PDF Oxu

Əsas

  • 16

Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi ən düzgün seçimdir

Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi ən düzgün seçimdir

Məlum olduğu kimi, bu il dekabrın 1-dən 20-nə kimi "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. AJMK-nın məlumatına görə, sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə, 93 KİV iştirak edib.
Mükafatın əsasnaməsinə uyğun olaraq gündəlik qəzetlərə, televiziya kanallarına və informasiya agentliklərinə 2, digər KİV-lərə və jurnalist təşkilatlarına 1 anket vərəqi təqdim olunub. Respondentlərdən "2010-cu ilin yekunlarına görə, hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz" sualını cavablandırmaq xahiş olunub. Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edib.
Həmçinin, o da qeyd olunub ki, "RUH" AJMK-nın "Jurnalistlərin dostu" mükafatının təsis edilməsində əsas məqsəd cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-lərə qayğı ənənələrini stimullaşdırmaqdır. Xatırladaq ki, 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevə təqdim olunub.
Bizimlə söhbətlərində qəzet redaktorları və jurnalist təşkilatlarının rəhbərləri ölkə başçısının "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini Prezidentin mətbuata göstərdiyi diqqətin nəticəsi kimi dəyərləndirirlər.

Müşfiq Ələsgərli,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri:

- Əvvəla, onu qeyd etmək istərdim ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, bütün sahələrdə olduğu kimi, Azərbaycan mətbuatının inkişafı tarixində də yeni mərhələnin əsası qoyuldu. Demokratik prinsipləri dünənimizin, bugünümüzün və sabahımızın əsası kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev sivil cəmiyyətin mövcudluğunun əsas amillərindən biri kimi söz və mətbuat azadlığının inkişafını daim diqqətdə saxlayıb. Azərbaycanın bugünkü uğurlarının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edəndə, Onun mətbuatın inkişafındakı xidmətləri xüsusi olaraq önə çəkilir. Bu gün qürur hissi ilə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir, demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı yüksək səviyyədə təmin olunur. Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyev milli mətbuatın inkişafı sahəsindəki xidmətlərinə görə, 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdü. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı uğurlu addımlar beynəlxalq birlik tərəfindən də təqdir olunur. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" sərəncamı, həmçinin, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi də deyilənlərin bariz nümunələrindəndir. Konsepsiyaya uyğun olaraq ölkə Prezidentinin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. 22 may 2009-cu il tarixli Sərəncama əsasən isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri və sədri təyin edildi. Dövlət Dəstəyi Fondunun yaradılmasının əsas məqsədi azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə mətbuatımızın 135 illik yubileyi ölkəmizdə geniş qeyd olundu. Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında", "Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında", həmçinin, milli mətbuatın inkişafındakı xidmətlərinə görə bir qrup jurnalistin fəxri adlarla təltif olunması haqqında sərəncamları da bu diqqət və qayğının əsas tərkib hissələrindəndir. Ona görə də, jurnalistlər belə bir qərar qəbul etməklə yanılmayıblar.

Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:

- Bu, bir həqiqətdir ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Dövlət başçısı İlham Əliyev "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamında mürəkkəb, lakin şərəfli yol keçmiş mətbuatımızın xalqımızın şanlı tarixinin güzgüsü olduğunu bildirərək, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırıldığını, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırıldığını xüsusi diqqətə çatdırmışdır.
Eyni zamanda, bütün bu nailiyyətlərlə yanaşı, bu gün sözgegdən mükafatın yenidən bərpa olunmasını müsbət hal kimi dəyərləndirirəm. Sorğu zamanı bizim qəzetə də müraciət olundu. Biz isə ölkə Prezidenti İlham Əliyevin mətbuatla bağlı fəaliyyətini nəzərə alaraq məhz Onun "Jurnalistlərin dostu" mükafatına layiq görülməsinə səs verdik. Çox sevindik ki, ölkənin əksər media orqanları da elə bizim kimi düşünüb. Hesab edirik ki, mükafata layiq görülməsi təkcə bu il ərzində deyil, ümumilikdə, hakimiyyətə gəldiyi dövr ərzində Prezidentin mətbuat sahəsində həyata keçirdiyi bu siyasətin jurnalistlər tərəfindən səmimi etirafı və qiymətləndirilməsidir. Xüsusilə, milli mətbuatımızın 135 illiyi ilə bağlı ölkə başçısının bir qrup jurnalistləri dövlət mükafatları ilə təltif etməsi, onların sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi sərəncamı, həqiqətən, jurnalistlərin ürəyindən xəbər verdi. Bu, həm də jurnalistlərin sorğuda səmimi seçim etməsinə stimul verən amillərdəndir.

Aydın Quliyev,
"Bakı-xəbər" qəzetinin baş redaktoru:

- Hər bir dövrün öz tələbləri var. Bu mənada mətbuatın inkişafında əsas faktor olan senzuranın götürülməsi ilə bağlı fikir bildirmək istərdim. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılması, beynəlxalq tələblərə cavab verən "Kütləvi informasiya vasitələri haqqında" Qanunun, digər fərman və sərəncamların imzalanması Ulu Öndər Heydər Əliyevin qətiyyətli, uzaqgörən siyasətinin bariz nümunələridir. Xüsusilə, son illərdə dövlətin mətbuatın inkişafı ilə bağlı atdığı addımlarda ölkə başçısının diqqəti hiss olunmaqdadır. Bu səbəbdəndir ki, jurnalistlər ölkə Prezidenti İlham Əliyevi özlərinə dost seçməklə Onun bu sahəyə diqqətini belə qiymətləndiriblər. Qeyd edim ki, "Jurnalistlərin dostu" mükafatının səsvermə prosesindən xəbərdaram və bu sorğu tam obyektiv, şəffaf keçməklə, prosesə uyğun nəticə əldə olunubdur. Düşünürəm ki, elə belə də olmalı idi. Çünki doğrudan da, "Mətbuatın inkişafı üçün nə etmək lazımdır" sualına cavab axtarılarkən, Prezidentin verdiyi sərəncamlar göz önünə gəlir. Kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı konsepsiyanın təsdiq olunması, KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, müxtəlif müsabiqələrin keçirilməsi, qəzetlərə birdəfəlik yardımların edilməsi, jurnalistlərin mənzil-şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar, ən əsası bu addımların davamlı olacağı barədə verilən açıqlamalar mətbuat adamlarının ölkə başçısına olan inamını bir daha artırır. Bu mənada, deyə bilərəm ki, dövlətin mətbuatla apardığı siyasət kontekstində sorğunun nəticəsi tamamilə reallığa uyğundur.

İdris Şükürlü,
"Lerik" qəzetinin baş redaktoru, əməkdar jurnalist:

- Bugünün reallıqlarına söykənərək, deyə bilərik ki, Azərbaycan dövlətinin artan imkanları mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə mühüm şərait yaradır. Dövlət başçısı İlham Əliyev ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə KİV-in qarşısında yeni vəzifələrin dayandığını diqqətə çatdırır, mərkəz və əyalət qəzetləri arasında fərqin, demək olar ki, aradan qaldırıldığını vurğulayır. İndi bizim rayon qəzetləri ən yüksək poliqrafik tərtibatla nəşr olunur. Ölkənin sosial-iqtisadi sahədəki uğurlarını, yenilikləri ətraflı işıqlandırır. Mərkəz qəzetləri ilə yanaşı, rayon qəzetlərinin də maraqla oxunması, qaldırdığımız problemlərə diqqət göstərilməsi və reaksiya verilməsi çağdaş jurnalistikanın uğuru sayılır. Zəhmətimizin dövlət səviyyəsində yüksək qiymətləndirilməsindən məmnunuq və buna görə də, Prezident İlham Əliyevə təşəkkür edirik. Qeyd olunanlardan bir daha bu həqiqət təsdiqlənir ki, azad mətbuatın inkişafı dövlətin siyasətində prioritet məsələdir. Ölkə Prezidenti İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi təsadüfi deyil. Bu, ölkə Prezidentinin mediaya göstərdiyi diqqət və qayğısının nəticəsidir.

Digər xəbərlər