Siyasi partiyaların maliyyələşməsi...
Ölkəmizdə "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul edilib. Lakin həmin qanunun qəbulundan uzun müddət keçməsinə rəğmən bu qanunda heç bir dəyişiklik və əlavələr olunmayıb. Siyasi partiyaların hər hansı qüvvələrdən asılı olmaması, maliyyə şəffaflığının təmin edilməsi, eləcə də, xalq qarşısında hesabların verilməsi üçün sözügedən qanunda düzəliş və əlavələrin edilməsi zərurətdən doğan amildir.
Bu, eləcə də, siyasi təşkilatların demokratik prinsiplərlə idarə olunmasına doğru atılmış mühüm və vacib bir addım olardı. Bir sözlə, hazırkı qanun müddəaları nə zamanın, nə də ki, tərəqqi etmiş demokratiyanın tələblərinə cavab vermir. Həmçinin, Azərbaycanda baş tutmuş sonuncu parlament seçkilərindən sonra yaranmış reallıqları nəzərə alaraq, qanunun yenidən müzakirə olunması bir çox siyasilər tərəfindən vacib hal kimi dəyərləndirilir.
Parlamentin Yeni Azərbaycan Partiyasından olan millət vəkili, partiyanın İcra katibinin müavini Siyavuş Novruzov da mətbuata açıqlamasında bildirib ki, siyasi partiyalarla bağlı yeni qanunun hazırlanmasına və müzakirəyə çıxarılmasına ehtiyac duyulur: "Yeni qanun həm də zamanın tələblərinə cavab verən qanun olmalıdır. Artıq bu sahədə beynəlxalq təcrübələr mövcuddur və həmin təcrübələr öyrənilməkdədir. Yeni Azərbaycan Partiyası 2001-ci ildən bu günə qədər bir neçə dəfə sözügedən qanunu hazırlayaraq, onu Milli Məclisə təqdim edib. Qəbul olunması gözlənilən, təklif olunmuş qanunda siyasi partiyaları maraqlandıran əsas məsələ partiyaların dövlətdən maliyyələşməsi məsələsidir".
Yeni Azərbaycan Partiyasından olan digər millət vəkili Aydın Mirzəzadə də bu təkliflə bağlı öz fikir və mülahizələrini bildirib. Belə ki, siyasi partiyaların 10 ilən bir yenidən qeydiyyatdan keçməsini təklif edən millət vəkili bunun mühümlülüyünü vacib hesab edir: "Azərbaycanda bu gün qeydiyyatdan keçən 51 partiya var. Amma faktiki olaraq, real həyatda onların 10-dan çoxu iştirak etmir. Hər bir siyasi partiya 10 ildən bir yenidən hesabat verərək, qeydiyyatdan keçməlidir. Eyni zamanda, partiya 10 il ərzində seçkilərdə iştirak etməyibsə, mənə elə gəlir ki, bu cür partiyaların mövcudluğuna ehtiyac yoxdur. İkinci təklif isə, partiyaların maliyyə hesabatının şəffaf və cəmiyyət üçün açıq olmasıdır. Azərbaycanda cəmi bir neçə partiya illik maliyə hesabatı verir. Ancaq bəzən parlamentdə təmsil olunan elə partiyalar var ki, onlar da illik hesabatını vermirlər. Bir qayda olaraq, onlar bunu imkansızlıqla əlaqələndirirlər. Bəs böyük qərargahları, xarici səfərləri onlar haradan maliyyələşdirir? Bu, kifayət qədər şübhə doğurur".
Millət vəkilinin başqa bir təklifi isə siyasi partiyaların seçkilərdə qazandığı nailiyyətlərə görə dövlət tərəfindən maliyyələşməsi məsələsidir: "Burada həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərində qazandıqları səs nisbətinə görə, partiyalar növbəti 5 il üçün dövlət tərəfindən maliyyə yardımı ala bilərlər".
Bu mühüm məsələ ilə bağlı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu da öz fikirlərini bölüşdü. O, qanun layihəsinin hazırlanması üçün parlamentdə xüsusi komissiyanın yaradılması təklifini irəli sürüb. O, qeyd edib ki, rəhbərlik etdiyi siyasi təşkilat siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirliməsi istiqamətində təkliflər paketi hazırlayıb və yaxın günlərdə həmin təklifləri parlamentin spikerinə təqdim edəcək.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də həmkarı F.Qəzənfəroğlunun fikrinə dəstək verir. O da siyasi səhnədə fəaliyyət göstərən partiyaların bütün fəaliyyətlərinin şəffaf olmasının vacibliyini vurğulayıb.
Lakin ölkədə radikal müxalifət kimi tanınan bir sıra siyasi təşkilat rəhbərləri partiyalarının fəaliyyətində gizli məqamların açılmasından nədənsə ehtiyat edirlər. Daha dəqiq desək, şəffaflıq və demokratiyadan ən çox danışan radikallar məsələnin bu yerində hər vəchlə fikir yayındırmağa səy göstəririlər. Guya bundan ümidsiz olduqlarını dilə gətirirlər. Onların fikrincə, dövlət siyasi qurumları maliyyələşdirməlidir. Ancaq həmin qurumlar öz şəffaflıqlarını onların təbirincə desək, müəyyən mənada gizlətməlidir.
ADP sədri Sərdar Cəlaloğlu deyir ki, "Yeni şərtlərlə cəmiyyəti yeni səviyyəyə qaldırmaq cəhdləri olacaqsa, biz bunu alqışlayacağıq... Düşünmürəm ki, partiyaların maliyyələşməsinin bizə isti-soyuğu olmayacaqdır. Bizim fəaliyyətimizin şəffaflığı qəbul ediləcək qanundan asılıdır".
"Demokrat" sədrin ümidsiz danışması mövzu ilə bağlı etinasız fikirləri bir daha sübut edir ki, dövlət onlara maliyyə yardımı göstərsə və ya göstərməsə, belə, onların bel bağladıqları gizli donor qüvvələri hər zaman mövcud olmuşdur. Qeyd edək ki, belə bir davranışları AXCP (i) və Müsavat kimi xarici qüvvələrlə gizli iş birliyi quran partiyalardan gözləmək təbii bir haldır.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayevin fikrinə görə də, zaman keçdikcə, hər bir qanuna dəyşiklik etmək ehtiyacı yaranır. Ona görə də, "KXCP" yeni bir qanunun hazırlanması və yaxud mövcud qanuna ciddi dəyişikliklər edilməsini dəstəkləyir: "İndiyədək bir neçə partiya belə bir qanun layihəsini hazırlayıb, bizim də müəyyən təkliflərimiz var. Ümid etmək istərdik ki, qanunun müzakirəsi zamanı partiyaların təklifləri nəzərə alınacaq." M.Fəttayevin nəzərincə, qanunla partiyaların maliyyələşməsi probleminin həll edilməsi çox önəmli bir məsələdir: "Ölkəmizdə 50-dən çox partiya var və onlardan 90%-ə qədərini yerlərdə özək təşkilatları yoxdur. Onların Azərbaycan siyasətinə təsir imkanları da həddindən artıq məhduddur. Kriteriyalar müəyyənləşəndə rayon şöbələrinin, özək təşkilatların olması əhatə dairəsi seçkilərdə iştirak, qazanılan səslər, təsir imkanları və s... əsas amil kimi götürülməlidir".
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə deyib ki, Azərbaycanın demokratik inkişafında siyasi partiyaların da rolu mühümdür. Bu mənada, siyasi partiyalar haqqında yeni qanunun qəbuluna ehtiyac var : "Dünyanın demokratik ölkələrindəki praktika onu göstərir ki, partiyalar dövlət tərəfindən maliyyələşmirsə, deməli, bu siyasi partiyalar digər mənbələrdən özlərinə maliyyə dəstəyi almağa can atırlar və bu da dövlətçiliyin maraqlarına zidd ola bilər. Bunun üçün də siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi partiyaların öz fikirlərini və ideologiasını cəmiyyətə, dünyaya yaymaq üçün lazımdır. Həmçinin, partiyaların müvafiq fondları da olmalıdır. Bu təcrübəni Avropanın bir sıra ölkələrində uğur qazandığını deyə bilərik. Nümunə kimi Almaniyanı göstərmək olar. Orada siyasi partiyalar müvafiq dövlət dəstəyi alır, eyni zamanda, siyasi partiyaların fondları da müvafiq dəstək alaraq bu ideoloji səpgidə öz fəaliyyətini həyata keçirmək üçün dövlət dəstəyindən bəhrələnir. Bunun üçün bu təcrübəni biz Azərbaycanda istifadə etməliyik. Çünki Azərbaycan öz siyasi sistemi və çoxpartiyalı sistem əsasında inkişaf etdirilməlidir. Biz əminik ki, siyasi partiyaların rolu cəmiyyətimizin inkişafında və dövlətimizin güclənməyinə xidmət edəcək".
Göründüyü kimi, bəzi fikirlərdə müxtəliflik olsa da, ümumilikdə, müəyyən təkliflər eyni hədəfdə cəmləşir. Bu isə mövcud olan qanunun tez bir zamanda dəyişdirilməsi zəruriliyindən əmələ gələn reallıqdır. Hər halda, irəliləyən zaman və ölkəmizdə demokratiyanın, demokratik cəmiyyətin inkişafı, formalaşması bunu deməyə əsasa verir .
Radikal təxəyyülləri ilə özlərini müxalifətçi sayanların bu mövzuya inanıb-inanmayacaqları isə, əslində, heç bir "qlobal," ya da "anti-qlobal" təsir imkanı yoxdur.