PDF Oxu

Əsas

  • 15

2011-ci ildə Dünya Azərbaycanlılarının III qurultayı keçiriləcək

2011-ci ildə Dünya Azərbaycanlılarının III qurultayı keçiriləcək
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən növbəti ənənəvi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ötən dövr ərzində komitənin gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Komitə sədri 2010-cu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini söylədi: "2010-cu il aprelin 4-də Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Qurultayı keçirilmişdir.
 Qurultayda təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatlar dinlənilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. 2010-cu il iyunun 5-də isə Stokholmda 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı keçirilmişdir. Bu qurumu yaratmaqda məqsəd Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini yerli ictimaiyyətə çatdırmaq, Azərbaycan icmaları, cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, onların imkanlarını və güclərini səfərbər etmək, bu qurumların fəaliyyətini koordinasiya etmək, mövcud problemleri birlikdə çözməkdir".
N.İbrahimov il ərzində 20 Yanvar faciəsinin 20-ci ildönümü, Xocalı soyqırımının 18-ci ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İsveç, İsveçrə, Finlandiya, Norveç, Niderland Krallığı, Böyük Britaniya, Belçika, Latviya, Litva, Estoniya, Rusiya Federasiyası, Ukrayna, Belarus, Bolqarıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, ABŞ, Kanada, Yaponiya, Yeni Zelandiya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Cənubi Koreya, Almaniya, Fransa, Çexiya, Macarıstan, Rumıniya və digər ölkələrdə müxtəlif formatlı tədbirlərin təşkil edildiyini bildirdi. Ölkəmizin taleyüklü problemlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində mühüm işlər görən Heydər Əliyev Fondu Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar xarici ölkələrdəki Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və sənədlərlə təmin etmişdir.
Komitə sədri İslam Konfransı Təşkilatının üzvü olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında elan edilmiş "Xocalıya Ədalət" (Justice for Khodjaly) beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində 2010-cu il ərzində dünyanın bir çox ölkələrində etiraz aksiyaları keçirildiyini söylədi. Qeyd etdi ki, həmçinin, keçirilən kampaniya ərəfəsi elmi-praktik konfranslar və digər tədbirlər də həyata keçirilibdir. Bu kampaniyada Azərbaycan diaspor təşkilatları da fəal şəkildə iştirak ediblər: "Bundan başqa, 2010-cu il fevralın 2-də Çexiyanın Lidise icra hakimiyyəti Lidise qəsəbəsində yeni salınan küçələrin birinə Xocalı adı vermək qərarı qəbul etmişdir. Mart ayının 1-də isə Xocalı şəhər icra hakimiyyəti ilə "Lidise Xatirə Kompleksi" arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Fevralın 19-da AAKM tərəfindən internet vasitəsilə Bundestaqa və Almaniya siyasi partiyalarının fraksiyalarına, ictimai qurumlarına, mətbuat və informasiya vasitələrinə, qeyri-dövlət qurumlarına, diaspor təşkilatlarına, mədəniyyət və elm nümayəndələrinə Xocalı faciəsinin həqiqətlərini əks etdirən müraciət məktubu yayımlanmışdır. Aprelin 13-də Almaniyanın ARD telekanalında "Aghet" adlı film yayımlanmışdır. Qeyd edək ki, qondarma "erməni soyqırımı"na həsr olunan bu filmdə ermənilərin bütün dünyaya söylədikləri yalan və uydurmaların gerçək olduğu göstərilməyə cəhd olunur. Bu hadisə ilə əlaqədar Almaniyanın bir sıra şəhərlərində Azərbaycan və türk icmaları tərəfindən etiraz aksiyaları keçirilmişdir".
Komitə sədri 2010-cu ildə İsveç parlamentində qondarma erməni soyqırımının tanınmasına dair qətnamənin qəbulu ilə əlaqədar bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının nümayəndələrini Stokholm şəhərinin mərkəzi meydanında etiraz aksiyası keçirdiyini bildirdi: "Tədbirdə ermənilərin törətdikləri cinayətlər, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, o cümlədən, Xocalı soyqırımının tanınması ilə bağlı şüarlar səsləndirilmişdir".
N.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə türk və yəhudi diasporu arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər hazırladığını söylədi. Komitə sədrinin sözlərinə görə, 2010-cu ilin yanvarında Bakıda I Azərbaycan-Rusiya Humanitar Əməkdaşlıq Forumu keçirilmişdir. Forumun Qeyri-Hökumət Təşkilatları seksiyasının iclası Diasporla İş üzrə Dövlət Komitəsində təşkil olunmuşdur. Toplantıda iki ölkə arasındakı münasibətlərin müasir durumu, Rusiyadakı Azərbaycan diasporunun uğurları və problemləri ilə bağlı geniş müzakirələr aparılmışdır. Fevralın 27-də İstanbulda Türkiyə hökumətinin Xaricdə Yaşayan Türklərlə İş üzrə Baş İdarəsinin yaradılması ilə əlaqədar toplantı keçirilmişdir. 2010-cu ildə İsrailə səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov İsrailin bir sıra rəsmi şəxsləri ilə də görüşmüşdür. 2010-cu ildə İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Türkiyə Cümhuriyyətinin baş bakanlığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu keçirilmişdir. 60 ölkədən türk dünyası və diaspor nümayəndələrinin iştirak etdiyi tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycan millət vəkilləri, alimləri və bir neçə ictimai təşkilatın rəhbəri, həmçinin, fəal diaspor təşkilatlarımızın rəhbərləri qatılmışlar. Forumda qəbul olunmuş yekun Qətnaməyə görə, Azərbaycan, türk, ingilis, özbək, qırğız, türkmən dil və ləhcələrində ortaq internet portalı yaradılması nəzərdə tutulmuşdur.
N.İbrahimov onu da bildirdi ki, xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin qorunub saxlanılması, onların ökəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Diaspor quruculuğunda və Azərbaycan lobbisinin yaradılmasında gənclərin fəal iştirakı daha ciddi nailiyyətlər qazanmağa imkan yaradır. Bu mühüm amili nəzərə almaq və onun real həyatda öz təsdiqini tapmasına stimul yaratmaq məqsədilə ötən dövrdə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir: "Rusiya Azərbaycan Gəncləri Təşkilatı  artıq 3 ildir ki, "Qanın milləti yoxdur" şüarı altında geniş xeyriyyə aksiyası keçirir. Aksiyanın təşəbbüskarı RAGT-nin başçısı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevadır. Xeyriyyə aksiyasından məqsəd onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərməkdir. Rusiya qanunlarına əsasən xeyriyyəçilik məqsədilə verilən qan üçün də pul ödənildiyi üçün əldə olunan vəsait N.Bloxin adına Rusiya Elmi Uşaq Onkologiyası və Gematologiyası Mərkəzinin hesabına köçürülür və xəstə uşaqların müalicəsinə sərf olunur. Qeyd edək ki, RAGT Moskvada mütəşəkkil qanvermə aksiyası keçirən ilk təşkilatdır. Bu aksiya müntəzəm olaraq hər ay keçiriləcək. Moskvada təhsil alan azərbaycanlı tələbələr, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının həkimləri, habelə, Azərbaycan gənclərinin nümayəndələri könüllü qan vermişlər".
Komitə sədri onu da bildirdi ki, 2010-cu il may ayının 22-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının II Konfransı keçirilmişdir: "Konfrans təşkilatın birillik fəaliyyətinə yekun vurmuş, onun inkişaf perspektivlərini müəyyən etmişdir. Təşkilatın sədri Leyla xanım Əliyeva tədbiri giriş sözü ilə açaraq, demişdir ki, real işlər, gerçəkləşdirilmiş ideyalar, əldə edilmiş məqsədlər bunu inamla söyləməyə əsas verir ki, RAGT uğurlu qurumdur. O, qeyd etmişdir ki, təşkilatın bölmələrinin sayı artıq 60-dan çoxdur və regional bölmələr fəallıq baxımmdan mərkəzdən geri qalmır. Konfransın yekun hissəsində RAGT sədri Leyla Əliyevanın hesabatı əsasında hazırlanmış Qətnamə seksiyalarda müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir. Həmçinin, 2010-cu il oktyabrın 16-da Moskvadakı "Bakı" kinoteatrında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının  sədri Leyla Əliyevanın və Ümumrusiya Azərbaycanlıları Konqresinin  rəhbərlərinin Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə, ÜAK xətti ilə Moskvanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələr iştirak etmişlər. 2010-cu ildə RAGT-nin regional bölməsi tərəfındən Udmurtiyanın İjevsk şəhərindəki 66 nömrəli ümumtəhsil məktəbi bazasmda Azərbaycan həftəsonu məktəbi açılmışdır. Bu məktəbdə Azərbaycan dili və Azərbaycan tarixi fənləri tədris edilir".
N.İbrahimov, həmçinin, mətbuat konfransında onu da söylədi ki, 2011-ci ildə Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək. Onun sözlərinə görə, sonuncu dəfə Dünya Azərbaycanlılarının Qurultayı 2006-cı ildə keçirilib. Qurultayın hər beş ildən bir keçirildiyi qeyd edən N. İbrahimov bu tədbirin növbəti dəfə gələn ilin mart ayında baş tutacağını bildirib: "Bu gün dünyanın hər yerində yaşayan azərbaycanlılar aktiv ictimai fəaliyyətlə məşğuldurlar. Biz növbəti qurultaya çox ciddi hazırlaşırıq. İnanıram ki, bu tədbir yüksək səviyyədə keçiriləcək".
N.İbrahimov DAK-ın ayrı-ayrılıqda müxtəlif ölkələrdə qurultaylar keçirməsinə də münasibət bildirdi: "Biz də birliyin tərəfdarıyıq. Lakin hər birimiz yaxşı bilirik ki, bu birlik baş tutmur. Ona görə ki, kimlərinsə münaqişəsi bu birliyi pozur. Bir olub heç bir iş görməməkdənsə, iki olub iş görmək daha yaxşıdır. Bu, bizim işimizə yarayır".
Sonda komitə sədri media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

Digər xəbərlər