Dünən Dövlət Sərhəd Xidmətinin (DSX) 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. Dövlət Sərhəd Xidmətindən "Səs"ə verilən xəbərə görə, müşavirədə qeyd olunub ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2010-cu il dövlət sərhədinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti-quruculuq işləri, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüşə hazırlığının daha yüksək müstəvidə təmin edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olub.
Ali Baş Komandanın qayğısı sərhədçilərdə ruh yüksəkliyi yaradıb
Müşavirədə vurğulanıb ki, bu uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi önəm verməsi nəticəsində mümkün olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin "Yuxarı Zeyxur" sərhəd zastavasında xidmətin təşkili ilə tanış olması və görülmüş işlərə yüksək qiymət verməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Prezidentimiz İlham Əliyevin ən böyük önəm verdiyi sahələrdən biri də dövlət sərhədlərinin etibarlı qorunması ilə bağlıdır. Dövlət başçısı sərhədlərimizdə baş verənləri daim nəzarətdə saxlayır və mütamadi olaraq, həmin sistemə qayğı göstərir. Azərbaycan sərhədçilərinin bugünkü uğurları da məhz bunun nəticəsində mümkün olur və sərhəd qoruyucularımız dövlət rəhbərinin və xalqın etimadını doğrultduqlarını sübut edirlər.
Tutulan sərhəd pozucularının sayı 3,9 faiz artıb
Dövlət sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində 2010-cu ildə dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 11 min 33 nəfər saxlanılıb ki, bunların 369 nəfəri sərhəd pozucusu olub. İl ərzində tutulan sərhəd pozucularının 29,3% (76 halda 108 nəfər) Azərbaycandan müqabil ölkələrə keçərkən, 70,7% (148 halda 261nəfər) müqabil ölkələrdən Azərbaycana gələrkən saxlanılıb.
Sərhəd pozucularının 59,1% Azərbaycan, 10,6% İran, 8,9% Gürcüstan, 4,9% Rusiya, 4,6% Banqladeş, 3,8% Əfqanıstan, 3% Pakistan, 5,1% digər ölkə vətəndaşları olublar. 2010-cu il ərzində tutulan sərhəd pozucularının sayı 2009-cu illə müqayisədə 3,9 faiz artıb.
Hesabat dövründə sərhəd naryadlarına qarşı 9 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilib. Dövlət sərhədinin mühafizəsi zamanı sərhəd naryadları tərəfindən təlimatlara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq edilərkən 3 silahlı sərhəd pozucusu zərərsizləşdirilib.
İl ərzində 929 nəfər axtarışda olan şəxs tutulub. 2010-cu il ərzində 911 halda təqribi məbləği 5 milyon 684 min manat dəyərində qaçaqmal tutulmuş, 235 kq 670,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Ümumi çəkisi 11 ton 51 kq olan 32 min 800 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq, məhv edilib.
Dəniz sərhədlərimizə ciddi nəzarət olunur
Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycan Respublikasına məxsus 38, RF-yə məxsus 7 gəmiyə, Azərbaycan Respublikasına məxsus 206 kiçik həcmli motorlu qayığa baxış keçirilib. Onlardan RF-yə məxsus 3 gəmi, AR-ə məxsus 7 gəmi sərhəd rejimini pozduqlarına görə saxlanılıb.
Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulub, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri- 554645 (beş yüz əlli dörd min altı yüz qırx beş) metr tor və 71340 (yetmiş bir min üç yüz qırx) ədəd qarmaq yığılıb.
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində aparılan tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 9 nəfər şəxs barəsində müvafiq tədbirlər görülüb, qanunsuz miqrasiya ilə məşğul olan 3 qrup, qaçaqmalçılıq, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, o cümlədən, Bakı şəhəri Xətai rayonu ərazisində DSX Akademiyası kompleksinin, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində sərhəd dəstəsi qarnizonunun, hərbi hissələrdə cəmi 158 binadan ibarət xidməti və yaşayış obyektlərinin əsaslı tikintisi başa çatdırılıb.
Sərhəd qoruyucuları mükafatlandırılıb
Hesabat müşavirəsinin sonunda xidməti-döyüş fəaliyyətində ciddi nailiyyətlər əldə etmiş hərbi qulluqçular təltifləndiriliblər.
Son 15 ildə ölkəmizin istər quru, istər dəniz istər də hava sərhədlərinin qorunması, bu sahənin müasir texniki baza və peşəkar mütəxəssislərlə təmin edilməsi istiqamətində çox mühüm işlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, indi Azərbaycan sərhədçiləri ölkə hüdudlarına icazəsiz və qanunsuz yolla obyekt və subyektlərin daxil olmasına imkan vermir.
Dəniz sərhədlərimiz də artıq ən müasir gəmilər, katerlər və radiolokasiya sistemləri və digər texniki vasitələrlə təmin olunub. Bu da Xəzər dənizində Azərbaycan nüfuzunu və dəniz sərhədlərimizdə təhlükəsizliyin qorunmasını təmin edən amillərdəndir.
Dövlət Sərhəd Qoşunları Silahlı Qüvvələrimizin fəxr olunası ən nümunəvi hərbi birləşmələrindən biridir. Cari ilin yekunları sərhədçilərimizin nə qədər peşəkar olduqlarını və vətən və xalq qarşısında nə qədər məsuliyyətlə xidmət etdiklərini bir daha sübut etmiş oldu.