm əhəmiyyət daşıyır, çünki qanun pozuntusuna görə cəzalanmış insanı birgə yaşama prinsipləri ilə davranmağa sövq edir, onu cəmiyyətə qaytarır. Ümid edirəm ki, əfv fərmanının şamil olunduğu şəxslər dövlət başçısının bu humanist addımının mahiyyətini anlayacaq, qanunlar çərçivəsində yaşayaraq fəaliyyət göstərəcəklər.
- Əslinə baxsaq, dövlət başçımız indiyədək çoxsaylı əfv fərmanları imzalayıb və bunun nəticəsində minlərlə insan azadlığa çıxaraq ailələrinə qovuşub. Heç şübhəsiz ki, belə fərmanı və belə addımı ancaq təqdir etmək, ona sevinmək olar. Eyni zamanda, son əfv fərmanı Azərbaycanın dövlət başçısının ölkədə qanunların hakim olduğu cəmiyyəti gücləndirmək istiqamətdə atdığı addımlardan biridir.
- Bu fərman, heç şübhəsiz ki, humanist addımdır və həbsdə olan insanların ailələrinə, doğma və yaxınlarına qovuşmasına imkan yaradılması dövlət başçısının bu insanlarla bağlı məhz humanist mövqe tutduğuna dəlalət edir. Əfv prosesinin həyata keçirilməsi qanunları pozmuş və buna görə cəzasını almış vətəndaşın yenidən cəmiyyətə qazandırılması, onun ictimai həyata qaytarılmasıdır. Eyni zamanda, belə fərmanlar cəmiyyətdə müsbət dəyişikliklərə doğru atılan addımlardan biri də sayıla bilər.
İnanırıq ki, əfv olunan vətəndaşlarımız bu humanist aktdan düzgün nəticə çıxaracaq, dövlət və cəmiyyət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetirəcək, qanunlara dönmədən əməl edəcək, Azərbaycanın davamlı və sabit inkişafına öz töhfəsini verəcəklər.