"Yaxşıların yaxşısı" nominasiyasının qalibləri mükafatlandırılıb
Dünən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 2010-cu ilin yekun hesabat konfransını keçirib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AFFA-nın baş katibi Elxan Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri gənclər və idman naziri Azad Rəhimov giriş nitqi ilə açıb. O, 2010-cu ilin həm nazirlik, həm də Baş İdarə üçün uğurlu olduğunu deyib. Nazir bildirib ki, Azərbaycanda gənclər sahəsində geridə qoyduğumuz ildə böyük uğurlar əldə olunub. Onun sözlərinə görə, 100 mindən çox gənc təşkil olunmuş tədbirlərdə iştirak edib. A.Rəhimov vurğulayıb ki, nazirlik 45 gənclər təşkilatının layihəsini maliyyələşdirib. Onun sözlərinə görə, bu işlərə 1 milyon manat maliyyə vəsaiti xərclənib. Daha sonra idman sahəsindən danışan nazir 2010-cu ildə olimpiya və qeyri-olimpiya növləri üzrə 675 medal qazanıldığını, bunun ötən ildən 60 medal çox olduğunu deyib. Daha sonra isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova çıxış edərək Azərbaycanda gənclər siyasəti üzrə görülən uğurlu işlərdən danışıb. Tədbirdə foto-hesabatla yanaşı, il ərzində gənclər və idman sahəsində fərqlənmiş idmançılar, təşkilatlar, federasiyalar və media orqanları "Yaxşıların yaxşısı" nominasiyası üzrə təltif olunub. Media orqanlarından "Səs" İnformasiya Agentliyi dövlət gənclər siyasəti sahəsi üzrə keçirilən tədbirlərin işıqlandırılmasında göstərdiyi xidmətlərə görə mükafatlandırılıb, Agentliyin baş direktoru Bəhruz Quliyev diplomla təltif olunub. Qeyd edək ki, tədbirdə "azpress.az", "olimpiya.az", "lent.az", "day.az", "Azərtac" informasiya agentlikləri, bir neçə telekanal, eyni zamanda "İki sahil" qəzeti də "Yaxşıların yaxşısı" adına layiq görülüb.