"Azərbaycan 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq təşkilatlara təzyiqi artıracaq"
Azərbaycan 2011-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində məsuliyyət daşıyan beynəlxalq və regional təşkilatlara təzyiqi artırmaq niyyətindədir.
"Azərbaycan 2011-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə görə məsuliyyət daşıyan beynəlxalq və regional təşkilatlara təyziqi artıracaq". Bunu Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O qeyd edib ki, BMT münaqişənin həlli üzrə indiyə kimi həyata keçirilməyən dörd qətnamə qəbul edib: "Əgər bu təşkilat dünyada ölkələrin ərazi bütövlüyünün qarantıdırsa, Ermənistana müvafiq təyziq göstərməlidir". "Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqelərinə sadiqdirlər, lakin bu mövqeyə sadiqlik Azərbaycanın ərazi bütövlüyünün təmininə xidmət etməyib", - deyə Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb. Əli Həsənovun sözlərinə görə, Azərbaycan analoji tələbləri həm ATƏT, həm də üzv olduğumuz digər beynəlxalq təşkilatlara münasibətdə nümayiş etdirir. O bildirib ki, 2011-ci ildə Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təzyiqi artıracaq: "Ya onlar beynəlxalq hüquq normalarını pozan tərəfə əsaslı, təsirli təzyiqlər göstərib bu məsələni həll etməlidirlər, ya da Azərbaycan beynəlxalq hüquq normalarına müvafiq olaraq, öz ərazilərini işğaldan azad etmək üçün malik olduğu bütün resurslardan istifadə edib bu məsələni həll edəcək".